Prezident İlham Əliyev Bakının Pişəvəri, Cavadxan, Hüseyn Seyidzadə küçələrində aparılan abadlıq və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Bakının Nəsimi rayonunun ərazisindəki Pişəvəri, Cavadxan, Hüseyn Seyidzadə küçələrində həyata keçirilən abadlıq və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.
Trend-in məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, Pişəvəri, Cavadxan, Hüseyn Seyidzadə küçələrində ümumilikdə 300 min kvadratmetrə yaxın sahəyə asfalt döşənib, yol işarələri ikikomponentli yüksək keyfiyyətli boyalarla rənglənib. Pişəvəri küçəsi iki istiqamətli və dördzolaqlı olmaqla genişləndirilərək əsaslı şəkildə yenidən qurulub. Küçə boyu səkilər tamamilə yenilənib, ən müasir işıqlandırma sistemi quraşdırılıb, yeni yaşıllıq zolaqları salınıb. Heydər məscidinə gedən küçələrin hamısında abadlıq və yenidənqurma işləri həyata keçirilib.
Görülən işlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev Pişəvəri küçəsinin yenidənqurmadan sonra açılışını bildirən lenti kəsib.
Dövlət başçısı Cavadxan və Hüseyn Seyidzadə küçələrində və bu küçələrin kəsişdiyi ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən sonrakı vəziyyətlə də tanış olub.
Bu küçələrə də yeni asfalt örtüyü döşənib, səkilər və buradakı yol ötürücüsü yenidən qurulub, ətraf abadlaşdırılıb, yeni yaşıllıq zolaqları salınıb, müxtəlif ağac və gül kolları əkilib. Əsaslı şəkildə yenidən qurulmuş bu küçələrin hamısında yeraltı kommunikasiyalar və su xətləri dəyişdirilib, yeni işıqlandırma sistemi qurulub.
Bütün bunlar göstərir ki, ölkədə yol-nəqliyyat kompleksinin yenidən qurulması, yeni yolların salınması, mövcud olanların isə əsaslı şəkildə təmir olunması ilə bağlı layihələr uğurla davam etdirilir.
Hazırda ölkədə beynəlxalq və respublika əhəmiyyətli magistral yolların salınması ilə yanaşı, yerli əhəmiyyətli, xüsusən də paytaxtdaxili yolların müasir səviyyədə qurulmasına xüsusi diqqət yetirilir. Bu da təbii ki, Bakıda aparılan genişmiqyaslı abadlıq işlərinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən bu sahədə görülən işlər həm də Bakı şəhərindəki yollarda avtomobillərin rahat hərəkətinin təmin olunmasına və tıxac probleminin aradan qaldırılmasına yönəlib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO