Milli Məclisdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər? Həmkarlarımız bu dəfə deputat Zeynəb Xanlarova barədə fikirlərini bildiriblər. Beləliklə, bu deputatı necə xarakterizə edərdiniz?
“Azərtac”-ın əməkdaşı Xətai Əzizov: “Gözəl sənətçidir. Onun sənətinə böyük hörmətim var. Amma əfsuslar olsun ki, Milli Məclisdə öz yerində deyil”.
“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev: “Zeynəb Xanlarova sənətkar kimi hamımızın fəxridir. O, Milli Məclisə xüsusi kolorit, ab-hava gətirir. Son vaxtlar onun cəsarətli çıxışlarını eşidirik. Bu da təbii ki, jurnalist kimi bizi çox sevindirir. O, heç kimdən çəkinmir. Müşahidələrimə görə, seçicilərinin problemlərinin həllində də fəallıq göstərir. Arzu edərdim ki, növbəti çağırışda da parlamentdə təmsil olunsun”.
“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı: “Böyük sənətkardır. Dünya səviyyəsində tanınmış müğənnidir. Sənətinə böyük hörmətim var. Ancaq millət vəkili kimi elə də fəal deyil. Düzdür, vaxtilə bəzi məsələlərlə bağlı gözləmədiyimiz halda kəskin çıxışlar edib. Ancaq onun fəaliyyətini yüksək qiymətləndirə bilmərəm. Bəlkə də, seçiciləri üçün hansısa işlər görüb. Mənim bundan xəbərim yoxdur. Onun Milli Məclisdə qanunverici təşəbbüslə çıxış etdiyini də görməmişəm. Jurnalistlərlə münasibətləri çox pisdir. Ola bilər hansısa televiziya kanalının bir-iki müxbiri ilə münasibəti olsun. Ancaq mətbuatdan çox uzaqdır. Biz bu beş il müddətində bir neçə dəfə spikerdən açıqlama ala bilmişik. Amma Zeynəb xanımdan müsahibə almaq mümkün olmayıb”.
“525-ci qəzet”in əməkdaşı Kamil Həmzəoğlu: “Zeynəb Xanlarova nəinki xanım siyasətçilər və xanım deputatlar, ümumiyyətlə Azərbaycan xanımları içərisində ən çox hörmət etdiyim qadınlarındandır. Zeynəb xanım neçə illərdir ki, həm parlamentdə, həm də dolayısı yolla siyasətdə iştirak edir. Çoxları onu bir növ sırf peşəkar siyasətçi hesab etmirlər. Ancaq şəxsən mən bunu iddia edən insanlarla heç cür razılaşmıram. Zeynəb xanımın özü bir siyasətdir, siyasət məktəbidir. Və ondan öyrəniləsi, əxz ediləsi çox məqamlar var. Şəxsən mən Zeynəb xanımla bir dövrdə, bir məkanda, bir ölkədə yaşamağımdan fəxr edirəm və qürur hissi keçirirəm. Zeynəb xanım Azərbaycanın canlı korifeylərindəndir. Şəxsən mənimçün üç böyük müğənni var: muğamda Alim Qasımov, estradada Flora Kərimova, həm müğənni, həm estrada, həm də mahnı ifaçılığında Zeynəb Xanlarova. O, gözəl mahnılar və muğamlar ifa etməklə yanaşı, həm də gözəl, əsrarəngiz mahnılar müəllifidir, bəstəçisidir. Zeynəb xanım hələ keçmiş sovetlər birliyi dövründə Azərbaycanı həm dünyada, həm də postsovet məkanında tanıdan, ona nüfuz gətirən iki-üç insanlardan biridir. Bu elə əsl siyasət deyilmi?! Zeynəb xanım həm də bir çoxlarına xüsusilə, sənət adamlarına örnək ola biləcək gözəl ailə başçısıdır. Jurnalistlərlə münasibətlərinə gəlincə, şəxsən onunla müsahibə almaq səadəti mənə bir neçə dəfə nəsib olub və buna görə özümü çox xoşbəxt hiss edirəm. Mən onu növbəti çağırış parlamentdə də görmək istəyirəm”.
APA-nın əməkdaşı Elbrus Seyfullayev: “Təkcə Milli Məclisdə deyil, bütün Azərbaycan da ən maraqlı adamlardan biridir. Ancaq sözü olanda danışır. Milli Məclisdə mədəniyyətlə və şou-biznesin vəziyyəti barədə çıxışları ölkədə böyük sensasiya doğurmuşdu. Bu, təqdirəlayiqdir. Hiss olunur ki, spiker Oqtay Əsədovla arası yoxdur. Bu, onun çıxışlarında və davranışlarında özünü biruzə verir. Müşahidələrimdən belə çıxır ki, növbəti Milli Məclisdə olmayacaq. Ondan müsahibə almaq da müşkül məsələdir. Ancaq öz yaşında olan həmkarlarından fərqli olaraq Milli Məclisin bütün iclaslarına gəlir. Seçiciləri ilə necə işləməsi barədə məlumatsızam”.
“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan: “Zeynəb Xanlarova Milli Məclisin ən stajlı deputatıdır. Vətənpərvər və millətçi xanımdır. Ancaq onun deputat kimi fəaliyyəti hiss olunmur. Milli Məclisdə çox nadir hallarda çıxış edir. Hər dəfə də də maraqlı çıxışları ilə yadda qalıb. Şəhriyarın heykəli qoyulacaq postamentin parkdan götürülməsinə etiraz edərkən onun “ac qarına millət o fontana o qədər baxsın ki…”, “Rəsulzadə, Şəhriyar bu millətin qəlbində həmişə yaşayacaqdır” kəlmələri deputatlıq tarixində Zeynəb Xanlarovanın bəlkə də ən doğru fikirləri kimi yadda qalacaq. Bununla belə düşünürəm ki, Milli Məclis artistin, müğənninin, idmançının yeri deyil. Zeynəb Xanlarovanın seçiciləri ilə necə işləməsi barədə məlumatsızam. Jurnalistlərlə münasibəti yoxdur”.
“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı: “Böyük sənətkardır. Nəinki Azərbaycanda, həm də dünyada tanınıb. Fikrimcə, onun böyük sənətkar olması deputat seçilməsinə şərait yaradıb. Ola bilsin bəzi həmkarlarım onu passiv millət vəkili kimi qiymətləndirsin. Ancaq məncə, bu təbiidir. Çünki o, sənəti ilə daha çox tanınıb”.
“Xəbərlər Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov: “Milli Məclisin aktiv depuatalarından olmasa da, arada bir çox obyektiv bəyanatları ilə tanınıb. Təsadüfi hallarda iclaslarda görünər. Jurnalistlərlə münasibəti nə yaxşıdır, nə də ki, pis. Seçiciləri ilə necə işləməsi barədə məlumatsızam”.
“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy: “Xalqımızın böyük sənətkarıdır. Azərbaycanın adını sovetlər zamanında dünyaya tanıdıb. Məşhur simalardan biridir, fəxrimizdir. Bir neçə dəfə onunla həmsöhbət olmaq, müsahibə götürmək şərəfinə nail olmuşam. Bizə Zeynəb xanıma can sağlığı və uzun ömür arzulamaq qalır. Arzu edərdim o, öz səsilə dünyanı fəth etməkdə davam etsin. Məncə parlament onun üçün dar bir məkandır. Ona daha bir iri miqyaslı tribuna lazımdır. Onun parlamentdə etdiyi çıxışlar böyük rezonans doğurur. Milli Məclisdə Məmməd Əmin Rəsulzadənin adı çəkilən zaman onun ayağa qalxması uzun müddət müzakirələrə səbəb oldu. Seçiciləri ilə necə işləməsindən xəbərsizəm”.
“Lent.az” saytının əməkdaşı Pərvin Abbasov: “Zeynəb Xanlarova əla müğənnidi. Bu qədər”.
“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli: “Deputatlıq fəaliyyətində elə də bir fəallıq göstərməyib. Seçicilərinin daim onu axtarması ilə bağlı məlumatlar yayılıb. Mədəniyyət sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində rolu müşahidə olunmur. Parlamentə çox az-az gələn deputatlar sırasındadır. Jurnalistlərlə əməkdaşlıq etməkdə maraqlı deyil”.
“Trend” İnformasiya Agentliyinin əməkdaşı Azər Hüseynbala: “Zeynəb Xanlarova stajlı deputat olsa da, qanunverici orqanın fəaliyyətində aktiv iştirak etmir. Xanım deputat Milli Məclisin iclaslarında da nadir hallarda çıxış edir. Onun seçiciləri ilə hər hansı əlaqəsi haqda da məlumatım yoxdur. Mənə elə gəlir ki, deputat mandatı Zeynəb xanıma SSRİ xalq artisti kimi bir hədiyyə verilib. Növbəti seçkilərdə bu mandatı saxlaya biləcəyinə gümanım isə azdır. Zeynəb xanımın parlament jurnalistləri ilə münasibətindən danışmağa dəyməz. Çünki onun Milli Məclisin binasına necə gəlib-getdiyinin şahidi olan belə yoxdur”.
“Xalq Cəbhəsi” qəzetinin əməkdaşı Ağa Cəfərli: “Yaxşı müğənnidir. SSRİ xalq artistidir. Türkiyədə ilin müğənnisi seçilib. Müğənni kimi onu sevirəm. Millət vəkili kimi onun haqqında bir söz deyə bilmərəm. Çünki deputatlıq fəaliyyəti yoxdur”.
“Mərkəz” qəzetinin əməkdaşı Vasif Cəfərov: “Mən Milli Məclisə bir il yarımdı gedib-gəlirəm. Bu müddət ərzində Zeynəb xanımın bircə dəfə Milli Məclidə çıxışının şahidi olmuşam. Onda da spiker Oqtay Əsədovu tənqid edib. Milli Məclisin iclaslarında iştirak edir, ancaq danışmır. Bildiyimə görə, o, Xızıdan millət vəkili seçilib. Eşitmişəm ki, seçicilərinin problemləri ilə maraqlanmır. Jurnalistlərə də hər hansısa bir açıqlama verdiyinin şahidi olmamışam. Məncə, mətbuata açıq millət vəkili deyil”.
“Azərbaycan” qəzetinin əməkdaşı Rəşad Cəfərov: “Çox gözəl, mehriban xanımdır. Jurnalistlərlə səmimi münasibətləri var. Ancaq Milli Məclisdə çıxışının şahidi olmamışam. Seçiciləri ilə necə işləməsindən xəbərsizəm”.
“Həftə içi” qəzetinin əməkdaşı Nahid Canbaxışlı: “Xalq artistidir. Uzun illərdir ki, parlamentdə təmsil olunur. O, Milli Məclisdə məmurlarla bağlı, ölkəmizlə əlaqəli məsələlər barədə açıqlamalar verib. Çox vaxt danışmayan, ancaq danışanda da böyük rezonansa səbəb olan fikirlər səsləndirir. Zeynəb xanım hamımızın sevimlisidir. Onun fəaliyyətini tam şəkildə analiz edib, fikir söyləmək mənə çətindir. Mətbuata açıq deyil. Daha çox televiziya verilişlərinə çıxmağa üstünlük verir”.