Facebook-da bir çox deputatlar profillərə malikdir və ara-sıra statuslar yazaraq, hər hansı məsələyə münasibətlərini açıqlayırlar. Maraqlıdır, parlament jurnalistlərindən kimlər onların dostları siyahısındadır? Bununla bərabər, deputatlarla Facebook vasitəsi ilə əlaqə saxlaya bilirlərmi?
Modern.az saytı bu mövzuda Parlament Jurnalistləri Birliyinin (PJB) üzvləri arasında sorğu keçirib.
“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlının “feysbuk”da cəmi 10 deputat dostu var. Bu azlığı o, Milli Məclis üzvləri ilə daha çox virtual deyil, telefonla əlaqə saxlaması ilə izah edib.
“Amma aktual mövzularla bağlı depuatlar öz səhifələrində fikirlərini paylaşanda istifadə edirəm. Məsələn, vitse-spiker Bahar Muradova vaxtaşırı öz “feysbuk” səhifəsində münasibət bildirir. Eləcə də Musa Quliyev, Sahib Alıyev, Adil Əliyev, Fuad Muradov da aktivdirlər. Aydın Mirzəzadənin “müdrik dərslər”ini isə müntəzəm izləyirəm”.
APA-nın əməkdaşı Mübariz Aslanov deyir ki, “feysbuk” dostluğunda Qənirə Paşayeva, Fazil Mustafa, Adil Əliyev, Aydın Abbasov, Zahid Oruc, Aydın Mirzəzadə və digər deputatlar var. “Amma sosial şəbəkədə olmayanlar da var ki, bir jurnalist kimi mən onlarla əməkdaşlıqda çətinlik görmürəm. 125 deputatın demək olar ki, 25-dən çox mətbuatla kifayət qədər əməkdaşlıqda aktivdirlər, yerdə qalanları passivdirlər. Onların köməkçilərinə belə, zəng edib düşmək olmur. Zahid Oruc, Əli Hüseynli, Siyavuş Novruzov, Rəfael Cəbrayılov, Çingiz Qənizadə, Qənirə Paşayeva, Bahar Muradova, Ziyafət ƏSgərov, Hadı Rəcəbli, Musa Quliyev və digər deputatlar fəaliyyətləri ilə bağlı informasiya yükü baxımından fəaldırlar”.
“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli bildirib ki, “feysbuk” dostluğunda 10-a yaxın deputat dostu var. “ Onlarla ünsiyyətim demək olar ki, həmişə yaxşı olur. Ancaq nədənsə deputatlar müsahibə və yaxud münasibət xarakterli yazışmalardan çəkinirlər. Belə başa düşürəm ki, bu səpkili sualları FB-də cavablandırmaqdansa, telefonda açıqlama verməyi üstün tuturlar. Əslində FB-də yazışma zamanı alınan müsahibə istənilən effekti vermir. Çünki cavablar qısa, fikirlər natamam olur. Deməzdim ki, dostluğumda olan bütün deputatlar səmimi danışır. Ancaq istədiyim suallara həvəslə cavab verən deputatlar da var. Onlardan Əli Məsimli, Aydın Mirzəzadə, Vahid Əhmədov və digərlərini göstərmək olar. O məsələ də var ki, dostluğumda olan deputatları heç də istədiyim vaxt tapa bilmirəm”.
“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev dostluğumdakı deputatların sayını dəqiq bilmədiyini deyib, çünki onlarla sosial şəbəkədə əlaqə saxlamır. “Qənirə Paşayeva, Adil Əliyev, Aydın Mirzəzadə, Etibar Hüseynov və başqaları ilə sosial şəbəkələr vasitəsilə əlaqə saxlamamışam. Məncə, bunu onlardan tələb etmək də doğru olmazdı. Çünki gün ərzində “onlayn” olmaq kifayət qədər boş vaxt tələb edir. Bu baxımdan ən yaxşı yol mobil telefondur”.
“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy deyib ki, o, sosial şəbəkələrdə yenicə fəaliyyətə başlayıb. Ona görə deputatlarla sosial şəbəkələrdə geniş danışa bilmir. “Gündəlik məsələlərdə aktiv olan deputatlar elə sosial şəbəkələrdə də aktivdirlər. Sadəcə onların tam monitorinqini aparmamışam”.
Modern.az saytının baş redaktoru Elşad Eyvazlı deyir ki, bu günə qədər heç bir deputatla sosial şəbəkədə danışa bilməyib. “Yəqin etmişəm ki, onlar bu müstəvidə danışmayacaqlar. Bilmirəm, onlar sosial şəbəkədə jurnalistlərlə danışmağı özlərinə sığışdırmırlar, ya hansı səbəbdəndir”.
“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə bildirib ki, “feysbuk” dostluğunda 5 deputat var. “Onlardan yalnız Aydın Mirzəzadəyə, Qənirə Paşayevaya bayramların birində təbrik yazmışam. Onlar da cavab veriblər. Dostluğumdakı deputatlara bundan başqa heç vaxt nəsə yazmamışam”.
“Gün.az” saytının əməkdaşı Kamil Həmzəoğlu isə dostluğunda olan deputatların adlarını qeyd edib: “Virtual aləmdəki dotluğumda Qənirə Paşayeva, Bahar Muradova, Sevinc Fətəliyeva, Zahid Oruc, Aydın Mirzəzadə, Adil Əliyev, Fazil Mustafa, Əli Məsimli, Azay Quliyev, İqbal Məmmədov, Asim Mollazadə, Fuad Muradov, Aydın Abbasov və Rövşən Rzayev var. Demək olar ki, onların hər biri ilə virtual aləmdə də normal münasibətlər qura bilmişəm. Nə vaxt lazım olubsa, onlara “feysbuk” vasitəsilə müraciət etmişəm və mənə lazım olan cavabları ala bilmişəm. Yəni onlar tərəfindən hansısa problemlə qarşılaşmamışam. Yazdıqlarımı ən çox və tez cavablayanlar isə Zahid Oruc və Aydın Mirzəzadədir”.
“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı qeyd edib ki, sosial şəbəkədə Fazil Mustafa, Əli Məsimli, Qənirə Paşayeva, Zahid Oruc, Aydın Abbasov, Fuad Muradov, İqbal Məmmədovla dostdur.
“İqbal Məmmədovdan başqa, digər deputatlarımızla çox səmimi münasibətim var. Nə vaxt yazsam, cavab verirlər. Bəzən olur ki, tez cavab ala bilmirəm, amma onları da başa düşmək olar ki, işləri çox olur. Düzünü desək, Qənirə xanım “feysbuk”da fəal olsa da, bəzən mənə heç cavab vermədiyi də olub. Onu da işinin çox olması ilə əlaqələndirirəm”.
“Trend” İnformasiya Agentliyinin əməkdaşı İlkin İzzət bildirib ki, deputatların bəziləri onun “feysbuk” dostluğunda var. “Onlarla çox nadir hallarda FB ilə əlaqə qururam. Əsasən telefonla danışıram. Bəzən suallarımı yazmışam, cavab olmayıb. Bəzən isə çox qısa şəkildə olub. Ona görə də, mən deputatlarla əyani görüşlərə və ya telefon danışıqlarına üstünlük verirəm”.