Dünyada dərin iqtisadi və maliyyə böhranı davam edir, xüsusilə Avrasiya məkanında bu böhran daha da ciddi formalar alıbdır. Həm Avropada, həm Asiyada iqtisadi tənəzzül müşahidə olunur.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün keçirilən iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə çıxışında deyib.
Dövlətimizin başçısı qeyd edib ki, bunun müxtəlif obyektiv bə subyektiv səbəbləri var: “Bu səbəbləri əlbəttə ki, təhlilçilər araşdırırlar, araşdıracaqlar. Bu bizim işimiz deyil. Bizim işimiz ondan ibarətdir ki, ölkəmizi, ölkə iqtisadiyyatını maksimum dərəcədə dünyada gedən mənfi proseslərdən qoruyaq. Biz bunu bacarırıq, uğurla bacarırıq, ölkəmizi qoruyuruq, ölkəmizin təhlükəsizliyini, sabitliyini, iqtisadi inkişafını təmin edirik. Əlbəttə ki, Avrasiya məkanında yaşanan siyasi, hərbi və iqtisadi böhranın səbəbləri araşdırılacaq. Ancaq indi təhlil aparmaq üçün kifayət qədər informasiya var və biz görürük ki, bu böhranın əsas səbəbləri sabitliyin pozulmasıdır və bəzi ölkələrin siyasi maraqlarıdır”.
Prezident deyib ki, Yaxın Şərqdə son illər ərzində yüz minlərlə insan həlak olub: “Onlar xarici müdaxilə, qanlı toqquşmalar nəticəsində həlak olublar və bu müharibənin, bu toqquşmanın sonu görünmür. Əksinə, yeni müharibə ocaqları yaranır və günahsız insanlar bundan əziyyət çəkir. Post-sovet məkanında vəziyyət daha da gərginləşir, həm qanlı toqquşmalar, eyni zamanda, siyasi və iqtisadi böhranlar hökm sürür.
Qarşıdurma meyilləri güclənir və postsovet məkanı əlbəttə ki, bizim qonşuluğumuzdur. Burada da biz hamımız yaxşı görürük və ictimaiyyət də bunu bilir. Xarici müdaxilə öz rolunu oynayır və bundan əziyyət çəkən yenə də günahsız insanlardır. İkinci Dünya Müharibəsindən sonra ilk dəfə olaraq Avropa məkanı, daha doğrusu Avropa İttifaqı böyük humanitar fəlakətlə üz-üzədir. Yüz minlərlə qaçqın, hansı ki, yenə də xarici müdaxilə nəticəsində qaçqın vəziyyətinə düşmüş insanlar Avropaya üz tutub və sığınacaq tapmaq, öz canını qurtarmaq üçün hal-hazırda böyük köç müşahidə olunur. Yenə də demək istəyirəm ki, İkinci Dünya Müharibəsindən sonra ilk dəfədir ki, biz bu mənzərə ilə üzləşirik və əlbəttə ki, bu, böyük humanitar fəlakətdir. İlk növbədə bu ağır vəziyyətə düşən insanlar üçün humanitar fəlakətdir. Və onlar bu humanitar fəlakətlə artıq bir neçə ildir ki, üz-üzədir”.
Prezidentin sözlərinə görə, əfsuslar olsun ki, Qərb mediası buna tamamilə biganə və etinasız yanaşır: “Ancaq bu gün ki bu insanların bir hissəsi Avropa qitəsinə üz tütüb, indi bütün Qərb mediası gecə-gündüz bu görüntüləri yayır və sanki insanları bu vəziyyətdə günahlandırır. Bu insanların heç bir günahı yoxdur. Onlar məqsədyönlü siyasətin qurbanlarıdır. Onlar xarici müdaxilənin qurbanlarıdır. Onların başqa yolu yoxdur. Onlar özlərini, öz ailələrini qorumalıdırlar. Ona görə bu gün bu humanitar fəlakət ilk növbədə onların humanitar fəlakətidir”.
Dövlət başçısı çıxışında daha sonra deyib: “O ki qaldı Avropa İttifaqının siyasətinə, Avropa İttifaqının bəyan etdiyi dəyərlərə nə dərəcədə sadiq olduğunu həyat göstərər. Hər şey indi göz qabağındadır. Və biz görürük ki, bu yazıq insanlara işgəncələr verilir, onların ləyaqəti alçaldılır, onlara qarşı sanki geniş bir kampaniya aparılır. Biz bununla barışa bilmərik. Biz hər bir məsələ ilə bağlı öz sözümüzü deyirik. Azərbaycan o ölkələrdəndir ki, bütün beynəlxalq məsələlərlə bağlı öz mövqeyi var və biz heç kimdən çəkinmədən öz mövqeyimizi ifadə edirik. Məhz buna görə də dünyada böyük rəğbət, hörmət qazanmışıq”.
İlham Əliyev qeyd edib ki, Azərbaycanın mövqeyi bütün məsələlərlə bağlı ədalətli mövqedir və ədalətli mövqeyi müdafiə edərək bu siyasətlə, bu işlərlə barışa bilmir: “Bir sözlə, bu gün dünya xəritəsində dəyişikliklər baş verir və istisna edilmir ki, gələcəkdə də bu dəyişikliklər davam etsin. O ki qaldı Azərbaycana, bütün bu mənfi mənzərə fonunda ölkə iqtisadiyyatı inkişaf edir, ölkədə sabitlik möhkəmlənir, bizim beynəlxalq mövqelərimiz daha da güclənir, bizimlə əməkdaşlıq edənlərin sayı gündən-günə artır. Azərbaycan beynəlxalq birliyin dəyərli, böyük hörmətə malik bir üzvüdür, ölkədə proseslər müsbət istiqamətdə gedir, xalq bizim siyasətimizi dəstəkləyir və hətta böhranlı illərdə bizim iqtisadiyyatımız uğurla inkişaf edir”.