Prezident İlham Əliyev: Azərbaycanın yeni neft strategiyası bu gün ölkəmizin uğurlu inkişafını təmin edir

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 22-ci Beynəlxalq Xəzər Neft və Qaz – Caspian Oil & Gas 2015 və 5-ci Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji – Caspian Power 2015 sərgilərinin açılış mərasimində iştirak edir.
Trend-in məlumatına görə, İlham Əliyev açılış mərasimində çıxış edib. Əvvəlcə dövlət başçısı tədbir iştirakçılarını salamlayıb:
“Əziz qonaqlar, mən sizin hamınızı ürəkdən salamlayıram. Qonaqlara Azərbaycana xoş gəlmişsiniz deyirəm. Bu gün Xəzər Neft-Qaz Sərgisinin açılışı münasibəti ilə Azərbaycan xalqını təbrik etmək istəyirəm. Çünki bu sərginin ölkəmizin həyatında çox böyük rolu vardır. 1-ci sərginin 1994-cü ildə keçirilməsi çox əlamətdar hadisə idi. Çünki o vaxt Azərbaycan çox gənc müstəqil dövlət idi və məhz 1994-cü ildən sonra Azərbaycanda inkişafa doğru ciddi addımlar atılmağa başlamışdı. Müstəqilliyimiz 1991-ci ildə bərpa edilmişdir, ancaq 91-93-cü illərdə vəziyyət çox ağır idi, ölkəmizi böhran bürümüşdü, həm siyasi, həm iqtisadi, hərbi böhran, iqtisadiyyat iflic vəziyyətdə idi və sənaye istehsalında, o cümlədən neft hasilatında tənəzzül müşahidə edilirdi. Ona görə 1994-cü ildə birinci sərginin keçirilməsi Azərbaycanı dünyaya təqdim etdi, tanıtdı”.
Dövlət başçısı sərginin təşkilatçılarına öz minnətdarlığını bildirib: “Mən sərginin təşkilatçılarına öz minnətdarlığımı bildirmək istəyirəm ki, onlar 22 il ərzində bu sərgini təşkil edirlər. Azərbaycanın artan enerji potensialını dünyaya nümayiş etdirirlər və bizimlə bərabər tərəfdaşlıq şəraitində fəal işləyirlər ki, Azərbaycan daha da sürətlə inkişaf etsin. Artıq qeyd edildiyi kimi sərgidə 300-dən çox şirkət iştirak edir. Bu onu göstərir ki, baxmayaraq ki, birinci sərgidən 22 il ötür, sərgiyə maraq azalmır və beləliklə Azərbaycan dünyaya öz imkanlarını təqdim etməyə davam edir. 1994-cü ildə birinci sərginin keçirilməsindən sonra Azərbaycanın yeni neft strategiyası formalaşdırılmışdır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə irəli sürülmüş Azərbaycanın yeni neft strategiyası bu gün ölkəmizin uğurlu inkişafını təmin edir”.
İlham Əliyev vurğulayıb ki, 1994-cü ilin sentyabr ayında tarixi müqavilə, “Əsrin Kontraktı” imzalanıb və bu, ölkəmizə böyük həcmdə xarici sərmayənin qoyuluşuna gətirib çıxarıb: “Əgər 1994-cü ildə o tarixi addım atılmasaydı, ölkəmizin inkişafını təsəvvür etmək çox çətin olardı. O illərdə xarici investorlar bizə inandılar, baxmayaraq ki, Azərbaycan o vaxt çox riskli bir ölkə kimi tanınırdı. Xarici sərmayələrin qoyuluşu, investorlara çox yaxşı şəraitin yaradılması, eyni zamanda bütün imzalanmış kontraktlarda Azərbaycanın milli maraqlarının qorunması uğurlu əməkdaşlığımızın əsas şərti idi. Həm investorların, həm dövlətin, Azərbaycan xalqının maraqları üst-üstə gəlirdi və məhz bu gözəl əməkdaşlıq ruhu bu gün Azərbaycanın uğurlu inkişafını təmin edir. Nəinki neft-qaz sektorunda, bütün başqa sahələrdə. Deyə bilərəm ki, neft-qaz sahəsində xarici tərəfdaşlarla əldə etdiyimiz təcrübə bizə imkan verir ki, başqa sahələrdə də investisiyaları cəlb edək, xarici şirkətlərlə uğurlu əməkdaşlıq edək və ölkəmizin şaxələndirilmiş inkişafını təmin edək”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO