“Bu gün regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi apardıq. Mən cənab prezidenti bizim regionda baş verən hadisələrlə bağlı məlumatlandırdım. Qeyd etdim ki, regional təhlükəsizlik üçün əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əfsuslar olsun ki, uzun illərdir bu məsələ öz həllini tapmır. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnamə qəbul edib, əfsuslar olsun ki, Ermənistan buna məhəl qoymur, bu qətnamələri icra etmir və beləliklə işğal davam edir”. Trend-in AzTV-yə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqla birgə mətbuata bəyanatında deyib.
Prezident qeyd edib ki, bu işğal və etnik təmizləmə nəticəsində 1 miyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşüb: “Bizə qarşı etnik təmizləmə siyasəti aparılıb. Ərazimizin 20 faizi hələ də işğal altındadır”.
Dövlət başçısı xatırladıb ki, bir çox beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz ədalətli mövqeyini bildirib: “BMT, onun Təhlükəsizlik Şurası, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı – bütün bu mötəbər təşkilatlar birmənalı olaraq Azərbaycanın haqq işini dəstəkləyərək müvafiq qərar və qətnamələr qəbul ediblər. Bu məsələ və bütün başqa məsələlər beynəlxalq hüquq əsasında öz həllini tapmalıdır. Beynəlxalq hüququn fundamental prinsipi isə ölkələrin ərazi bütövlyüdür. Bu məsələdə beynəlxalq birlik vahid mövqe nümayiş etdirməlidir, burada heç bir ayrı-seçkiliyə yol verilməməlidir və bütün ölkələrin ərazi bütövlüyü eyni yanaşma ilə tənzimlənməlidir”.