Nobel mükafatı laureatı, yazıçı Orxan Pamukun əvvəlcə ingilis dilində nəşr olunan son “Saf və düşüncəli romançı” kitabı Türkiyədə bu günlərdə işıq üzü görəcək. Yeni romanda Ayişə və Zeynəb adlı iki xəyali qəhrəman yaradan Orxan Pamuk fransız yazıçısı Marsel Prustun “İtmiş zamanın izində” kitabından bəhs edir. Prustun çox az oxucunun səbr edib axırına çıxdığı bu roman türkcə 1990-cı ildə nəşr olunub. Vaxtının çoxunu kino və sərgilərə getməklə, kitab oxumaqla keçirən Ayişə də özünü başqalarından fərqli və intellektual göstərmək üçün bu kitabı alır. Amma bir gün bir hadisəylə üzləşir…
Şəhərin mərkəzində böyük bir kafedə oturub diqqət çəkmək üçün kitab oxuyan Ayişənin gözü Zeynəb adlı bir qıza dəyir. Zeynəb bol makiyajlı, cazibəli, amma geyiminə bir elə fikir verməyən, üstəlik, sənətlə-ədəbiyyatla əlaqəsi olmayan bir qızdır. Ayişə elə bu vaxt Zeynəbin də əlində Prustun kitabını görür, bütün xəyalları darmadağın olur və Prusta əlvida deyir. Yeni romanın qisa məzmunu budur.
Orxan Pamuka görə, insan başqalarından fərqlənmək və özünü cəmiyyətdə seçdirmək üçün oxuyur…
“SalamPress” qəzetinin xüsusi müxbiri Davud Yücel hazırda Türkiyədə olan Orxan Pamukdan müsahibə götürüb.
– Yeni kitabınız yazıçı olmaq istəyənlərə yol göstərir, belə demək olarsa, yaxşı yazıçılığın sirlərini açır. Yazıçının ən böyük qorxusu başqasının təsirində qalmaqdırmı?
– İlk yazılarımda, eləcə də ədəbiyyat jurnallarına məqalələr yazdığım vaxtlarda gənclər mənə bu sualı tez-tez verirdilər. Əslində, 400 illik roman tarixinin ilk sualı budur: Gözəl roman yazmaq üçün nə etməliyəm? Mən bu suala belə cavab verirdim: Elədə sən yazmasan yaxşıdır… Həvəs göstərmək olar, yazıçı kimi hisslərini paylaşmaqda heç bir məhdudiyyət yoxdur. Amma son 10 ildə Türkiyədə roman yazmaqda boşboğazlığın artdığına sahid oluram və mənim “yazma” dediklərimin hamısının yazıçı olduğunu görürəm. 40 ildir roman oxuyuram. Gənclik həyatım demək olar ki, roman mütaliəsiylə keçib. O illərdə, yəni 18-30 yaş arasında roman oxuyarkən zehnimdə, ruhumda yaşananları bir rəssamın dağlar, meşələr, çaylar çəkdiyi kimi səhifələrə köçürmək istəyirdim. Yəni başqasının təsirində qalmaq məni heç zaman narahat etməyib, düşündürməyib.
– Bu rahatlıq dünyamiqyaslı bir yazıçı omaqdanmı irəli gəlir?
– 1974-cü ildə yazmağa başladığım ilk romanım “Cevdət bəy və oğulları” cox mühafizəkar bir uslubda, hətta XIX əsr romanlarının, “Anna Karenina”ın (Lev Tolstoyun əsəri – D.Y.), “Buddenbroklar”ın (Tomas Mannın əsəri – D.Y.) təsirində yazılıb. İkinci romanım “Səssiz ev”də isə Uilyam Folknerdən Virciniya Vulf kimi Latın Amerikası romanlarının təsiri duyulur. Qısası, öz səsimi Borxes və Kalvino kimi yazıçıların səsi ilə birlikdə eşitdim. İlk tarixi romanım “Bəyaz qala”dır. Özümü ifadə etdiyim əsl romanım isə “Qara kitab”dır.
– Sonuncunu Orxan Pamukun ən faydalı kitabı hesab etmək olarmı? Çünki xəyal etməyi öyrədir…
– Roman oxumağa başlayan oxucu bir mənzərənin içinə düşəcəyi hissini keçirir. Roman oxumaqdan əsl zövq dünyanı kənardan deyil, içəridən, o dünyada yaşayan qəhrəmanların gözüylə izləməklə alınır. Romanlar əslində, ədəbi qurğudur. Bir roman bizim ən çox zəkamıza, əşyaları gözümüz qarşısında canlandırmaq qabiliyyətimizə, kəlmələrdən şəkillər quraşdırmaq gücümüzə təsir göstərir. Bəzi yazıçılar oxucuya sözlə, bəziləri isə xəyal gücünə xitab edirlər. Yazıçı xəyalında olanları ən dəyərli sözlə ifadə edib dayanmır, yavaş-yavaş ən yaxşı ifadəni də xəyal etməyi öyrənir. Bəzi yazıçılar romanlarını yazarkən istifadə etdikləri texnikanı, zehinlərində yaratdıqları düşüncələri və apardıqları hesabları elə bil avtomobilin sükanı kimi təbii bir şey olaraq həyata keçirirlər. Belə yazıçılar saf yazıçılardır, onları belə adlandırardım. Bunun tərsi istiqamətdə yazanlara, yəni roman qələmə alarkən hər şeyə diqqət göstərənlərə isə “düşüncəli” adı verirəm. Roman yazmaq eyni anda həm saf, həm də düşüncəli olmaqdan keçir. Tamam saf, tamam düşüncəli oxuculardan da uzaq olmaq lazımdır. Elə kitabın adı da buradan yaranıb: “Saf və düşüncəli romançı”.
– Roman yazmağı və oxumağı niyə bu qədər qəlizləşdiririk ki?
– Çünki yaxşı roman oxucusu olmadan qarşımızdakı məsələləri həll edə bilmərik. Roman rəğbət yaratmağın və başqasını anlamağın ən yaxşı üsuludur. Bir-birinə zidd fikirlərdən narahatlıq keçirməyib eyni anda həm inanmaq, həm də hər kəsi eyni şəkildə başa düşməkdir. Roman sənətini siyasiləşdirən də bu cəhətdir. Yazıçıların siyasi fikirləri və ya üzv olduqları partiyalar meyar sayıla bilməz, bu, mədəniyyət, sinif, cins mənsubu olaraq bizimlə eyni sırada dayanan başqalarını anlamaq cəhdidir, əxlaqi, siyasi və mədəni tənqiddən əvvəl ətrafa şəfqət duymaqdır. Bir şeyi də unutmayaq: “Roman ciddi həyati bir vasitədir, yazmadığımız və oxumadığımız müddətcə bizə heç bir faydası yoxdur”.