“Aİ-nin Riqa sammiti Azərbaycanın ərazi bütövlüyünü Ermənistan prezidenti Serj Sərkisyana qəbul etdirdi. Riqa sammiti Avropa İttifaqının Ermənistandan məyus olduğunu göstərdi”.
Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Politoloq bildirib ki, hətta 2008-ci ildə Aİ-nin Şərq Tərəfdaşlığı Proqramının müəllifləri olan Polşa və İsveçin Xarici İşlər Nazirliklərinin müvafiq rəsmiləri Riqa sammitindən əvvəl Yerevana səfər edib. Yerevanı ayıltmağa cəhd etsələr də bu da baş vermədi: “2008-ci ildə Aİ-nin Polşa və İsveç kimi antirusiya dövlətləri S.Sərkisyanın başçılığı ilə ermənilərin güclü antirusiya kompaniya aparacağına həm də inanaraq Şərq Tərəfdaşlığı Proqramını hazırlamışdılar. 2009-cu ildə bu proqram rəsmən fəaliyyətə başladı. 2013-cü ilin sentyabrın 1-dək Ermənistan bu proqramın ən aktiv iştirakçısı idi. Şimali Qafqaz məsələlərini Aİ liderləri ilə S.Sərkisyanın tez-tez müzakirə etməsindən başa düşmək olurdu ki, Ermənistanın yenicə seçilmiş prezidenti S.Sərkisyan Şimali Qafqazda Rusiyaya problem yaratmaqda Qərbə yol göstərir. S.Sərkisyan Azərbaycanın yerini daraltmaq kursu götürmüşdü. Müəyyən mənada buna nail oldu. Aİ Ermənistanda insan hüquqları, demokratiya və seçki sahəsindəki hüquq pozuntularına göz yumdu. Ermənistana kifayət qədər maliyyə yardımı ayırdı. Dağlıq Qarabağ tənzimlənməsində mövqeyini az qala 180 dərəcə dəyişdi”.
M.Əhmədoğlu bildirib ki, S.Sərkisyan Aİ-nin antirusiya istiqamətində qələbəsinə nail ola bilməsə də 5 il müddətində Aİ-ni Dağlıq Qarabağ tənzimlənməsindən uzaqlaşdıra bildi: “Hətta Aİ Dmitri Medvedevin prezidentliyinin son ilində Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsində Aİ-yə əməkdaşlıq təklifini rədd etdi. S.Sərkisyan Aİ-də fəaliyyətinin antiazərbaycan olmasını Aİ-nin Şərq Tərəfdaşlığı Proqramının 5 illik yubileyinə həsr olunmuş Praqa iclasında etiraf etdi. S.Sərkisyan 2013-cü il sentyabrın 1-də Aİ ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində assosiativ müqaviləni parafladıqdan sonra dərhal Moskvaya çağırıldı və beləliklə, S.Sərkisyan Moskvada Ermənistanın Gömrük İttifaqına, Avrasiya İqtisadi Birliyinə üzv olduğunu bildirdi. İsveç və Polşa Xarici İşlər Nazirliklərinin siyasi direktorları ilə birlikdə Yerevana səfər edib görüşlər keçirməsini də biz son 6 ildə Aİ Şərq Tərəfdaşlığı Proqramına yekun vurmaq kimi yanaşırıq. Bu səbəbdən də Aİ-nin Riqa sammitində Ermənistanla hətta simvolik də olsa sənəd imzalanmadı. Amma yeni əməkdaşlığın hüquqi bazasının yaradılması haqqında anlaşma memorandumunun imzalanması ehtimalı sıfır deyil. Görünür, Polşa və İsveçin Xarici İşlər Nazirliklərinin siyasi direktorlarının verdiyi məlumat öz işini görür”.
M.Əhmədoğlunun sözlərinə görə, S.Sərkisyan sammitin gedişində növbəti zərbəni Aİ-nin Riqa sammitinin Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünü və dövlət suverenliyini dəstəklənməsində aldı: “Almaniyanın federal kansleri Anqela Merkel S.Sərkisyanla görüşərək onu “ərazi bütövlüyü prinsipi”nin dəstəklənməsinə vadar etdi. A.Merkel Riqa sammitinə qatıldığı andan yekun sənəddə Şərq Tərəfdaşlığına üzv ölkələrin ərazi bütövlüyünə dəstəyin vacib olduğu tezisinin yer alacağını bildirmişdi. Bu, Ermənistan üçün ciddi zərbədir. Daha çox zərbə S.Sərkisyanın özünədir. S.Sərkisyan özündən əvvəlki hər iki prezidenti (L.Ter-Petrosyan və R.Koçaryan) Dağlıq Qarabağ məsələsində güzəştli mövqedə ittiham edirdi. L.Ter-Petrosyan barədə belə fikirlər tez-tez və açıq şəkildə səsləndirilsə də R.Koçaryan barədə bir az astadan danışırdılar. R.Koçaryanı ATƏT-in İstanbul sammitində üzv ölkələrin, o cümlədən, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdə ittiham edirdilər. İndi S.Sərkisyan özü Şərq Tərəfdaşlığı Proqramının üzv dövlətlərin, o cümlədən, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmək məcburiyyətində idi. “Üzv dövlətlərin ərazi bütövlüyünün dəstəkləmək” prinsipi NATO-nun son 4 sammitində tətbiq olunur. Amma Ermənistan və Azərbaycan NATO-ya üzv deyillər. Ermənistanın rəsmən üzv olduğu qurum Ermənistan və Azərbaycanın ərazi bütövlüyünü tanıdı. S.Sərkisyan etiraz edə bilmədi”.
Politoloqun sözlərinə görə, S.Sərkisyanın Aİ-nin Riqa sammitinin iclasında çıxış edib Azərbaycanın ərazi bütövlüyü prinsipinin Dağlıq Qarabağa aid olmaması fikri siyasi demaqoqiya və özünü aldatmaqdan başqa bir şey deyil:
“Əvvəla, Azərbaycan BMT-yə üzv olarkən Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi göstərilib. Çünki o zaman BMT keçmiş SSRİ dövlətlərinin arasındakı mübahisələrə girişə bilməzdi. Vaxt az idi. Ona görə bütün keçmiş SSRİ dövlətləri SSRİ dövründəki əraziləri ilə BMT üzvü oldular. Bu, həm Azərbaycana, həm də Ermənistana aiddir. İkincisi, Laçın və ya Kəlbəcər heç vaxt Dağlıq Qarabağa daxil olmayıblar. Onda S.Sərkisyan dərhal Laçını və Kəlbəcəri, eləcə də digər əraziləri işğaldan azad etməlidir. Laçının işğaldan azad edilməsi Dağlıq Qarabağın işğaldan azad olunması anlamındadır. Millətlərin öz müqqədəratını təyinetmə prinsipi ilə bağlı onun istinadgahı da elmi cəhətdən savadsızlıqdır. Görünür, S.Sərkisyan ətrafına tamam savadsız, qorxaq məmurları topladığına görə heç kim ona fikirlərinin savadsız olduğunu deyə bilmir. Dünyada 2000-dən çox dil və ya etnik qrup mövcuddur. Bunun yalnız 200-nün dövləti var. Əgər S.Sərkisyanın dediyi kimi ərazi bütövlüyü prinsipi prioritet olsaydı, onda BMT-nin üzv dövlətlərinin sayı 200 deyil, 1000 və ya 2000 olardı. Eləcə də S.Sərkisyan o qədər savadsızdır ki, xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə prinsipinin adını qarışdırır və həm də bu prinsipin tələblərinə zidd hərəkətlər edir”.
M.Əhmədoğlu bildirib ki, xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipinə görə, bu prinsipin reallaşması digər beynəlxalq prinsiplərin pozulmasına şərait yarada bilməz: “Ərazi bütövlüyü prinsipi də beynəlxalq hüquq prinsipidir və Helsinki Yekun Aktında təsbit olunub. Xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə prinsipinin 2-ci şərti, bu prinsipin reallaşmasının xalqlar arasında əməkdaşlığa şərait yaratmasıdır. S.Sərkisyan və R.Koçaryan “azərbaycanlılarla ermənilərin etnik uyuşmamazlığı nəzəriyyəsi”nin müəllifləridir. Hər halda Riqa sammitinin belə qərarı gözlənilən idi və Ermənistanın ərazi bütövlüyü prinsipinin dəstəklənməsinə zəif etirazı isə çox şeyi deyir. Ermənistan gücünü itirir. Riqa sammitinin yekun sənədində Ermənistanla əməkdaşlığın yeni hüquqi bazasının yaradılmasına dair danışıqların başlanmasına aid müddəa çox mücərrəd anlayışdır. Ən azı bu danışıqların başlanma vaxtı bəlli deyil”.
Politoloq vurğulayıb ki, Aİ-nin Riqa sammitindən sonra Ermənistan orada baş verənləri özünün uğuru kimi təqdim etdi: “Guya Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində istədiyinə nail ola bilmədi. Guya Azərbaycan zalı tərk etdi və bununla da özünü izolyasiya vəziyyətinə saldı. Riqa sammitində baş verənlərin təntənəli qələbə kimi təqdim edilməsi Aİ-nin Ermənistandakı səfiri T.Xristeanı narahat etdi. O, yekun sənəddə yazılandan əlavə Ermənistan üçün heç bir şeyin nəzərdə tutulmadığını bildirdi. Ermənilər başa düşmək istəmirlər ki, Azərbaycan Aİ-nin Riqa sammitində Dağlıq Qarabağ tənzimlənməsində konkret, ciddi dəyişikliyin baş verməsi üçün 2 addım atmağı tələb edirdi. Aİ-isə birini atdı. S.Sərkisyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması da həmin bir addımın içərisindədir”.