Prezident İlham Əliyev: Bakıda həm tarix, həm mədəniyyət, həm müasirlik bir vəhdət təşkil edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “İnturist” otelinin açılışında iştirak ediblər. Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə otel barədə ətraflı məlumat verildi. Qeyd edildi ki, beşulduzlu bu otel “Absheron Hotel Group”a aiddir. Yeni otel vaxtilə Bakıdakı “İnturist” mehmanxanasının arxitektura üslubunda inşa edilib. Bu mehmanxana nəinki Azərbaycanda, eləcə də keçmiş SSRİ-də çox məşhur idi. 1934-cü ildə istifadəyə verilən keçmiş “İnturist” mehmanxanası fəaliyyət göstərdiyi 70 il ərazində Bakının ən sevilən məkanı olub. Yeni otel köhnə “İnturist” barədə xatirələri yaşatmaqla bərabər, nadir memarlıq quruluşu ilə diqqəti cəlb edir. Beşmərtəbəli binada 150 standart və suit nömrə var. Otaqların hamısı müasirliyi və rahatlığı ilə seçilir. Otelin özəlliyini artıran cəhətlərdən biri də otaqların eyvanlarından Xəzər dənizinə və sahilboyu Bakı bulvarına açılan mənzərədir. Otaqların hamısı sürətli internet, havalandırma və digər zəruri sistemlərlə təchiz olunub.

Oteldə SPA, kitabxana, iclas zalı, restoran da var. Terrasından dənizə gözəl mənzərə açılan restoranda dünya mətbəxinin təamları təqdim ediləcək. Buradakı şərait Bakının keçmiş əfsanəvi “İnturist” mehmanxanasının ab-havasını xatirələrdə canlandırır. Yeni “İnturist” fərqli və nadir mühiti ilə Bakının otel biznesində özünə layiqli yer tutacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində son illər digər sahələrdə olduğu kimi, turizmin, o cümlədən müasir otel sisteminin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilib. Təsadüfi deyil ki, Azərbaycanda yaradılan müasir otel idarəçiliyi və bu sahənin inkişafı ölkəmizdə beynəlxalq səviyyəli bir çox mehmanxana brendlərinin açılması ilə nəticələnib. Son illərdə ölkənin sosial-iqtisadi inkişafı sayəsində yaradılan müasir turizm infrastrukturunda yeni “İnturist” otelinin də xüsusi rolu olacaq. Azərbaycandakı sabitlik, ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, incəsənəti, mətbəxi və ən əsası qonaqpərvərliyimiz dünyada böyük maraqla qarşılanır. Bunu son illərdə ölkəmizə gələn turistlərin sayındakı artım da göstərir. Ölkəyə turistlərin cəlb olunmasında, əlbəttə ki, müasir otellərin yaradılmasının rolu böyükdür. Belə müasir otelin bütün dünyanın diqqət mərkəzində olan “Bakı-2015” ilk Avropa Oyunları ərəfəsində istifadəyə verilməsi bu Oyunlarla bağlı ölkəmizə gələn turistlərin rahatlığını təmin etmək baxımından da müstəsna əhəmiyyətə malikdir. Bu cür infrastruktur layihələrinin icrası Bakının turizm potensialını artırmaqla yanaşı, paytaxtın müasir simasının yaradılması işinə də öz töhfəsini verir.

Otellə tanışlıqdan sonra dövlətimizin başçısı kollektivlə görüşdü.

Mehmanxananın kollektivini salamlayan Prezident İlham Əliyev bildirib: “Bu gün şəhərimizin həyatında çox əlamətdar bir gündür. Yeni gözəl mehmanxana açılır. Bu hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. “İnturist” mehmanxanasının açılışı, doğrudan da tarixi hadisədir. Bildiyiniz kimi, vaxtilə Azərbaycanda, Bakıda “İnturist” mehmanxanası olub. Səksən il bundan əvvəl tikilmişdi. Əfsuslar olsun ki, sonra söküldü və onun yerində indi başqa bina tikilib.

Ancaq “İnturist” mehmanxanası yaşlı nəslin xatirəsində həmişə yaşayırdı. Ona görə, çox şadam ki, belə bir qərar qəbul olundu və bu tarixi ədalət bərpa edildi. Gözəl yer seçilib. Əvvəlki “İnturist” mehmanxanasının yeri də buradan bir o qədər də uzaqda deyil. Amma bu yer də çox gözəldir. Çox gözəl mənzərə açılır. Bir daha demək istəyirəm ki, “İnturist” bundan sonra da yaşayacaqdır. Bu, doğrudan da təqdirəlayiq hadisədir. Biz öz tariximizə çox bağlıyıq, tarixi irsimizə sadiqik və çalışırıq ki, həmişə tarixi ədaləti bərpa edək”.

Dövlət başçısı bildirib ki, bu mehmanxana ən yüksək standartlara cavab verir: “Çox gözəl şərait yaradılıb. Adam burada özünü sanki öz evindəki kimi hiss edir. Xüsusilə burada gözəl ab-hava var. Əminəm ki, yüksək xidmət də göstəriləcək və qonaqlar burada özlərini çox rahat hiss edəcəklər”.

Prezident qeyd edib ki, son vaxtlar Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir. Kadr hazırlığı da lazımi səviyyədədir: “Son illər ərzində Azərbaycanda, xüsusilə Bakıda çoxsaylı otellər tikilmişdir. Bu gün bütün müasir və ən qabaqcıl otellərin brendləri Bakıda vardır. Son 2-3 il ərzində görün nə qədər gözəl otellər tikilib. “Four Seasons”, “Fairmont”, “Mariott”, “Kempinski”, “Jumeirah”, “Hilton”, “Sheraton”, – bunlardan əvvəl “Hyatt” var idi, – indi də “İnturist” oteli. “İnturist” mehmanxanasının da bu otellər sırasında öz yeri var. Əminəm ki, gələcəkdə bu proses davam edəcək. Çünki yaxın gələcəkdə yeni “Ağ şəhər” bulvarında “Bulvar” oteli də açılacaq. Bulvarın uzunluğu artıq 16 kilometrə çatıb. “Ağ şəhər” bulvarı yaxın günlərdə insanların sərəncamına veriləcək. Beləliklə, Bakıya gələn qonaqlar şəhərimizi gəzəcək və bir daha görəcəklər ki, Azərbaycan nə qədər güclü ölkədir, Azərbaycan nə qədər sürətlə inkişaf edir. Bakıya gələn bütün qonaqlar bunu görür və qeyd edirlər”.

İlham Əliyev vurğulayıb ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və mənim üçün ən gözəl şəhərdir: “Çünki Bakıda həm tarix, həm mədəniyyət, həm müasirlik bir vəhdət təşkil edir. Son vaxtlar o qədər ictimai yerlər açılıb ki, indi bu ictimai yerlərdə istirahət edə biləcək insanların sayı bəlkə də milyonlarla ölçülür. Bakı bulvarının dünyada analoqu yoxdur. Uzunluğu 16 kilometr olan bu bulvarda rahat, geniş gəzinti və velosiped zolaqları var. Digər ictimai yerlər də gözəldir. Yəqin, siz də izləyirsiniz, vaxtilə zəbt edilmiş bəzi torpaq sahələrini biz indi gözəl parklara çeviririk. Yəni, ictimai yer insanlar üçündür. Bu gün Bakıda istirahət etmək, rahat dincəlmək üçün kifayət qədər geniş imkanlar var. Bu proses davam etdirilir. Bax bu otellə üzbəüz yerlər vaxtilə sənaye zonası idi və dəniz görünmürdü. Burada gəmi təmiri zavodu, ondan sonra hərbi dəniz qüvvələrinə məxsus zavodlar yerləşirdi. Onların hamısı köçürüldü və bu gözəl yerlər artıq insanların sərəncamına verildi. Eyni mənzərəni biz “Ağ şəhər” bulvarında görürük. Orada da bütün o yerlər ya zəbt edilmişdi, ya da vaxtilə sovet dövründə tikilmiş zövqsüz binalar yerləşirdi. Bu gün o ərazi insanlar üçün açıqdır. Ona görə, Azərbaycana investisiyalar da qoyulur. Bax, budur bugünkü ölkəmiz. Azərbaycana gələn hər bir qonaq bax, bunu qeyd edir.

Dünən Bakıda Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının illik toplantısı keçirildi. Tədbirə minlərlə qonaq gəlmişdi və mənimlə söhbətlər əsnasında onların hamısı Bakı haqqında, Azərbaycan haqqında çox müsbət sözlər dedilər. Dedilər ki, Azərbaycanın bu qədər inkişaf etmiş ölkə olduğunu təsəvvür edə bilmirdilər. Bu, həqiqətən belədir və gələn ay ölkəmizə gələcək Avropa idmançıları da bunu görəcəklər. Mənə verilən məlumata görə, artıq otelin bütün otaqları sifariş edilib və siz qonaqlara yaxşı xidmət göstərəcəksiniz.

Bir daha bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm”.

Sonda xatirə şəkli çəkdirildi.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO