Musa Yaqub: “Üstümə düşdülər ki, niyə vurmadın…”

Söhbətimiz maraqlı alınmışdı. İki saat ərzində aləmi biri-birinə qatmışdıq. Gah aranı dağa, gah da əksinə…

Həmsöhbətim ov etməyindən tutmuş, keçmiş sovet dövrünün vurhavur vaxtındakı redaktorluğundan həvəslə danışır, söhbətimizn şirin alınması üçün arada Ağdamada dəyirdi. Şairin  səhər-səhər  elə bil ikinci nəfəsi açılmışdı. Hər bir hadisəni danışdıqca o illərə birgə  qayıdırdıq. Və hər dəfədə ozünü  qələm sahibi kimi sərbəst oldugunu xüsusi  olaraq vurğulayırdı Musa müəllim.

Həmsöhbətimin  müasir Azərbaycan poeziyasında öz möhürünü vurmuş Musa Yaqub olduğunu yəqin hiss etdiniz. Uzun illər boyu rəhbərlik etdiyi Söz Azadlığını Müdafiə Fondunun əməkdaşı kimi, daim həyat təcrübəsindən yararlandığım şairlə Şamaxı səfəri çərçivəsində söhbətləşmişdik. Düz üç il əvvəl…

Özünündə xəbəri olmadan söhbətimizi səsyazana yazmışdım. Bəlkə də xəbəri olsaydı bir çox mətləblərə toxunmazdı…Musa müəllim ürəyi buz kimi qala bilər. Beləliklə, yalnız onun ürəyindən keçənləri oxucuların müzakirəsinə verirəm…   

Söhbəti ovdan salıram. Cavan vaxtının ən maraqlı məqamı məhz dağkəli ovu ilə bağlı olmuşdu.

– Biz tərəflərdə ov etmək çox çətindi. Dağlarda sıldırım qayalar çox idi.  Hər adambaşı qayalığa rast gələrdin…

Dağkəli ovlamaq lap zülüm idi. Qayaların üstünə çıxıb-düşmək maraqlı olsa da, hər an təhlükəliydi. Vaxt olub ki, üç günlə qalmışıq meşədə. Gün olub bir günün içində ceyran-cüyür ya maral ovlamışıq. Amma vaxt da olub ki, üç gün qovhaqov, ortada da heç nə yox. Dilxor  qayıtmışıq…

İndi  meşələrimizdə ovlamağa  bir şey qalmayıb.

-Sizin evin yanından o tərəfdə qoruq var idi. İndi orada bir şey qalıbmı?- deyə sual verirəm.

 -Kimdi ora girən. Yoxlayırlar, hazırda ciddi nəzarətdə  saxlayırlar. O bizdən çox yuxarıdadır. Uşaqlıqdan yadımdadır ki, dağlarda çoxlu cüyür olardı. Hər səhər səsləri ətrafa yayılardı…

İndi belə səsləri ancaq yuxuda eşidirəm…

-Bəs bu səsləri təbiət  yox etdi, yoxsa insanlar?

-Beşatılanlar, avtomatlar çıxandan sonra insanlar sanki vəhşiləşdi. İndi eşitdiyimə gorə, bir az dağkəli qalıb bizim meşələrdə.

-Onun əti yeyilirmi?

-Onun əti kimi ət var? Özümüzlə gedəndə odun aparırdıq.

-Dağda odun yoxdumu?

-Dağda odun yoxdu. Ağacdı, bir də ot. Özü də oranın otu çürümür. Düzün otu quruyb çürüyür. Amma buranın otu quruyub sim kimi qalır. Qarın altında qalan o otu dağkəli axtarıb, tapıb yeyir. Sal daş tapırsan odunu qalayırsan  dağkəlinin can ətini doğrayıb bişirirsən. Qiyamət dadı olardı. Özü də orada ocaq elə yanır ki…

-Yəqin atmosferdəndir.

-Hə atmosfer təzyiqindəndir. Ömrümdə üç dağkəli ovlamışam…

Bir gün yoldaşlarla ova getmişik. Dedim ki, mən çöldə qala bilmərəm. Babadağa da hələ çox var. Gecə imkan olmadı, qaldıq meşədə.Yadımdadır. Avqustun 19-u idi. Bunlar o saat uzanıb yatdılar. Mən vurduğumuz dagkəlini qoymadım soymağa. Birini qoydum başımın altına, birini bu tərəfimə, birini də qarşı tərəfimə qoyub yatdım…

Ocaq hovdan düşür, havada soyuyur. Bulağın üstü baxıb görürsən ki, qaymaq bağlayıb, donub. Dağkəli dünyanın ən gözəl otunu yeyir. Niyə dadlı olmasın ki…

Bu arada həmsöhbətim maraqlı bir əhvalat danışdı…

-Bir dəfədə getmişik ova. Sürəkçilər düşüblər qabağa. Məni də oturdublar qabaqda. Bu zaman elə yuxu tutdu ki, elə bil yumşaq yorğan-döşəkdə yatmışam. Açığı göz-göz edib bir balaca da vurmuşdum. Birdən sürəkçilərin səsi götürdü aləmi. Yuxudan diksinib ayıldım. Gördüm ki,  maral gəlir, özü də inək idi, buynuzu yoxdu. Bu maral elə sürətlə gəlir ki, ağacların boynu ilə. İndi elə fikirləşirdilər ki, onu vuraram. Amma onu vurmaq olardı. Başımı belə qaldırmamış  maral gözdən itib getdi. Düşdülər üstümə ki, niyə vurmadın. Dedim ki,  siz öləsiniz ki, görməmisəm… Adama deyərlər ki, Mərəzədən heyvan qovub gətirmişəm niyə vurmadın axı. Mən də boynumdan atdım…

Musa müəlimin qəzet redaktorluğu da maraqlı keçib…

-İsmayillıya Qəşəm Aslanov birinci katib olanda gəlmişəm. Onun 5-6 oğlu vardı. Qeyrət,  Rövşən, Xəzər… Çoxuşaqlı ata idi. Bir qızı da var idi…

Sonralar respublikanın baş prokuroru olan  İsmət Qayıbov əvvələr bizim rayonun prokuroru idi.  Biz bir yerdə işləmişik, İsmət Qayıbov, Qəşəm və mən.  İsmət Qayıbovda yaxşı oğlan idi. Quran-yaradan adam, Qəşəm Aslanov da bacarıqlı, təmiz adam idi.  O vaxtlar üzümçülük və şərabçılıq komitəsinin sədri  olmuş Yunis Rzayevin bacısı oğluydu. Əvvəllər Şamaxının birinci katibi olmuşdu…

Qəşəmlə əvvəldən də münasibətimiz vardı. O, “Azərbaycan gəncləri” qəzetinin redaktoru, məndə Yazıçılar Birliyinin  jurnalında şöbə müdiri işləyirdim. Rayona gedib-gəlirdim. Sonra Şuşaya birinci katib getdi. Bizi qarşıladı, yer təşkil etdi. Sonra gəldi İsmayıllıya. Məndə təzə köçmüşdüm Bakıya. Dedim ki, bilsəm İsmayıllıya gələcəksən, heç Bakıya getməzdim…

Mərkəzi Komitədə məni qəbul etdilər, sonra büro da  redaktor kimi təsdiq etdi…

Bu arada söhbəti Ağdamdan salır.

1987-də Ağdama  dəvət etmişdilər. O vaxtlar Çörək muzeyində olmuşdum. Televiziya verilişi  çəkilirdi. Sadıq Murtuzayevdə birinci katib idi. Məni də ziyalı-şair kimi Ağdama çağırmışdılar.

-Muzey yadınızda deyil?

– Muzey yaranması gözəl ideya idi…

Yadımdadı. 2-3 dənə sərgidən ibarət idi. Dəyirman da var idi. Bəzi yazılar düz deyildi, düzəltdirdim. Dəyirmanın şindanı, təknəsi, unluğu. Sonra biz qulaq deyirik, onlar daban. Məsələn, qarğıdalı çəkən dabanı qaldırırsan, sürətlə gedir. Sonra novu, donuzluğu. Donuzluğu pərin fırlanan yeri. Su pərə vurur. Pər daşı fırladır. Dəyirmanın təknəsi dolur. Məsələn, sən gətirmisən 3 kisə dən. Bir kasıb da bir vedrə dən gətirib. İstəyir ki, dənini üyütsün, uşaq acdır. Gəlib indi çəkməlidir də. Qabağa düşüb dəni çəkirsə, ona ağnağaz deyirlər. Ayə, sən Allah icazə ver ağnağaz edim. Ovucla dəni tökür, 3-4 kilo dənini. Ununu götürür, sonra sənin dənin çəkilir…

Yenidən İsmayıllıya qayıdırıq…

Rayonun rəhbər vəzifəli şəxslərini, o cümlədən, redaktorları tez-tez göndərirdilər fermalara. Hərəmizi bir fermaya göndərdilər ki, gecə qalın orda. Görün inəkləri necə yemləyirlər. Məni də göndərdilər Xarasoya…

Plenumdu. Prokuror,  redaktorla yanaşı otururdu. İsmətlə yan yana oturmuşuq. Buna yazıram ki…

Qaldım Xarasoyda mən səhərədək
Ferma ətrafında bir hasar oldum.

İsmət də mənə cavab  yazır:

İnəyin qalmasın ac
Yediyi saman, salamac
Qanun keşiyində heyvandar oldum…

Sonra Qəşəm alıb oxuyardı yazdıqlarımızı…

Qonaq gələndə də, prokuror, redaktor, hakim  qonaqla oturardı. Mənəm, İsmətdi, gədəbəyli Hüseyn vardı hakim. Ağdam da olub e, onu deyirəm…

İsmayılıdayıq, cənnət bir yerdi, qonaqları yola saldıq Bakıya. Qəşəm dedi siz dayanın…

Səhər saat 4-ə qədər vurduq. Səhər doqquzdada plenum olmalıdı. Başım ağrıyır. Plenum başladı. İndi bu başladı: rəhbərlik səhərə qədər vurur-özü də vurub ey, prokuror işləmir, qəzet yazmır. Öz etdiyini atır üstümüzə…

Sonra onu apardılar Mərkəzi Komitəyə. Təbliğat-təşviqat şöbəsinə, Teymur Əliyevin müavini oldu. Sonra Abşerona katib qoydular. Biz də gedib-gəlirdik rayona… 

Sizin  Sadıq Murtuzayev kimi işləyən adam idi. Sadıqla Şəkidən münasibətimiz vardı. Abşeronda işlədi. Şəkidə camışçılıq ferması vardı. Orda olmuşuq. İxtisasca filoloqdu, filologiya elmləri namizədidir. Ədəbiyyat adamı idi. Şəkidə bir ədəbiyyat günləri keçirdi ki, bütün dünyadan nümayəndələr gəlmişdi. Qoyunu bişiriblər ayaq üstə. Qoç buynuzu üstündə. Araq-çaxır vermişdilər. Gedib ondan Moskvaya şikayət etmişdilər ki, onlar kef edirlər, gözəl yaşayırlar…

Sadıq ədəbiyyatı sevən adam idi…

Söhbətimizn sonuna yaxın tez- tez eşitdiyim şortik məsələsi barədə  soruşuram…

– O zaman bizdə bir dükan vardı. Gətirib ora itburnu, yarpaq, dərman bitkiləri verirdilər. Əvəzinə “vneştorq” malları verilirdi.  Xarici mallar paylanıb.  Mənə xəbər ediblər ki, gedin götürün. Uşaqları göndərmişəm ki, gedin görün nə var. Uşaqlar dedi ki, bəs ancaq şortik qalıb. İçinə iki adam girər. Mən şortiki neynirəm ə?

Mən də yazmışdım:

Redaksiya, həyət bağça-bağ kimi
Şortikimiz yellənir bayraq kimi,
Papaq nədir, parça nədir, çit verən
Sağ ol səni, ay bizə şortik verən…

Bu rayona necə yayıldısa. Bu şeirdən sonra bizi qabağa salası oldular…

O illərdə “Aktivlər” şeiri yazmışdım.
Aktiv olun, aktivinə yol verin
Tribunadan əl uzadır, qol verin
Sağa tüpürsən üzünə sol verin
Vallah üzü göndü bu aktivlərin
Gördükləri gündü bu aktivlərin…

Bu şeir Azərbaycanda çox geniş yayılmışdı. Katiblərin stolun üstündə vardı..

Qəzetə gedən materialların hamısına baxırdım, amma baş məqalə yazmırdım. Sevmirdim. Müavin yazırdı. Birinci katiblərin çıxışlarını da redaktor yazmalı idi. Mən imtina etmişdim…

Artıq bizdə Şamaxıya çatırıq. Söhbətimizi burda yekunlaşdırıb tədbirə qatılacağıq…

Beləliklə, Musa Yaqubla söhbətimiz Şərədildə bitəsi olur. İkisatlıq yolun nə tez çatdığını hec özü də hiss etmir…

Yaradıcı insanlar allaha bir addım yaxın olurlar. Bəlkə də, elə ona görədir ki, dəyər verdiyin insanı  bəzən başa düşmək olmur. On ildir bir yerdə çalışdığım Musa Yaqub da belə insanlardadır…

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO