Təbiətin saflığına, müqəddəsliyinə sığınmış, ömrünü təbiət qoynunda keçirən böyük söz adamı, istedadlı şair Musa Yaqubun dünən 75 yaşı tamam oldu. Təbiətimizin doyumsuz tərənnümçüsü, ustad Musa Yaqubla doğum günündən bir neçə gün qabaq görüşdük. Vaxt azlığından şikayətlənsə də, ustad şairimizlə yubileyqabağı söhbət etməyə imkan tapdıq.
– Necəsiniz ustad? 75 illik yubley ərəfəsində özünüzü necə hiss edirsiniz?
– Çox sağ olun, babatam. Əvvəlki işgüzarlıq, yazmaq həvəsi yerindədir. Yaş hərdən yada düşür. Hərdən hiss edirəm yaşın 75-ə gəlib çıxdığını. Hərdən düşünürəm ki, yaş keçir. Amma işgüzarlıq, əvvəlki yazmaq həvəsi yerindədir. Əvvəl necə həvəslə yazırdımsa, indi də o həvəs, o sevgi yerindədir. Dostlarla görüşlər, müəyyən məclislər, tədbirlər, qəzetlərə müsahibələr… Bir sözlə, hər şey öz axarıyla, öz qaydasıyla davam edir. Jurnallar, televiziyalar, radiolar arasında get-gəldə heç hiss olunmur yaşın gəlişi. Amma yaş, yaşdır da…
– Sadə bir insanla, şairin 75 yaşı arasında fərq varmı? Məsələn, 75 yaşlı şair 75 yaşında sadə insandan daha böyük iddialarda olmur ki?
– Məncə, elə bir fərq yoxdur. Daha doğrusu mən bu fərqi hiss eləmirəm. Şair ancaq yazdığı, düşündüyü vaxt şairdir. Məncə, başqa vaxt şair də adi qayğılarla məşğul olan insandır. Məqamlar var ki, o məqamlarda şair adi insandan fərqlənir.
– Hansı məqamlardır, ustad?
– Söz məqamı, yazı məqamı, şeir məqamı, ilham məqamı, oxumaq və kitabla məşğul olmaq məqamı… Təsəvvür edin ki, mənim heç yazı stolum yoxdur ki, oturum onun ətrafında və elan edim ki, mən şeir yazıram. Bunu heç təsəvvür eləmirəm. Düşünüb, fikirləşib, beynimdə hazırlayıb sonra yazıram.
– Heç vaxt yazı stolunuz olmayıb?
– Adi masa arxasında oturub yazıram. Mən masa arxasında oturub şeir fikirləşmirəm. Əvvəlcə düşünürəm, ölçüb-biçirəm, beynimdə şeir hazır olandan sonra masa arxasına keçib şeirimi yazıram.
– Ustad, hansı yaşlarda özünüzə hesabat vermişiniz? Ümumiyyətlə özünüzə hesabat verirsinizmi?
– Mən tez-tez özümə hesabat verirəm. Hesabatsız keçən günüm olmur. Hətta şair, yazıçı olmayan insanlar da, özlərinə hesabat verir və verməlidir də. Hər bir insan yatmazdan qabaq özünə hesabat verməli, etdikləri barədə yaxşı-yaxşı düşünməlidir.
– Özünüzə hesabat verərkən etiraf etdiyiniz həqiqətlər varmı? Məsələn, “kaş bunu etməzdim, kaş bu belə olmazdı”?
– Tez-tez olur belə hesabatlar. Hərdən insan özünə hesabat verir, bu hesabatın içində səmimi, şirin etiraflar olur. Özümə etdiyim etiraflar şirindir. Hər etiraf bir az da yüngülləşdirir adamı. Bir xasiyyətim var, elədiyim yaxşılığın arxasınca getmək heç vaxt xoşuma gəlmir. Kiməsə elədiyin yaxşılığın qarşılığını gözləmək doğru deyil. Peşimançılıq çox az olub.
– İncitdikləriniz olubmu?
– Əlbəttə olub. Həm gəncliyimdə, həm də indi incitdiyim, yüngülcə xətrinə dəydiyim adamlar olub. Məni də incidənlər olub.
– Sizə “təbiət şairi” deyirlər…
– Mənim ədəbi qəhrəmanlarım təbiətdən gəlir. Bu baxımdan “təbiət şairi” adlandırılmağımdan narahat olmuram. Mənim üçün palıd, vələs, cökə hərəsi ayrı bir obrazdır. Mən bəzən ictimai-siyasi prosesləri də təbiətin diliylə nəzmə çəkirəm. Mən öz duyğularımı təbiətin diliylə deyirəm. “Qarağacların ölümü” adlı bir şeirim hələ sovet dövründə qadağan olunmuşdu. Sonra həmin şeir Moskvada çap olundu və onun nəşrinə bizdə də icazə verdilər. Mən yazmışdım ki, “bəlkə də ağcaqovaqlar qarağacın suyunu oğurlayıb, bəlkə də kimsə qarağaca “qara” deyib”… Burda ictimai məzmun da vardı. Mən başqa mətləbləri təbiət diliylə yazmışdım o şeirdə. İnsanlardan yorulanda, təmizlənmək üçün təbiət qoynuna gedirəm. Təbiət insanı gözəlləşdirir, ruhuna qida verir. Təbiətə hücum, təbiəti qırmaq məni narahat edir. Təbiətə hasar çəkmək məni həmişə incidir. Təbiət hamıya məxsusdur. Təbiəti bizdən qoparırlar.
– Ustad, sizi təbiət şair elədi, yoxsa oxuduqlarınız, düşündükləriniz?
– Mən orta məktəbdə oxuyanda bir sinif yoldaşım, Stalin haqqında şeir yazdı. O həmin şeiri oxuyanda özümü çox mənasız hiss elədim. Düşündüm ki, mən əlaçı tələbəyəm, amma o şeir yazıb-oxuyur. Qəribə hisslər keçirirdim. Və başladım şeirə bənzər yazılar yazmağa. Bunlar hələ şeir deyildi. Bakıya, Moskvaya, Babəkə şeirlər həsr edirdim. Sonradan bu ötəri həvəs kimi keçdi. Daha sonra, Göyçayda pedaqoji məktəbdə oxuyarkən Bakıdan gələn aktyorlardan biri “Şair, nə tez qocaldın sən?” şeirini oxudu. Yenidən hisslərim yarandı. Yenidən yazmağa başladım. Amma etiraf edim ki, onlar da şeir deyildi. 1959-cu ildə “Azərbaycan gəncləri” qəzetində “İki qəlb, iki dünya” poemam çap olundu. İlk mətbu əsərim bu idi. Əzablar, şair hissləri ondan sonra başladı. İlk şeirimi 50-ci illərin ritorikası ilə yazırdım. Sonradan, şeirlər yazsam da qəbul olunmadı. Ondan sonra təbiətə üz tutdum. Ondan sonra təbiətin sirləri mənə açıldı və məni böyük şeirə gətirdi. Sevgini də, məhəbbəti də təbiət diliylə qələmə aldım.
– Təbiətə olan sevgi insan sevgisindən böyükdürmü?
– Müqayisə eləməzdim. Amma təbiət də, insan da eyni materialdandır. Mənim bir şeirim var. Tam əzbər bilməsəm də iki misrasını deyəcəm.
Nə hal varsa cəmiyyətdə,
Onu gördüm təbiətdə.
İnsan darıxır. Amma təbiətin dili yoxdur. Təbiət məhəbbəti başa düşmür. Bu baxımdan insanlarla ünsiyyətə ehtiyac var. İnsana hər zaman ehtiyacımız var. Bir az da qarşılığını görmək üçün sevirik.
– Ustad, qayıdaq sizin gənclik illərinizə… O vaxtlar kimi oxuyurdunuz, kimin yaradıcılığını bəyənirdiniz?
– İndi məktəblilər çox az oxuyur. Hətta deyərdim ki, oxumurlar. Mən 6-7-ci sinifdə oxuyanda Azərbaycan ədəbiyyatında yeni çıxan bütün kitabları oxuyurdum. Xarici ədəbiyyatı da, çox mütaliə edirdim. Sonradan ali məktəbdə oxuyanda bu mütaliənin mənim üçün faydası böyük oldu. Oxuduqlarım mənim üçün baza oldu.
– Sevdiyiniz şair kim idi?
– O vaxt bizim üçün Səməd Vurğunun yaradıcılığı çox maraqlı idi. Fütuhat, “qanadlı söz” onun qələminin məhsulu idi. Mikayıl Müşfiqi gizli-gizli tapıb oxuyurduq. Məmməd Rahimi izləyirdik. O vaxt M.Rahim mənə çox kömək elədi. Sonradan Məmməd Arazı, Fikrət Qocanı da oxudum. Ümumiyyətlə çalışıram çox oxuyum. Bu yaxınlarda “Ulduz” jurnalında şair Kəmaləddin Qədimin şeirlərini oxudum və mənə çox ləzzət elədi. Bizim vaxtımızda isə şeir sevinc idi və çıxan şeirlərə hamımız sevinirdik. İndi isə o hisslər ölüb.
– Bəlkə hisslər yox, şeir ölüb?
– Yox, şeir ölməyib. Sadəcə şou hər şeyi üstələyib. Şeiri, sənəti bazar səviyyəsinə salmışıq. Sənətin qiyməti öz yerində deyil. Şeir maddiyyata dönüb. Azərbaycanda şeirə verilən qiymət məni qane eləmir. Maddiyyat mənəviyyatı üstələyib. Ədəbi tənqidlə məşğul olanlar da, tanışlıqla, dostluqla yazılar yazırlar. Məncə şeir də yerində deyil, amma ölməyib. Şeir də ilahiyyatda, ruhaniyyatdan maddiyyata dönüb.
– Bəlkə şeirə azadlıq lazımdır ki, özü-özünü durultsun?
– Məncə şeirə azadlıq verilməlidir. Şeirin, sözün sərbəstliyini əlindən almaq olmaz. Tofiq Bayram deyirdi ki, “Şair zəifləyəndə, oxucu şairləşir”. Baxın, zəif şeiri oxuyan oxucu da, şeirin asan bir şey olduğunu düşünür. Şeirdə çox yüksək duyğular olmalıdır. Amma son vaxtlar bu yüksək duyğular yoxa çıxıb.
– Bizdə şeirin “bazarı” varmı?
– Sovet vaxtı “Azərkitab” vardı. Kitab çap olunurdu və onun yayımı ilə bu təşkilat özü məşğul olurdu. Ancaq indi belə bir şey mümkün deyil. Kitab satışı, şairin, yazıçının qonorar almaq imkanı yoxdur. İndi nə etmək olar ki, bu “bazar” bizim istəyimizə uyğun deyil. Sovet vaxtında qonorar çox yüksək səviyyədə idi. Bizdən əvvəlki şairlər seçilmiş əsərlərinin hər misrasına 5 manat alırdı. Bizim nəsil bu imkanlardan istifadə edə bilmədi. İndi də, yazıçı, şair neyləsin ki, bu imkanlar yoxdur.
– Amma prezident təqaüdü var. AYB bu yaxınlarda öz üzvlərinə ev verib… Sizcə, yazıçı və ya şair dövlətdən kömək ummalıdırmı?
– Axı şair hardan dəstək görməlidir? Şair də öz zəhmətinin bəhrəsini hansısa bir yolla görməlidir. Bunu dövlət də edə bilər.
– AYB sədri Anar, 20 ildən çoxdur ki, sədr postundan getmir. Sizcə, bu cür yanaşma nə dərəcədə doğrudur?
– Mən AYB-də çox sədrlər görmüşəm. Gələnlər bir az işləyir, sonra özləri yorulub, bezib gedirdi. Amma Anar nədənsə getmək istəmir.
– Anarla münasibətləriniz necədir?
– Pis deyil. Müəyyən hərəkətləri var ki, qəbul edə bilmirəm. Anar son müsahibəsində deyir ki, “Namizədliyimi verməsəm deyəcəklər qorxdu.” Axı belə düşünmək olmaz. Böyük ideyalarla yaşamaq lazımdır. Mən yazıçıların bir-birini ittiham eləməyini qəbul eləmirəm. Anarın gözəl əsərləri var. Onun tənqidlərə dözümsüzlüyü normal deyil.
– Gənclərin yaşlıları tənqid etməyinə münasibətiniz necədir? Məncə gənclərin tənqidinə ən az tuş gələn sizsiniz…
– Gərək gənclərin yazılarına sevinəsən. Gənclərin içində çox istedadlı qələm adamları var. Məsələn, Murad Köhnəqala, Səhər Əhməd, Rasim Qaraca və digərləri. Mən onların bir-bir adını xatırlamaya bilərəm. Amma hər zaman onların uğuruna, yazdıqları yaxşı bir şeirə sevinə bilirəm. Bir şeydən narazıyam. Gənclər düşünür ki, necə yazım ki, əndərəbadı alınsın. Bunun üçün hoqqabazlıq lazım deyil. Sənət hoqqabazlığı sevmir. Azərbaycan dilinin imkanlarından istifadə edib çox gözəl şeirlər, nəsr əsərləri yazmaq mümkündür. Azərbaycan dili bütün rəng çalarlarını qəbul edən dildir. Ənənəyə söykənib uğur qazanmaq mümkündür.
– Mən belə başa düşürəm ki, siz sərbəst şeiri qəbul etmirsiniz…
– Mən poetik yükü olan istənilən şeiri qəbul edirəm. Amma şeir elə yazılmalıdır ki, oxucu ondan zövq ala, oxuyub yadda saxlaya bilsin. “Kitabi Dədə Qorqud” dastanlarındakı şeirlər sərbəst vəzndə olsa da, qulağa xoş gəlir və axıcıdır. Bu baxımdan necə olur-olsun şeir aydın, başa düşülən və anlaşıqlı olmalıdır. Hansı vəzndə yazılması əsas deyil, əsas şeirin poetikasıdır.
– Ustad, sizi çox yormayım. Amma son olaraq bilmək istərdim ki, 75 illik yubiley ərəfəsində dövlətdən nə isə gözləntiniz varmı?
– Heç nə gözləmirəm. Mən dövlətin ədəbiyyata qiymət verməyinə qarşıyam. Dövlət ədəbiyyata qiymət verə bilməz. Çünki, dövlət tərəfindən ədəbiyyata qiymət verən insanların heç biri ədəbiyyat oxumur. Özü ədəbiyyatla maraqlanmayan insanlar ədəbiyyata qiymət verə bilməz. Mən xahişlə, minnətlə pay istəmirəm. Ədəbiyyat oxumayanların ədəbiyyata qiymət verməsi absurddur. Mən heç bir təltif, fəxri ad üçün xahiş etmək etməyəcəm.
– Yubiley ərəfəsində kimdənsə incikliyiniz varmı?
– Heç kəsdən incikliyim yoxdur. Mən oxucularımdan və onların münasibətindən razıyam. Sağ olsun İsmayıllı rayon Buynuz kənd orta məktəbinin kollektivi. Onlarla görüşümüz çox maraqlı oldu.
– Planlarınız varmı?
– Ciddi planım yoxdur. Yubleylə bağlı yeni kitabım çıxıb. “Dövrün dəyirmanı” adlı bu kitab yubiley hədiyyəmdir. Mən 20-30 yaşımda necə yaradıcılıqla məşğul oluramsa, bu gün də eyni qaydada davam edirəm.
Söhbətləşdi: Cəlil CAVANŞİR