Parlament jurnalistləri deputat Aydın Həsənovu necə xarakterizə edirlər?

Milli Məclisdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər? Həmkarlarımız bu dəfə deputat,Aydın Həsənov barədə fikirlərini bildirirlər. Beləliklə, bu deputatı necə xarakterizə edərdiniz?

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy: “Aydın Həsənov ötən ilin payızına kimi yaxşı gəlmişdi. Jurnalistlərlə münasibətdə zaraftcıl idi. Ancaq özünün Milli Məclidə etdiyi zarafat jurnalistlərlə onun arasında sədd çəkdi. Hər halda parlamentin ağsaqqal deputatdır. Bura qədər deputat kimi fəaliyyət göstərdiyi bəsdir. Bundan sonra enerjisini başqa müstəvidə xərcləsə daha yaxşıdır. Onun bu il parlament seçkilərində iştirak edəcəyi də sual altındadır. Aydın müəllimə uğurlar arzulayıram”.

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan: “Deputat seçiləndə açığı onun da bir çox deputatlar kimi “lal” qalacağını düşünürdüm. Amma şəxsən mən onun Milli Məclisin iclaslarında bir sıra məsələlərin müzakirəsində iştirakının şahidi olmuşam. Bəzi vaxtlarda müəyyən tənqidi fikirlər də səsləndirib. Aydın Həsənov Milli Məclisdə məşhur “ömürlük deputat” təklifinin müəllifi kimi tarixə düşdü. Hərəkətlərindən və söhbətlərindən hiss olunur ki, səmimi insandır. Lakin hərbiçilikdən deputatlığa gəlsə də, siyasətçi ola bilməyib. Parlamentdə bir sıra jurnalistlərlə yaxşı münasibətləri var”.

“Lent.az” saytının əməkdaşı Pərvin Abbasov: “Aydın Həsənovun yəqin ki, dost olduğu jurnalistlər var. Onun dostlarından biri olmasam da, parlamentin foyesində bir-iki dəfə söhbətlərini eşitmişəm. Yaman səmimi adama oxşayır. Onu pis adam da saymaq olmaz. Ancaq bu, onun deputat kimi öz funksiyasını yerinə yetirməsi demək deyil. Seçiciləri ilə nə qədər maraqlandığını bilmirəm. Parlamentdəki fəaliyyətindən deyə bilərəm ki, çıxış edəndə adətən yazılı materiallları oxuyur. Deputatlıq müddətində bircə dəfə öz təşəbbüsüylə təklif vermişdi. O da deputatların ömürlük olmasıyla bağlıydı ki, hamı bu təklifi hoydu-hoyduya götürdü”.

AzərTAc-ın əməkdaşı Xətayi Əzizov: “Keçmiş hərbiçidir. Gözləyirdim ki, o, deputat seçildikdən sonra Milli Məclisdə hərbiçilərin sosial problemləri ilə bağlı məsələlər qaldırılacaq. Ancaq bəslənilən ümidi doğrultmadı. Belədə ziyalı adamdır”.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı: “Fəal depuatat hesab etməzdim. Ancaq parlamentdə maraqlı çıxışları ilə yadda qalıb. Hətta onun Milli Məclisdə parlament seçkilərinin ləğv olunması ilə bağlı təklifi olmuşdu. O, özünü yaxşı oğlan hesab edir. Mən də düşünürəm ki, yaxşı oğlandır. Amma deputat kimi deyə bilmərəm”.

“Xəbərlər Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov: “Aydın Həsənov bir vaxtlar çox aktiv istiqamətdə fəaliyyət göstərirdi. Onun parlament seçkilərinin müəyyən müddətə təxirə salınması ilə bağlı təklifindən sonra “qələmi sındırıldı”. Səhnədə az görünməyə başladı. Keçmiş hərbiçinin jurnalistlərlə münasibətləri isti olub. Sosial problemlərlə bağlı, xüsusən də öz seçildiyi dairənin problemlərini parlamentdə qaldırıb. Son zamanlar isə mətbuata verdiyi açıqlamalarda və parlamentdə ehtiyatlı davrandığı hiss olunur”.

“Trend” İnformasiya Agentliyinin əməkdaşı Azər Hüseynbala: “Aydın Həsənov Milli Məclisin indiki uzvləri arasında olduqca fərqlənən deputatlardandır. Bunun şahidi olmaq üçün onunla yol yoldaşı olmaq lazımdır. Biz Aydın müəllimlə cəbhə bölgəsində, Quba məzarlığında olmuşuq. Bu səfərlər zamanı Aydın müəllim tamamilə fərqli bir insan olur. Maraqlı söhbətlər edir, bəzən hətta ondan giley-güzar da eşidilir. Amma təbii ki, bütün söhbətlər aramızda qalır. Aydın müəllimin 2010-cu ilin dövlət büdcəsinin layihəsi müzakirə olunarkən etdiyi təklif də orijinallığı ilə fərqlənirdi. O, deputatların səlahiyyət müddətinin uzadılmasını və parlament seçkilərinin təxirə salınmasını təklif edib. Qəribə və reallaşması mümkün olmayan təklif olsa da, orijinal idi, deyilmi? Jurnalistlərlə münasibətlərinə gəlincə, mənə elə gəlir ki, bu məsələdə də problemli deyil. Amma onu parlamentin ən fəal deputatlarından biri saymaq mümkün deyil”.

“Xalq Cəbhəsi” qəzetinin əməkdaşi Ağa Cəfərli: “Passiv deputatlardan biridir. Sonuncu dəfə qəzetləri gənclərin hərbi vətənpərvərlik hissələrinə mənfi təsir göstərməsi ilə ittiham edib. Bu çox emosiaonal bir ittiham idi. Mən hesab etmirəm ki, bu fikir doğrudur. Onu şəxsən tanımıram. Ancaq eşitdiyimə görə vətənpərvər və orduya canı yanandır”.

“Azərbaycan” qəzetinin əməkdaşı Rəşad Cəfərov: “Parlamentdəki müzakirələrdə aktiv iştirak edir. Bizim qəzetdə onun ordu ilə bağlı yazıları da verilib. Gözəl təkliflər irəli sürüb. Həm də çox yaxşı həmsöhbətdir”.

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli: “Emosional deputat kimi özünü biruzə verib. Hərbi qulluq metodları ilə daha çox məşğul olur. Hərbi bölgələrə ən çox səfər edən deputatlardandır. Parlament seçkilərinin ləğv oluması ilə bağlı original təklif irəli sürmüşdü. Seçicilərlə mütəmadi görüşməsi ilə bağlı məlumatım var. Jurnalistlərlə münasibət qurmaqda maraqlıdır”.

“525-ci qəzet”in əməkdaşı Kamil Həmzəoğlu: “Siyasət adamı deyil. Belə demək mümkünsə, deputatlığı da onun xarakteri ilə uyğun gəlmir. Aydın Həsənovu başqa cür xarakterik edə bilmirəm”.

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev:” Onun adı gələndə nədənsə parlament seçkilərinin təxirə salınması ilə bağlı təklifini xatırlayıram. Bununla bağlı hər zaman ekspert qismində çıxış edir. Onun vətəndaşların problemləri ilə bağlı çıxış etdiyinin şahidi olmamışam. Ancaq öz bölgəsinin problemlərini Milli Məclisdə qaldırır. Seçicilərinin probleminin həll edib-etmədiyi barədə heç bir söz deyə bilmərəm. Çünki bu barədə məlumatsızam”.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı: “Parlamentdə original çıxışları ilə yadda qalıb. Onun parlament seçkilərinin təxirə salınması ilə bağlı verdiyi bəyanat uzun müddət həm ictimaiyyətdə, həm də mətbuatda müzakirələrə səbəb oldu. O, hərbçi kimi daha çox tanınıb. Aydın Həsənova deputatlıq fəaliyyətində uğurlar arzulayıram”.

“Hürriyyət”qəzetinin əməkdaşı Zülfüqar Hüseynzadə: “Bu ölkədə yerində olmama qeyri-adilik deyil. Ona görə də əslində yerində olmayan Aydın Həsənovun bugünkü parlamentdə əyləşməsinə heyrətlənməyə dəyməz. Onun son aylar ərzindəki iki baməzə və əcaib açıqlaması heç yerinə düşməsə də, burada təəccüblü bir şey yoxdur. Ona can sağlığı arzulayıram. İstərdim dincəlməyə üstünlük versin. Aydın müəllimin yaşının elə vaxtdır ki, özünə qayğı lazımdır. Nəinki on minlərlə insanın haqqında fikirləşmək”.

“Modern.az” saytının əməkdaşı Elşad Eyvazlı: “Bir depuatat kimi “möhtəşəm” təkliflə yadımda qalıb. Söhbət parlament seçkilərinin təxirə salınması təklifindən gedir. Mənə elə gəlir ki, deputat növbəti seçkilərə nəzərən belə təkliflə çıxış edib. Məncə o, məsələlərə deputatdan daha çox keçmiş Biləcəri Çağırış Məntəqəsinin rəisi kimi münasibət bildirir”.

“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə: “Hərbiçilərə məxsus xüsusiyyəti var. Ancaq siyasi cəhətdən savadlı deyil. Aydın Həsənov çalışır ki, parlamentin iclaslarında fəal olsun. Ancaq bu, hər zaman uğurlu alınmır. Seçildiyi bölgənin icra strukturlarının fəaliyyətsizliyi ilə bağlı bir-iki dəfə çıxış edib. Onun düşüncəsinə görə, parlament seçkiləri ömürlük olmalıdır. Sözsüz ki, bu əsassız bir bəyanat idi. Bu həm müxalifət, həm də YAP-dan seçilən millət vəkillərinin narazılığına səbəb olmuşdu. Bir dəfə də o, hökumətin fəaliyyətini tənqid etmişdi. Sonra isə YAP-a üzv oldu. Onun jurnalistlərlə münasibətlərinə gəldikdə isə səmimidir. Vətənpərvər bir insandır. Maraqlı deputatdır, maraqlı bəyanatları olub”.

APA-nın əməkdaşı Elbrus Seyfullayev: “Ciddi deputat hesab etmirəm. Eşitdiyimə görə peşəkar hərbiçi olub. Ancaq bu, onun davranışından uzaqdır. Onun Milli Məclisdə bir neçə dəfə çıxışı olub. Hər biri də gülüş doğurub. Ümumiyyətlə, Aydın Həsənovun fəaliyyətini işgüzar və əhəmiyyətli adlandırmazdım. Həm də onun elə bir ciddi fəaliyyəti olmayıb ki, jurnalistlərlə də münasibəti olsun. Şəxsiyyəti haqqında isə məlumatım olmadığı üçün bir söz deyə bilmərəm”.

“Ayna” qəzetinin əməkdaşı Fərəh Əliyeva: “O qədər də aktiv deyil. Əsasən büdcə müzakirələrində və hökumətin hesabatında çıxış edir. Təbii ki, jurnalistlərin yaddaşında sonuncu təklifi ilə yadda qalıb. “Burada oturanların hamısı yaxşı oğlandı. Parlament seçkilərinin təxirə salınmasını təklif edirəm”-deyə bildirmişdi. Onun kimi indiyə qədər parlamentdə original təklif verən olmamışdı”.

“Həftə içi” qəzetinin əməkdaşı Nahid Canbaxışlı: “Onun haqqında yaxşı fikir yürütmək çətindir. Aydın Həsənovun hərbiçi təfəkkürü var. Bu yaxınlarda parlament seçkiləri ilə bağlı səsləndirdiyi fikirlər onun dayaz siyasəti olduğunu nümayiş etdirdi. Hər zaman Milli Məclisdə keçmiş komissar kimi çıxış edir. İnanmıram ki, o, növbəti parlament seçkilərində qalib gəlsin”.

“Şərq” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev : “Maraqlı deputatdır. Nə aktivdir, nə də passiv. Yəni pis deyə bilmərəm. Düzdür qanunverici təşəbbüslə çıxış etməyib, ancaq maraqlı təklifləri olub, bu da jurnalistlər tərəfindən maraqla qarşılanıb. Onunla yol yoldaşı olmuşam. Bu baxımdan səmimi insan olduğunu deyə bilərəm. Hətta o, parlamentdə bəzi həmkarlarını bəyənmir”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO