Milli Məclisdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər? Həmkarlarımız bu dəfə deputat Əli Əhmədov barədə fikirlərini bildiriblər. Beləliklə, bu deputatı necə xarakterizə edərdiniz?
“525-ci qəzet”-in əməkdaşı Kamil Həmzəoğlu: “Azərbaycan jurnalistikasında Əli Əhmədovla ilk dəfə müsahibə alan jurnalistlərdən biri mən olmuşam, bu, təxminən 90-cı illərin sonlarından olub. Bu baxımdan hesab edirəm ki, sözügedən şəxs mətbuata kifayət qədər açıqdır. Media nümayəndələrini maraqlandıran istənilən məsələ ilə bağlı açıqlamalar, müsahibələr verir. Jurnalistlərlə münasibətlərində bugünədək hanısısa problemin yaşanmasına rast gəlməmişəm. Əli Əhmədov çox ləyaqətli, abırlı, kifayət qədər savadlı, eyni zamanda, Azərbaycan siyasətində özünəməxsus yeri və rolu olan siyasətçilərdəndir. Parlament üzvü kimi də kifayət qədər aktiv və fəal millət vəkilidir. O, parlamentin əksər iclaslarında istər cari məsələlərin, istərsə də qanun layihələrinin müzakirəsində xüsusi fəallıq nümayiş etdirir. Əli Əhmədovun müsbət keyfiyyətlərindən biri də odur ki, bir çox iqtidaryönlü millət vəkillərindən və siyasətçilərdən fərqli olaraq, o, müxalifətlə, müxalif deputatlarla söyüş, təhqir dilində danışmır. Onlara daha arqumentli, daha korrekt və daha etik çərçivədə cavab verməyə çalışır. Bununla yanaşı, YAP-ın son illər nüfuz qazanmasında onun rolu danılmaz və inkaredilməzdir. Mən istərdim ki, o, IV Çağrış Milli Məclisdə də təmsil olunsun və özü də nəinki təmsil olunsun, həm də parlamentin sədri kürsüsündə əyləşsin. Bu elə bilirəm ki, daha çox YAP-çıların da ürəyindən olardı”.
“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy: “YAP-a sonradan gələnlərdən olsa da, yuxarı başda oturur. Partiyanın qurucuları olmuş və küncə sıxışdırılmış şəxslər ona qibtə ilə baxırlar. Adətən parlamentdə müxalifət deputatlarının səsələndirdiyi fikirlərə əks arqumentlər gətirən ən fəal millət vəkillərindəndir. Zənnimcə, jurnalistlərlə təmasa da fərq qoyur. Jurnalistin hansı mətbu orqanında çalışması məsələsi onunçün vacibdir. Bizim qəzet də təbii ki, onun arzulamadığı qəzetlər sırasındadır. Seçiciləri ilə necə işləməsindən xəbərsizəm. Şübhə etmirəm ki, Əli Əhmədov bu ilki parlament seçkilərində mandat əldə edənlər sırasında olacaq”.
“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı: “Milli Məclisin fəal millət vəkillərindən biridir. Müxtəlif qanunverici təşəbbüslərlə çıxış edib. Həmçinin başqa millət vəkillərinin qaldırdığı təklifləri dəstəkləyib. Bəzən elə tənqidi fikirlər səsləndirir ki, bu, cəmiyyət üçün faydalı olur. Hər zaman müxalifət millət vəkilləri çıxış etdikdən sonra hakim partiyanın təmsilçisi olaraq onlara cavab verir. Jurnalistlərlə münasibəti 50:50-dir. Həmişə iclaslara gec gəlir, tez də gedir. Amma jurnalistlərin suallarını cavablandırır. Seçicilərinin problemini həll edib-etməməsinə gəlincə, mən bilmirəm”.
“Media forum” saytının əməkdaşı İmdad Əlizadə: “Əli Əhmədovu Milli Məclisdə YAP fraksiyasının qeyri-rəsmi rəhbəri hesab etmək olar. Yəni o, həm də deputatların rəhbəridir. Belə demək olarsa, bütün idarəçilik onun əlindədir. Parlamentdə cari məsələlərin və müxtəlif qanun layihələrinin müzakirəsində aktivlik göstərir. Hər zaman hakim partiyanın mövqeyindən çıxış edir. Nadir hallarda problemlərə toxunur. Jurnalistlərlə münasibətində heç bir problem yoxdur. Seçiciləri ilə necə təmasda olması barədə məlumatsızam”.
“Xalq Cəbhəsi” qəzetinin əməkdaşı Ağa Cəfərli: “Onu millət vəkili kimi fəal hesab etmək olar. Eyni zamanda da fəal siyasətçidir. Demək olar ki, hər zaman hökumətin mövqeyini və maraqlarını müdafiə edir. Bu da bir çox hallarda qatığın qara olması barədə fikirlərin səsləndirilməsinə səbəb olur. Jurnalistlərlə münasibəti pis deyil. Yəni hansısa jurnalist ona yaxınlaşıb, açıqlama almaq istədikdə öz mövqeyin bildirir. Məncə, seçicilərinin problemləri ilə maraqlanmır. Onların problemlərinin həlli istiqamətində heç bir iş görmür”.
“Xəbərlər Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov: “Parlamentin aktiv deputatlarından biridir. Bir çox hallarda obyektiv çıxışları ilə yadda qalıb. İstər qanun layihələrinin qəbulu, istərsə də müzakirələrdə aktivlik göstərir. Reallığı əks etdirən bir sıra təkliflərlə çıxış edir. Jurnalistlərlə münasibvəti çox gözəldir. İstənilən mətbuat nümayəndəsinə açıq deputatdır. Seçiciləri ilə necə işləməsi barədə məlumatsızam. Ona görə də bu barədə bir fikir yürütmək istəmirəm”.
APA-nın əməkdaşı Elbrus Seyfullayev: “Aktiv millət vəkilidir. YAP-ın vacib funksionerlərindən biridir. Təkcə mənsub olduğu partiyanı deyil, həm də cəmiyyəti narahat edən problemlərlə bağlı dəfələrlə çıxışlarının şahidi olmuşam. Tez-tez müəllimlərin, elm adamlarının əməkhaqqlarının artırılması ilə çıxış edib. Bu, da təqdirəlayiqdir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqe nümayiş etdirir. Türk dünyası və türkçülüklə bağlı məsələlərə həssaslıqla yanaşır. Jurnalistlərlə heç bir problemi olmadığını düşünürəm. Demək olar ki, jurnalistlərin ən çox müsahibə aldığı deputatlardan biridir. Sözün əsl mənasında o, Milli Məclisdə özünü doğruldan deputatlardan biridir. Yersiz danışığının şahidi olmamışam”.
“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan: “Əli Əhmədov Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini kimi çıxışlar edir. Onun çıxışları əsasən müxalifəti tənqid üzərində qurulur. Bu da təbiidir. Həmçinin hansısa beynəlxalq təşkilat Azərbaycanı “qaralayarkən” də Əli Əhmədovun onlara qarşı YAP-ın mövqeyini çatdırdığını müşahidə etmək olur. Seçiciləri ilə necə işləməsi barədə ətraflı məlumatım yoxdur. Parlament jurnalistləri ilə xüsusi bir münasibətini görməmişəm. Amma bir neçə jurnalist hansısa məsələyə fikir öyrənmək üçün Əli Əhmədova yaxınlaşanda onların suallarını cavablandırır. Fərdi qaydada hansısa jurnalistlə problemi varsa, bu barədə məlumatsızam”.
“Mərkəz” qəzetinin əməkdaşı Vasif Cəfərov: “Əli müəllim, hər zaman siyasi çıxışlar edir. Onun yalnız bir dəfə qeyri-siyasi çıxışının şahidi olmuşam. Bu da mənzillərin qiymətinin yüksək olması ilə bağlı idi. Onun siyasi səpkili və ciddi çıxışları olur. Hər zaman rəqiblərini tənqid edir. Beynəlxalq təşkilatların qərarlarına laqeyd qalmır. Öz fikirlərini bildirir. Jurnalistlərlə münasibəti normaldır. Seçiciləri ilə necə işləməsindən xəbərsizəm”.
Modern.az saytının əməkdaşı Elşad Eyvazlı: “Əli Əhmədovu Milli Məclisin aktiv deputatlarından hesab edirəm. Hakim partiyanın rəhbərliyində olmasına baxmayaraq o, daim jurnalistlərin suallarını cavablandırır. Ancaq elə YAP-çı deputat var ki, jurnalistlərə münasibətdə özünü Əli Əhmədovdan yüksəkdə tutur. Əli Əhmədovun seçiciləri ilə necə işləməsindən xəbərim olmasa da, hökumət nümayəndələrinin Milli Məclisdə iştirakı zamanı onun xeyli problemli məsələləri qaldırdığının şahidi olmuşam”.
“Ayna” qəzetinin əməkdaşı Fərəh Sabirqızı: “Parlamentdəki YAP-çılar arasında mətbuata ən açıq olanıdır. Həmişə jurnalistlərin suallarını təmkinlə cavablandırır, ayrı-seçkilik etmir. Onun köməyi ilə hansısa məsələyə hakim partiyanın rəsmi mövqeyini öyrənmək olur”.
“Şərq” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev: “Çox fəal millət vəkilidir. Milli Məclisin iclaslarında qanunverici təşəbbüslərlə çıxış edir. Həmsədrlərin fəaliyyətini tənqid edən millət vəkilidir. Onun fəaliyyətini bəyənirəm. Seçicilərinin hüquqlarının müdafiəsi və problemlərinin həlli istiqamətində də çalışır. Jurnalistlərlə də münasibəti normaldır. Bəzi millət vəkilləri kimi arxa qapıdan keçmir. İstərdim o, yenidən parlamentdə təmsil olunsun”.
“Həftə içi” qəzetinin əməkdaşı Nahid Canbaxışlı: “Əli Əhmədov uzun illərdi siyasətdədir. Ona YAP-ın icraçı katibi olması daim bu və ya digər məsələlərlə bağlı mövqeyini bildirməsində problem yaratmır. Mətbuata açıq insandır. Jurnalistlərin suallarını hər zaman cavablandırır. Onun seçiciləri ilə necə işləməsi barədə xəbərim yoxdur. Bunu yalnız onun seçildiyi dairədə sorğu aparmaqla nəticə çıxarmaq mümkündür”.