Bu gündən etibarən Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2010-cu il üçün elan etdiyi layihə müsabiqəsinin qalibləri üçün treninqlərə başlayıb. Bu barədə məlumatı AZADİNFORM-a Fonddan veriblər. İki hissədən ibarət treninqlər qalib qurumların layihə rəhbərləri və baş mühasibləri üçün olacaq. Hər bir qrup üçün 3 gün davam edəcək treninqlərdə layihə və maliyyə idarəçiliyi, hesabatların tərtibatı, dövlət orqanları və donorla iş mexanizmləri, Fondun tələblərinə uyğun sənədləşmələrin aparılması qaydaları və digər məsələlər haqqında məlumatlar veriləcək. Qeyd edək ki, bu gün Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov layihə rəhbərləri ilə görüşüb, treninqlərin məqsədi və mahiyyəti barədə məlumat veriblər.