Parlament kuryozları – Jurnalistləri Milli Məclisdən necə qovdular

Azərbaycanın qanunverici orqanı daim cari məsələlər, qanun layihələrin müzakirəsi və qəbul olunduğu yer kimi xarakterizə edilir. Deputatlar parlamentin plenar və komitə iclaslarında bu və ya digər məsələlərlə bağlı fikirlər səsləndirir, təkliflər verir. Ciddi müzakirələrin getdiyi bu yerdə bir sıra hallarda maraqlı məqamlar da yaşanır. Modern.az bu dəfə də həmin maraqlı məqamları izləyən parlament jurnalistləri arasında sorğu keçirib. Görəsən onlar parlament müxbiri olduqları zaman hansı maraqlı situasiyaları yaddaşlarında saxlayıblar?

“Yeni Musavat” qəzetinin əməkdaşı Azər Rəşidoğlu Milli Məclisdə təmsil olunduğu vaxtlar yaşadığı maraqlı hadisələri bölüşüb. “Bir dəfə rəhmətlik Məzdək Hüseynov çıxış üçün söz istədi. Rəhmətlik Murtuz Ələsgərov ona söz vermədi. Məzdək müəllim ayağa qalxıb qışqırdı: “Murtuz müəllim, mənə niyə söz vermirsiniz?”. Murtuz Ələsgərov cavab verdi ki, mandatı qaldırmaq lazımdır. Məzdək Hüseynov sırf özünə məxsus ləhcə ilə belə cavab verdi: “Ə, bəə, mən nəyi qaldırırram, həə, bə? Bunlar yaramır?”.

A. Rəşidoğlu digər maraqlı hadisənin isə Çindən qonaqlar gələn vaxt yaşandığını qeyd edib. “Bir dəfə Çindən parlamentə yüksək səviyyəli qonaq gəlmişdi. Millət vəkilləri qarşısında çıxış etməyə başladı. Nəsə texniki problem oldu və qonaq çıxışını tərcüməsiz oxudu, tərcüməçi olmadı. Deputatların ona qulaq asmaqdan və gözlərini döyməkdən başqa çıxış yolları qalmadı. Fasilədə Məzdək Hüseynovdan soruşduq ki, Məzdək müəllim, deputatlar Çin dilini bilir? Məzdək müəllim özünü itirmədən cavab verdi: “Deputatlar it dilini də bilir”.

Jurnalistin digər xatırladığı hadisə deputat Cəlal Əliyevlə bağlıdır. “Bir dəfə parlamentdə Cəlal Əliyev çıxış edirdi. Mən də yuxarıdakı lojada həmkarım Natiq Cavadlıya lətifə danışırdım. Natiq bərkdən gülməyə başladı. Cəlal müəllim elə bildi ki, biz onun çıxışına gülürük. Bizə tərəf dönüb qışqırdı ki, “o hansı donqulu idi gülən? Murtuz müəllim, ya yuxarıdakı eşşək idi, ya da sağında oturan”. Murtuz müəllim gördü ki, vəziyyət qəlizdir, bizi xilas etmək istədi, dedi ki, “Cəlal müəllim, aşağıdan səs gəldi”. Bu vaxt rəhmətlik Mikayıl Mirzə ayağa qalxdı və Natiqlə məni göstərib dedi ki, “o eşşəklər idi gülən”. Bir dəqiqədən sonra parlamentin mühafizəsi başımızın üstünü aldı və bizi parlamentdən qovdular”.

“Xalq Cəbhəsi” qəzetinin parlament müxbiri Cavanşir Həsənli əsasən 1992-1993-ci illərdə yaşanan hadisələri danışıb. “92-ci il Hərəkat dövrünə düşürdü, nə deputatları, nə jurnalistləri parlamentdən buraxırdılar. Elə olurdu ki, gecəyarıya qədər parlamentin binasında qalırdın. Blokada vəziyyəti idi, su, siqaret qurtarıb, yeməyin qurtarmasına isə az qalıb. Milli Məclisin bufetinin xanımı ilə münasibət yaxşı idi. Səbuhi Məmmədli, bir neçə jurnalist həmkarımız və mən xanımdan yemək xahiş etdik, o da bizə qazanın dibində qalan bir neçə kotleti verdi. Elə təzə oturmuşduq yeməyə, bir də baxdıq ki başımızın üstündən əllər uzandı. Gördük bir deputatdır. Nəsə bir az keçdi, iclas gedir, birdən işıqlar kəsildi. Bir deputat yerindən dilləndi ki, belə olmaz, gəlin aclıq keçirək. Bu da həmin kotleti yeyən deputat idi. Onda indiki kimi sərt qaydalar yox idi, Səbuhi Məmmədli yerindən etiraz etdi ki, “bizə kotleti yeməyə qoymadın, nə oldu indi?!”

Digər xatırladığım hadisə 1993-cü illər Sürət Hüseynov hadisələri vaxtına təsadüf edir. Birdən Milli Məclisdə səs küy yayıldı ki, Sürət Hüseynov “Su-24” təyyarələrini Gəncədən qaldırıb. Heç 5 dəqiqə çəkmədi Milli Məclisdə heç kim qalmadı, hamı çölə axışdı. İndiki Alov qülləsinin yerində o zaman “Moskva” oteli var idi. Onun qarşısında jurnalistlər, “Şərq” qəzetindən Akif Aşırlı, Sevil Yusifqizi, Yusif Nəzərli ağzımızı göyə açıb baxırıq ki, nə vaxt təyyarələr uçub gələcək”.

Hazırda Türkiyədə yaşayan azərbaycanlı jurnalist İlhamə Qasımlı da 1992-ci ildə olan hadisələri xatırlayıb. “O vaxt “7 gün” qəzetində işləyirdim. Həmin vaxt akkreditə sistemi olmadığı üçün qəzetlər jurnalistləri növbə ilə parlamentə göndərirdilər və hətta bəzən bir qəzetdən 2 jurnalist gəlirdi. Əsas qəzet vəsiqəsi idi.
Parlamentdə rəsmi bayramlarla bağlı qanun layihəsi müzakirə olunurdu. Və bayramlar ayrı-ayrılıqda səsə qoyulurdu. Milli Dirçəliş Günü – 17 noyabr tarixi səsə qoyulanda maraqlı bir məqam yaşandı. O vaxt jurnalistlər sessiyanı yuxarıdan –lojadan yox, birbaş parlamentin iclas zalından izləyirdilər və çıxışları diktofona qeyd etmək üçün qulaqcıqdan istifadə edirdik. Bu vaxt isə sədarətin pıçıltı ilə danışdıqlarını da eşitmək olurdu. Milli Dirçəliş Günü səsə qoyulanda sədrin birinci müavini Tamerlan Qarayev sədr İsa Qəmbərdən pıçıltıyla “İsa, çto za semnadsatoqo noyabrya?” (“Bu nə on yeddi noyabrdır elə?”) deyə soruşdu.
İsa Qəmbər cavab verdi: “Bilmirsən? Mitinqlərin başladığı gündür də…”.

İ. Qasımlının digər xatırladığı hadisə də İsa Qəmbərin parlament sədri vaxtına təsadüf edir. “Etibar Məmmədov çıxışı üçün söz istədi. İsa Qəmbər də “Adınız ekranda görünmür axı, növbəyə yazılın”, – dedi. Etibar Məmmədov da “Mandatımı unudub o biri pencəyin cibində qoymuşam. Bu mandatdan 2-3 dənə versəydiniz, hər kostyumun cibinə birini qoyardıq”, – dedi.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO