Nar Mobile mobil operatoru “Bakı karting və tədbir mərkəzində” yerləşən “Rich Club & Lounge”-də jurnalistləri bir araya gətirib.
SalamNews-un xəbərinə görə, şirkət media nümayəndələri üçün Nar Mobile brendinin fəaliyyəti və perspektivləri haqqında təqdimat keçirib. Təqdimat bitdikdən sonra jurnalistlər arasında metkartinq yarışı təşkil edilib, qalib gəlmiş yarış iştirakçılarına xüsusi hədiyyələr təqdim olunub. Tədbirin sonunda isə KİV nümayəndələri üçün axşam yeməyi təşkil olunub.
Tədbirdə iştirak edən “Azerfon” telekommunikasiya şirkətinin Biznesin inkişafı və kommunikasiya şöbəsinin nümayəndələri şirkət ilə jurnalistlər arasında isti münasibətləri şərh edərkən bildiriblər ki, Nar Mobile yarandığı gündən ölkəmizdə olan əksər KİV-lər və media qurumları ilə əməkdaşlığa başlayıb. Şirkət nümayəndələri bu əməkdaşlığın daha da möhkəmlənməsində səylərini davam etdirəcək.
Nar Mobile brendi mütəmadi olaraq jurnalist və media nümayəndələri ilə görüşlər keçirir. Şirkət hər il müxtəlif seminar və treninqlər, ekskursiyalar və turlar təşkil edir.