Qeyd edək ki, Teleyayım Xartiyası iyunun 7-də Dövlət Dumasında imzalanıb. Sənədi RTR-in sədri Oleq Dobrodeyev, Birinci kanalın baş direktoru Konstantin Ernst, NTV-nin baş direktoru Vladimir Kulistikov, STS-in baş direktoru Aleksandr Rodnyanskiy, «TV-Sentr»in prezidenti Oleq Popsov və Ren TV-nin sabiq prezidenti İrena Lesnevskaya imzalayıb. Xartiyada deyilir ki, KİV ictimai mənəviyyata ziyan vuran, zorakılıq və qəddarlığı təbliğ edən informasiyalar, yaxud təhqir xarakterli materialların qarşısını almalıdır. Telekanal rəhbərləri «uşaqların mənəvi və əqli inkişafına ciddi ziyan» vura biləcək materialların və hadisələrin işıqlandırılmasında məhdudiyyətlər qoymağa hazır olduqlarını bəyan etmişdilər. Onlar bildiriblər ki, bu cür materiallar yalnız xəbər proqramlarında, hadisə yerindən təqdim edilən reportajlarda, televiziya, sənədli və bədii filmlərdə ola bilər.
Xartiyanın imzalanmasından dörd ay keçəndən sonra isə deputatlar sənədin əsas müddəalarına əməl olunmadığını aşkar ediblər. Lyubov Sliska «Efirdə yenə də məzmunu bu sənədə zidd olan filmlər və verilişlər nümayiş etdirilir», – deyə bildirib. Birinci vitse-spikerin hazırladığı müraciətdə deyilir «Xartiyanın ölkənin aparıcı telekanalları tərəfindən dəstək almasına baxmayaraq, efirdə kriminal hadisələr haqqında məlumatların sayı artıb, «Reklam haqqında» Federal qanunun müddəaları pozulur, informasiya-maarifləndirmə, uşaq və gənclər üçün verilişlər isə ümumiyyətlə efirə verilmir». Bununla yanaşı sənəddə «Dövlət Duması ümid edir ki, söz azadlığı Rusiyada vətəndaş cəmiyyətinin formalaşması uğrunda bir vasitə kimi başa düşüləcək və siz sözdə deyil, əməldə televiziya kanallarının kommersiya maraqları ilə qanun, aşkarlıq və söz azadlığı prinsiplərinə sadiq olan milyonlarla rusiyalı arasında kompromisə nail olacaqsınız», – deyə vurğulanır.
Qeyd etmək lazımdır ki, deputatlar telekanallarda mənəviyyat uğrunda mübarizə məsələlərində rusiyalılar tərəfindən ciddi dəstəklənirlər. «ROMIR Monitoring» Tədqiqat Mərkəzinin bu ilin avqust ayında keçirdiyi sorğuya əsasən, rusiyalıların 45%-i efirdə gedən bütün verilişlərdə zorakılıq səhnələrinin qadağan olunmasını istəyir.
Evgeniya Zubçenko, Məryam Maqomedova