Musa Yaqub da etiraz etdi: “Yaxşı ki, bizim xalqımız söyüş götürmür” – AÇIQLAMA

Azərbaycanın tanınmış şairi, sabiq deputat Musa Yaqub doğulduğu İsmayıllı rayonunda dünən gecə baş vermiş gərgin olaylara münasibət bildirib. M.Yaqub Modern.az saytına açıqlamasında doğulub boya-başa çatdığı İsmayıllıda sakinlərin etiraz aksiyası keçirməsinə bəraət qazandırıb. O, son vaxtlar İsmayıllıda məmur özbaşnalıqlarının geniş vüsət aldığını bildirərək, baş verən hadisənin gözlənilən olduğunu deyib.
“Bilirsiz ki, camaatın içində narazılıq var. Amma bu narazılığı məmurlar, rəhbərlər başa düşmürlər. İsmayıllılar elə mədəni insanlardır ki, yurdundan nəyin satılıb, nəyin alınmasına dinmir. Baş verənlərə səbr edir, dayanır. Bu məmurlar İsmayıllını yeyib-dağıdırlar, sonra xalqı söyürlər. Gəlmisən İsmayıllıya, yeyib-içib hər şeyi dağıdırsan, sənə göz yumurlar, bəs milləti niyə təhqir eləyirsən? Mənim ürəyim yanır ki, İsmayıllı gör kimlərin əlindədir. İsmayıllılar indiyədək bu qədər qəzəbli olmayıblar. İnsanlar artıq bu haqsızlığa, ədalətsizliyə dözə bilmirlər. Meşələrimiz satılıb, torpaqlarımız satılıb, İvanovkamız satılıb. Bu bəs deyil? Başa düşmürəm onlar nə istəyirlər? Yeyib talayırsınız, üstəlik durub sadə insanları söyürsünüz də… Camaat buna necə dözə bilərdi? Məmurlar özlərinə gəlməlidirlər. Bu qədər də özbaşnalıq olmaz. Min illərdir bu torpaq ismayıllılarındır. Ora mənim yurdumdur. Biz oralıyıq. Amma dünən vəzifəyə gələn birisi rayonu satıb yeyir, bu azmış kimi milləti də söyür. Yaxşı ki, millətimizdə heç olmasa bu kimi harınlamış insanların söyüşlərinə, təhqirlərinə qarşı dözüm yoxdur. Mən öz millətimdən buna görə də razıyam”,- deyə M.Yaqub narazılığını ifadə edib.
Qeyd edək ki, dünən axşam saatlarında İsmayıllıda keçirilmiş aksiya zamanı “Çıraq” oteli və bir neçə avtomobil yandırılıb. Etirazçı kütlə daha sonra icra başçısı Nizami Ələkbərova məxsus villanı yandırmaq istəyib. Aksiya zamanı bir neçə nəfər xəsarət alıb, 2 nəfər isə polis tərəfindən saxlanılıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO