Musa Yaqubun “Dəyirmanı”

Xeyli vaxt idiki şairlə dəyirman haqqında söhbətləşmək istəyirdim. Hər  dəfə ortalığa bir iş çıxsa da, bu dəfə söhbətimiz alındı. Bəlkə də ilahinin bir qismətiydi ki, iki ildən sonra çiyin-çiyinə çalışıdığım, təşkilatımızın sədri, şair  Musa Yaqubla  dəyirman haqqında danışası oluruq. Ancaq bu dəfə  söhbət şairin uzun illər əvvəl qələmə aldığı əsərdən yox, un dəyirmanından gedəcək. O dəyirmandan ki, daim hallallığı sevmiş, ətrafa yaydığı ətri ilə seçilmiş, insanlara  inam, ümid  və həyat eşqi vermişdi. Maraqlıdır ki, indinin özündə o dəyirmana, o ətrə , o halallığa  sanki tamarzı qalmışıq. Bəlkə də elə bu səbəbdən idi ki, söhbətimiz daha maraqlı alındı. Bir nəfəsə qırx səkkiz  dəqiqənin necə keçdiyini heç Musa müəllimin özü də hiss etməmişdi…

Həmsöhbətim həvəslə danışır. Sual vermyədə imkan tapa bilmirəm. Sakitcə dinləmək məcburiyyətindəyəm…

Dəyirmanın  lazımı səviyyədə işləməsi üçün palıd taxtasından hazırlanmış nova  yığılan suyun həcmi gur olmalı, həm də hündürdən  “donuzluğa” tökülməliydi ki, dəyimanın çarxı hərəkətə gəlsin. Dəyirman daşını hərlədə bilən oxun ucuna iri həcmli təkər diskinə oxşar möhkəm poladdan hazırlanan dəmir bağlanırdı. Hündürdən tökülən su da məhz həmin diskin üzərindəki  eyni ölçülü və ara məsafəsi olan dəmir pərin üzərinə tökülməklə çarxı hərəkətə gətirirdi. Çarxın  hissələri əvvələr ağacdan olarmış.  Həmin çarxın iri gövdəsi isə öz növbəsində  dəyirman daşına bərkidilmiş mexanizmlə onu fırladırdı.

Dəyirman daşları dəyirmi olmaqla yanaşı, iyirmi santimetrdən artıq qalınlığı olan sal daşdan  yonulurdu. Daşın biri bütov, o biri isə onun gövdəsinə keçirdi. Bu daşların ara məsafəsini nizamlayan qurguya isə daban və ya qulaq deyərdilər. Dabanın qaldırmaqla un növünü dəyişmək olurdu. Bundan başqa dəyirmanın dabanını çox sıxanda donuzluqda axan suyun səviyyəsinə də təsir edirdi.

Suyun tökülən hissəsində  onu nizamlamaq üçün xususi bir qurğu da quraşdırılırmış. Dəyirmanın  bu hissəsinə bütövlükdə  qeyd etdiyim kimi  “donuzluq” deyirdilər… 

Nədən donuzluq deyildiyini həmsöhbətim maraqlı bir izah verdi:

– Donuz heyvanı adətən başını hər yana sürtür və baş vurmadığı   yer qalmır. Amma dəyirmanın   bu  hissəsi o qədər  qarışıq və səsli-küylü olur ki, hətta donuzda bura girə bilməzmiş. Elə bu səbəbdən də dəyirmanın su tökülən hissəsinə  “donuzluq” deyərdilər…

Dəyirmana keçirik…

Dəyirmanın bugda  tökülən hissəsinə təhnə, təhnədən dəyirman daşının  boğazına tökülən buğdanı nizamlayan qurguya isə “çax-çax” deyərdilər.  Çax-çax şindanı titrətməklə buğdanın dəyirman daşının boğazına tökülməsini nizamlayır.  Çax-çaxın əsasən  ağacdan olan pəri dəyirman daşı hərləndikcə şindana  dəyməklə çaqqıltı səsi yaradır. Elə ona görə də el arasında deyirlər “dəyirman öz işindədir, çax-çax baş aldadır”. Dəyirman daşı yeyildikcə ağacdan düzəldilən təhnəsi və şindanı sökülərək  “dişənir”.  Yəni xüsusi çəkiclə nizamlı şəkildə yarıqlar açılır. Onlar elə şəkildə nizamlanır ki, şindandan daşın gövdəsinə düşən buğda dənələri iki daş arasında əzilərək una çevrilə bilsin.

Son məhsul isə unluğa tökülür. Unluğa tökülən unun   havaya qalxan tözüna ard deyirlər.  Dəyirmanın içərisində adətən yuxarı günclərdə ağ rəngli toz qurumuna rast gəlmək olardı. Dəyirmanın üyüdülən buğdanın haqqını isə pulla yox, əldə olan məhsulun bir hissəini verməklə ödənirdi. Buna isə el  arasında şahad  deyərdilər. O isə ümumi ehtiyaclar üçün istifadəyə verilər və ya sonda ehtiyacı olanlara natura ilə satılardı. Yəni dəyirmanda pul söhbəti ilk illərdə olmazdı…

Həm söhbətim maraqlı bir məqama da toxunur.

Elə olur ki birdən, əlimyandıyla kiməsə un lazım olur. Və təhnədə olan buğdanın üyüdülməsi isə xeyli vaxt çəkə bilərdi.  Belə olanda dəyirmançı şindanının dabanı qaldırır və  daşda olan un sonadək unluga  tökülənədək  gözləyir.  Tam buğda qurtardıqdan sonra dəyirmançı  dəyirman işləyə işləyə əli ilə buğdanı  dəyirman daşının boğazına tökür. Az müddətdən sonra çəkiləsi  buğda üyünür. Və hər hansı narahatlıq yaranmır.  Bu prosesə isə  el arasında ağnagaz deyirlər…

Taxıl biçinindən də danışan Müsa müəllim çəltik  başağına  getməsindən də danışdı…

Başaq  taxıl biçinindən sonra yerdə qalan sünbüllərin yığımına deyirlər. Bəzi yerlərdə baş-ayaq deyilsədə, ədəbiyyatda başaq kimi yazılır. Taxıl biçinçilər kom şəklində  yığaraq dərz bağlayır və xırmana gətirməklə vəllərin (kəllər) köməyi ilə əzərək samanını ayırırlar. Sahədən dərz daşımamış heç kim sahəyə girə bilməzdi. Bu artıq yazılmamış bir qanun idi. Sonra şadaradan keçirməklə buğda ilkin olaraq təmizlənir. Bundan sonra xəlbirdən keçirməklə buğdanı dəyirmana  gətirərdilər. Dəyirmana adətən xəlbirdən keçən buğdanı aparardılar. Un üyündükdən sonra ələkdən keçirilir və ancaq bundan sonra çörək bişirilirdi…

İsmayıllıda daha çox çəltik əkildiyindən özünün də çəltik  başağı yığmağa getdiyini dedi. Həmsöhbətim burada incə bir məqamı vurğulamağı da unutmadı:

-Çəltik yığılan vaxtı sahələrdə çoxlu siçanlar olardı. Onlarda çox səliqə ilə iri düyü dənələrini seçib öz yuvasına aparar, qışa tədarük görərdilər. Biz də uşaq vaxtı elə öyrənmişdik ki, həmin yuvaları tapıb  siçanların yığdığı düyülərə “şərik” olardıq. Onların yığdıqları düyünün çəkisi isə bəzən iki kilodan  da artıq olardı. Siçanın düyü topladığı yerə isə meşəkürə deyərdilər…

Musa müəllimlə söhbətimiz maraqlı alınmışdı.  Özü də danışdıqca uşaqlıq və yeniyetmə illərində gördüyü, şahid olduğu  bütün məqamları bəlkə əlli dəfə təkrar edib prosesdə işlədilən sözləri dəqiqliklə deyirdi…

Həqiqətən uşaqlıq xatirələrinin hər birimiz üçün nədən bu qədər əziz olduğuna hələ də cavab tapa bilməmişəm…

Dəyirman mənim üçün də əziz bir yer idi. Uşaqlığımın dəyirmanlı günləri çox olmuşdu. O illərə qayıtmaq istəsəm də belə nə o dəyirman var, nə o təmizlik, hə də o halallıq…

Dünya inkişaf edir.Texnologiyalar  ilbəil yeniləri ilə əvəzlənir. Ancaq nə qədər dəyişsə də, nə qədər inkişaf etsək də, qədim adət-ənənəylə istehsal edilən məhsulların keyfiyyətini hec nə əvəz edə bilmir. Elə bil o dövrdəki  halallığı olduğu kimi növbəti nəslə ötürə bilməmişik. Bəlkə də buna görədir ki, keçmişdə işlənən sözləri də arxivə göndərmişik…  

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO