“Yeni başçı İsmayıllı camaatına hörmət edəcəksə, ismayıllılar da ona hörmət edəcək”. Bu fikirləri Azərbaycanın tanınmış şairi, əslən İsmayıllıdan olan Musa Yaqub İsmayıllının icra başçısı Nizami Ələkbərovun işdən çıxarılması ilə bağlı təəssüratlarını Modern.az-a bölüşərkən bildirib. Nizami Ələkbərovun vəzifəsindən azad edilməsinə sevindiyini deyən M.Yaqub yeni başçını yaxından tanıdığını deyib.
“Bu dəyişiklik vacib idi. Mən əvvəldən də fikrimi bildirmişəm bu haqda. Nizami Ələkbərov deyirdi ki, “İsmayıllı sakinlərini bağışlamışam”. Amma gərək ismayıllılar onu bağışlayardılar ki, o belə desib. Prezident çox ədalətli qərar qəbul elədi. Yeni başçını çox yaxşı tanıyıram. O təmkinli, yaxşı bir insandır. Mirdaməd Sadıqov iqtisadiyyat üzrə mükəmməl bir mütəxəssisdir. Özü də İsmayıllının Lahıc kəndindədir. İsmayıllını, yerli camaatı gözəl tanıyır. Kənd-kəsəyin nəfəsini bilir, İsmayıllıın keçdiyi yolları bilir. Belə adamların təyinatı mənim üçün daha xoşdur. Ona görə ki, İsmayıllı da onun torpağıdır. İnşallah, yeni başçı ismayıllılara hörmət edəcəksə, ismayıllılar da ona hörmət edəcək. Mən bu təyinata sevinirəm”-,deyə M.Yaqub vurğulayıb.
Qeyd edək ki, prezident İlham Əliyev İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun vəzifəsindən azad edilməsilə bağlı sərəncam imzalayıb. Ölkə başçısının digər sərəncamı ilə Mirdaməd Sadıqov İsmayıllıya yeni icra başçısı təyin olunub.