Bakıda «İnkişafın Azərbaycan modeli» adlı kitabın təqdimatı keçirilib. RİYAD MEDİA-nın xəbərinə görə, təqdimat mərasiminə Azərbaycanın bir sıra dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri, KİV rəhbərləri və deputatlar qatılıb. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, kitabın ideya rəhbəri və ön sözün müəllifi Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, redaktoru Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri, tarix elmləri doktoru Əli Həsənov, kitabın buraxılışına məsul «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovdur. Z.Səmədzadə bildirib ki, kitabda Azərbaycanın iqtisadi inkişaf yolları və bu sahədə həyata keçirdiyi tədbirlər təhlil olunub: «Azərbaycan dünyada yeganə dövlətdir ki, ölkənin inkişafının bütün sahələri konkret dövlət proqramları ilə əhatələnib. Azərbaycan rəhbərliyi MDB məkanında keçid dövrünün başa çatdığını ilk dəfə rəsmən elan etdi. Məhz bunun nəticəsidir ki, ölkə iqtisadiyyatı son illər artım tempinə görə dünya ölkələri arasında ilk yerlərdə qərarlaşıb. Dünyada hökm sürmüş qlobal böhranın Azərbaycana minimum təsiri də bu məqsədyönlü tədbirlərin nəticəsi olub”.
Tədbirdə çıxış edən akademik Asəf Nadirov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, millət vəkili Şəmsəddin Hacıyev, YAP-ın icra katibi, millət vəkili Əli Əhmədov, millət vəkilləri Əli Məsimli, Fazil Mustafa vurğulayıblar ki, kitabda müstəqillik dövründə Azərbaycanın keçdiyi inkişaf yolu sanballı arqumentlərlə təhlil olunub və diqqətə çatdırılıb. Kitabın dəyəri, əhəmiyyəti barədə danışıb, ideya müəllifinə, yaradıcı heyətə təşəkkürünü bildiriblər.
Kitabın redaktoru, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə çıxışında qeyd edib ki, kitab orjinal bir nəşrdir. Bu kitab təhlillər və dəyirmi masalar üçün əsas yaradır: “Azərbaycanın inkişaf modelinin təməlində ümummilli lider Heydər Əliyev dayanır. Dövlətin inkişafı tək iqtisadiyyat üzərində qurulmur. İqtisadiyyat bunun bazasını təşkil edir. Əminəm ki, gələcəkdə ayrı-ayrı tədris müəssisələri, alimlər buradakı məsələlərlə bağlı müzakirələri davam etdirəcəklər. Əsas məsələ odur ki, Azərbaycan dövlətinin iradəsi ortadadır”.