Psixoloqdan KİV-ə ÇAĞIRIŞ: “İntihar xəbərlərinə həssas yanaşın”

“Ümumiyyətlə, medianın bu prosesə mənfi təsiri ondan ibarətdir ki, o, intiharı adiləşdirir. Yəni belə geniş işıqlandırma zamanı insanlar buna öyrəşir. Çox zaman və yanlış olaraq intihar çıxış yolu kimi dəyərləndirilir. Hər hansı bir intiharın araşdırılmadan, reytinq xətrinə birbaşa xəbər kimi ötürülməsi problemlərə gətirib çıxarır”.
Bunu Modern.az-a Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov deyib.

Qeyd edək ki, ötən ilin 29 məktəbli və yeniyetmə intihar yolu ilə ömrünə son qoyub. Canına qəsd edənlərin 21 nəfəri qızlardır. 2013-cü ildə 14 nəfərin intihar cəhdi baş tutmayıb. Yenə çoxluq, daha doğrusu 9 nəfər qızların payına düşür.

“Tutaq ki, bir insanın əsəb problemi var və o, intihar edir. Bunun xəbər kimi yayımlanması bu problemlə üz-üzə olan insanlara birbaşa təsir edir. Nəticədə analoji addımlar atılır. Təsadüfi deyil ki, hansı həftədə, ayda intihar xəbərləri mediada daha çox gedir, sosial şəbəkələrdə geniş işıqlandırılır, həmin ay statistikaya baxsanız intiharların sayında artım görəcəksiniz. Niyə?! Səbəb yanlış təqdimatdır”, – deyə E. Rüstəmov bildirib.

“Bu səbəbdən də məsələyə xüsusi diqqət etmək lazımdır. Sadəcə xəbər kimi yox, səbəb göstərilməli, kökündə nələr yatır o izah edilməlidir. Bu məqamları xüsusi nəzarətə götürmək lazımdır. Bu cür mənfi hallar kütləvi şəkildə işıqlandırılmamalıdır. Çünki insanların baş verənlərə yanaşması, psixoloji durumu hamısında eyni deyil. Ola bilər kimsə baş verən hadisədən nəticə çıxarar, başqa biri isə buna çıxış yolu kimi baxar. Bax buna görə, ehtiyatlı olmaq lazımdır”.

E. Rüstəmovun sözlərinə görə, KİV və sosial media intihar hallarına həssas yanaşmalıdır. “İntihara cəhd edənlərin böyük bir əksəriyyəti sonra çox peşman olur. Düşünürəm ki, media bu halları tədqiqat kimi təqdim etsə, baş verən hadisənin çıxış yolu olmaması vurğulansa, intiharların sayı azalacaq”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO