Sentyabrın 14-də, Gəncə şəhər İcra Hakimiyyətində Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri ilə bağlı növbəti yığıncaq keçirilib.
Milli.Az xəbər portalının “Kəpəz” telekanalına istinadən verdiyi məlumata görə, yığıncaqda keçiriləcək tədbirlərin ssenarisi, yubileylə əlaqədar görülən və görüləcək işlər, şəhərin təhsil, səhiyyə və digər müəssisələrində Nizami Gəncəvi haqqında maarifləndirmə işlərinin aparılması müzakirə olunub.
Gəncə şəhər icra başçısının birinci müavini İlham Əliyev bildirib ki, tədbirlərin qüsursuz hazırlanması üçün vaxtaşırı toplantılar keçirilir. Sabahdan yubiley çərçivəsində şəhərin təhsil və səhiyyə ocaqlarında təşkilatlar səviyyəsində geniş tədbirlərə start veriləcək. Bu tədbirlər ayın sonuna kim davam edəcək. Şəhər tədbirləri isə oktyabrın əvvəlindən 15-dək davam edəcək. Təşkilatlar səviyyəsində bəyənilən kompozisiyalar şəhər tədbirlərinə əlavə ediləcək. Bu vaxt ərzində şəhərin bütün yerlərində yubileylə əlaqədar “Nizami Gəncəvi 870”, “Dahi şairin yubileyinə xoş gəlmisiniz” və s. məzmunlu plakatlar asılacaq, “Xəmsə” qəhrəmanlarının illustrasiyaları yerləşdiriləcək, şəhər başdan-başa yubiley donu geyəcək.
Tədbirin ilk günü dahi şairin məqbərəsi ətrafında, Gəncə mehmanxanasının qarşısındakı heykəlin yanında, Xan bağında geniş proqramlı kompozisiyalar təşkil olunacaq, günün sonunda isə Zərrabi memarlıq kompleksində “7 məhbusun şikayəti” tamaşası səhnəyə qoyulacaq. Tədbirlərin 2-ci günündə mərkəzi meydanda Bakıdan gələn tanınmış müğənnilərin və yerli sənət adamlarının iştirakı ilə geniş konsert proqramı təşkil olunacaq. Meydandakı pavilyonlarda şəhərimizdə son zamanlar aparılan işlər öz əksini tapacaq.
Tədbirlərin üçüncü günü Mir Cəlal muzeyində Nizami Gəncəvi irsinin daha yaxşı tədqiqi ilə əlaqədar beynəlxalq elmi-nəzəri konfrans və poeziya günü təşkil ediləcək. Xatırladaq ki, tədbirlərin ssenari müəllifi Məmməd Alim, quruluşçu rejissoru isə Vaqif Şərifovdur. Bütün bu tədbirlərdə 10-a yaxın ölkənin Azərbaycandakı səfirləri, respublikanın digər tanınmış elm və sənət adamları iştirak edəcək. Yığıncağın sonunda bəzi toplantı iştirakçıları yeni təkliflərlə çıxış edib. Onlardan ən çox diqqət çəkənləri Gəncə şəhər Səhiyyə İdarəsinin hazırlayacağı kibrit çöplərindən 2 metr 90 sm hündürlüyündə Nizami Gəncəvi maketi, tədbir günlərində iştirakçılara paylanması üçün Gəncə Elm Mərkəzinin nəşr edəcəyi jurnallar, Aqrar Universitet tərəfindən hazırlanacaq marka, pul nişanları, 100-ə yaxın hədiyyə – bəzək əşyaları və s. olub. Qeyd edək ki, tədbir günlərində mərkəzi meydanda böyük monitorların quraşdırılması da planlaşdırılır.
Milli.Az