Xuliqanlıqda, hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən azərbaycanlı baş redaktora 15 il həbs cəzası verilməsi barədə prokuror məhkəməyə müraciət edib.
Trend News-un məlumatına görə, çərşənbə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “İdeal” qəzetinin baş redaktoru Nazim Quliyevin cinayət işi üzrə prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror baş redaktora cəzasını ciddi rejimli müəssisədə çəkməklə 15 il azadlıqdan məhrumetmə cəzasının verilməsini məhkəmədən xahiş edib.
Məhkəmə yanvarın 11-də hökm elan edəcək.
Quliyev Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə (182.2), hədə-qorxu ilə tələb etmə zor tətbiq etmə ilə törədildikdə (182.2.3), külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə (182.2.3), xuliqanlıq (221.1), qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.1) maddələri ilə təqsirli bilinib.
Bu iş üzrə 6 nəfər zərərçəkmiş kimi tanınıb.