Ağcabədidə dünyaya gəlib. Qarlı şaxtalı yanvar günlərinin birində.
Amma ürəyinin isti hərarəti 45 ildir ətrafı yandırır. Yeni il sevinci qurtarmamış, gəlişi ilə ailəsini daha da sevindirib…
Ağcabədidə ilk qədəmlərini atıb.
Amma Ağdamın bir nömrəlisində təhsl alıb. Onda ədəbiyyata, poeziyaya olan sevgi məhz bir nömrəlidən başlayıb. Hətta əlinə qələm alıb şeir yazan, öz təbirincə desək “şeir quraşdıran” vaxtları da olub. Şeirləri “Lenin yolu”nda, “Azərbaycan pioneri”ndə çap olunanda sevincinin həddi hüdudu olmayıb. Belə məqamlarda siniflərində şeşələnə-şeşələnə addımlasada şair olmadı. Amma bu gün poeziyaya daha çox baglıdır. Bakı Dövlət Universitetində oxuduğu illərdə isə marağı publisistikaya yönəldi. Və fikrini qətiləşdirdi.
Artıq söhbətin mediamızın Yusifindən – Yusif Rzayevdən getdiyini bildiniz. O, bəziləri kimi 25 ildə 25 dəfə iş yeri dəyişməyib. Bəlkə, bu da bir qismətdir ki, ikinci iş yerində 20 ildir çalışır. “525-ci qəzet”in fəaliyyətə başladığı gündən qəzetin yaradıcılarından və əsas yükünü daşıyanlardandır Yusif.
O, həm də bu gün Azərbaycan mediasında barmaqla sayıla biləcək redaktorlardandır. Sanki beyninə Azərbaycan dilinin leksik bazasını proqram şəklində yazdırıb. Hansı sözün harada işlənməsini və ya bu sözün əvəzləyicini tapmaq onun üçün problem deyil. Həm də çoxlarına qələm tutmağı öyrədib, öyrətməkdə davam edir…
Bir dəfə “525-ci qəzet”in redaksiyasında görüşəndə bir material verib xahiş etmişdim ki, ona baxsın və ehtiyac duyarsa düzəltsin. Fikirləşdim ki, yəqin sabaha kimi baxıb fikrini deyər. Lakin elə olmadı və on min işarəlik siyasi terminlərlə dolu bir yazını elə bir səlist formada süzgəcdən keçirdi ki, gözlərimə inanmadım. Halbuki, mətni on nəfər oxumuşdu. Onların arasında həm qələminə, həm də şəxisyyətnə özünündə hörmət etdiyi dostlarımız da var idi.
Yusifi fərqləndirən cəhətlərdən biri də onun həm səmimiliyi, həm də verdiyi sözə vaxtında əməl etməsidir. Sözü demir, deyəndə isə onu kişi kimi icra edir. Amma ürəyindəki Qarabağ nisgili ona ürəkdən qol-qanad açmağa imkan vermir. Bəlkə də elə az yazmağı da bununla bağlıdır. Hər sözünə, cümləsinə fikrinə diqqətlə yanaşır. Maraqlıdır ki, kiməsə qarşı kin-küdurət saxlayan deyil YUSİF…
Yusif haqqında saatlarla danışmaq olar. Onun gözəl məclis adamı olmasından, məclisi aparmağından, məclisin şirin yerində yaxşıca şeir söyləməsindən və s. Lakin qardaşımın təvazökar oğlan olmasına şübhəm olmadığı üçün çox xırdalıqlara getməyə lüzum görmürəm…
Sadəcə ad gününü təbrik edirəm. Allahın izni ilə yaşadığın ömür qədər bundan sonra yaşamağı və yaratmağı, heç olmasa ad günlərinin birini doğma Ağdamımızda, Şuşamızda qeyd etməyi arzu edirəm…
Hörmətlə, səni özünə qardaş hesab edən Vüqar Tofiqli