Prezidentin Sabirlə bağlı sərəncamı necə icra olunur?

2012-ci il may ayının 30-da Azərbaycanın böyük şairi, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyi tamam olur.

Sabir çoxəsrlik Azərbaycan poeziyasının ənənələrini öz yaradıcılığında əks etdirməklə yanaşı, ictimai fikrin formalaşmasında da öz rolunu göstərən söz ustalarından biri olub. “Molla Nəsrəddin” jurnalı ətrafında formalaşmış ədəbi cərəyanın ən parlaq simalarından olan Sabirin yaradıcılığının əsas mövzusu maarifə, elmə çağırışdır.

Prezident İlham Əliyev 1 iyun 2010- cu ildə Mirzə Ələkbər Sabirin 150 illiyinin bir sıra dövlət qurumlarında yüksək səviyyədə qeyd olunması üçün sərəncam imzalamışdı.

Mütəfəkkirin 150 illiyinin tamam olmasına çox az vaxt qalıb. Modern.az saytının əməkdaşı bu sahədə hansı tədbirlərin görüldüyünü öyrənmək üçün Mədəniyyət və Turizm Nazirliyi və Yazıçılar Birliyindən münasibət öyrənib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov Mirzə Ələkbər Sabirin 150 illik yubileyinin keçirilməsi barədə hazırlıqların aparıldığını söylədi.
“Mədəniyyət müəsisələrində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Amma böyük yubiley tədbirləri bu ayın axırında ədibin doğulduğu Şamaxı şəhərində və həmçinin də Bakı şəhərində olacaq. Artıq bu tədbirlər planına uyğun olaraq, dəvətlər göndərilib, xaricdən də bir sıra qonaqlar gələcək“.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu Mirzə Ələkbər Sabirin yubileyinin yüksək səviyyədə keçiriləcəyini söylədi.
“Biz Yazıçılar Birliyində hər zaman bu ədib haqqında ədəbi-bədii tədbirlər keçirmişik. Bu il isə 150 illiyi tamam olur və bununla bağlı həm Yazıçılar Birliyində, həm Mirzə Ələkbər Sabirin heykəli qarşısında, həm də onun doğulduğu Şamaxı şəhərində may ayının 30-da böyük, təmtəraqlı bir tədbirimiz olacaq“.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO