Natiq Əliyev: “Azərbaycan qlobal enerji oyunçusuna çevrilib”

Azərbaycan qlobal enerji oyunçusuna çevrilib. Trend-in məlumatına əsasən, bunu Azərbaycanın Energetika naziri Natiq Əliyev Bakıda keçirilən Beynəlxalq Caspian Oil & Gas-2015 konfransında deyib.
O bildirib ki, Avropa özünün enerji təhlükəsizliyinə görə, son dərəcə narahatdır: “Müəyyən mənada buna Ukrayna ilə Rusiyanın gərgin münasibətləri, Rusiya tədarükündən yüksək asılılıq və Şimal dənizində hasilatın aşağı düşməsi təsir göstərib. Təqribən 90 faiz neft, 60 faiz təbii qaz və 42 faiz kömür Avropaya idxal edilir”.
Nazir qeyd edib ki, bu səbəbdən Azərbaycan Qərbin diqqətini çəkib: “Azərbaycan Avropa üçün həm yeni enerji mənbəyidir, həm də yeni marşrutlar təklif edir. Həm də nəzərə almaq lazımdır ki, bura nəinki Azərbaycan qazı, eyni zamanda Mərkəzi Asiya və Yaxın Şərq qazı cəlb edilə bilər. Yəni Azərbaycan nəinki resurslar mənbəyi kimi, həmçinin tranzit ölkə kimi də çıxış edə bilər”.
N.Əliyevin sözlərinə görə, Azərbaycan dünyada energetika sahəsində əsas oyunçulardan birinə çevrilib: “Buna bir neçə amil səbəb olub. Azərbaycanın böyük enerji ehtiyatı var. Yaxın illərdə neft hasilatının səviyyəsini saxlamağa, qaz hasilatını isə iki dəfə artırmağa çalışacağıq. Bu imkan verəcək ki, ixrac potensialımızı əhəmiyyətli dərəcədə artıraq. Bundan başqa, Azərbaycanda bütün zəruri infrastruktur yaradılıb və tezliklə qazın emalı üzrə yeni proqram həyata keçiriləcək. Həmçinin Azərbaycan artıq o səviyyəyə çatıb ki, öz maliyyə resursları hesabına böyük layihələri reallaşdıra bilər”.
Nazir əlavə edib ki, Azərbaycan nəinki özünə, eyni zamanda bütün region üçün imkan yaradır: “”Cənub qaz dəhlizi”nə əməkdaşlıq memorandumu imzladığımız Türkmənistan, İran, İraq, hətta İsrail və Kipr qazı da qoşula bilər. Bunun arxasında Azərbaycanın gördüyü böyük işlər dayanır”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO