Nigar Köçərli: “Milli Kitab Mükafatı Yazıçılar Birliyinin layihəsi deyil”

İkinci Milli Kitab Mükafatı (MKM) dünəndən start götürüb. Layihənin yeniliklərdən biri münsiflər heyətinin sırasının genişlənməsi ilə bağlıdır.

Lakin tədbiri işıqlandıran ANS telekanalında Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevi münsiflər heyətinin sədri, layihəni isə Yazıçılar Birliyinin mükafatı kimi təqdim ediblər.

Bununla əlaqədar Lent.az-a açıqlama verən MKM-in təsisçisi Nigar Köçərli bildirib ki, münsiflər heyətində hər kəs eyni hüquqa malikdir: “Bu gün ANS-in “Salam Azərbaycan” proqramında yanlışlığa yol verildi. Deyildi ki, layihə Yazıçılar Birliyinin layihəsidir və Çingiz Abdullayev də münsiflər heyətinin sədridir. Bu, belə deyil. Layihənin Yazıçılar Birliyinə heç bir aidiyyatı yoxdur. Çingiz Abdullayev sadəcə münsiflər heyətinin üzvüdür. Münsiflər heyətində hər kəsin bərabər hüququ və hər kəsin bir səsi var”.

Mükafatla bağlı narazılıqların yaranmasına gəlincə, təsisçi bunu təbii hesab edir. Onun sözlərinə görə, indiyədək ədəbiyyat sahəsində belə böyük mükafat olmayıb: “Hər kəs də etiraf edir ki, ötən bir ildə ədəbiyyatımızda canlanma yaranıb. Elə məqsədlərimizdən biri də bu idi. Biz mükafatı təsis etməklə ədəbiyyatımızın inkişafına nail olmaq, kitab oxumaq vərdişini yenidən gündəmə gətirmək istəyirdik. Ötən müsabiqə də göstərdi ki, istəyimizə nail olduq. Niyyətimiz, məqsədimiz xoşdur. Bizi tənqid edənlərə haqq qazandırıram. Bu, normaldır. MKM Kommunist Partiyasının plenumu deyil ki, hamı oturub bir-birini tərifləsin. İstəyimiz də o idi ki, cəmiyyətdə canlanma yaransın. Tənqid inkişafa səbəb olur və biz bundan narahat deyilik. Amma münsiflərə “ötən il pislədin, indi niyə ordasan?” demək məncə, yerinə düşmür. Mən bunu mənəvi şantaj hesab edirəm. MKM daim genişlənməyə çalışan layihədir. Bu il münsiflər heyətinə Rafiq Əliyev, Cəmil Həsənli, Niyazi Mehdi, Şahbaz Xuduoğlu, Ayaz Salayev və Mehriban Ələkbərzadənin daxil olunması buna sübutdur. Əmin edirəm ki, növbəti il daha yeni adamlar əlavə olunacaq.

Mən kitab sahəsində işləyən adamam və ədəbiyyatla bağlı müxtəlif layihələr həyata keçirmək istəyirəm. İstəyirəm ki, cəmiyyətdə yaxşılığa doğru nələrsə baş versin, inkişaf olsun. Məncə, hər bir xoş ideyaya, layihəyə dəstək vermək lazımdı. Ümumi bir məqsədimiz var, o da ədəbiyyatın inkişafı”.

N.Köçərli onu da vurğulayıb ki, mətbu orqanlar münsiflərin adını tam açıqlamadığından müəyyən anlaşılmazlıqlar ortaya çıxır: “Məsələn, bəzi qəzetlərdə yazıçı Afaq Məsudun adı münsiflər heyətinin içərisində qeyd olunmayıb. Ancaq ötən il olduğu kimi, bu il də Afaq xanım münsifdir. Hesab edirəm ki, onun münsiflər arasında olması obyektiv seçimə böyük töhfədir”.

Xəyalə

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO