Ermənilər Azərbaycan Müdafiə Nazirliyini onların internet saytlarına haker hücumları təşkil edərək təxribat xarakterli materiallar yerləşdirməkdə, daha sonra həmin materiallara istinad edən KİV-lərimizi isə qeyri-peşəkarlıqda ittiham edirlər.
Bununla bağlı Trend-in sorğusunu cavablandıran Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib ki, nazirliyin ermənilərin iddia etdikləri məsələlərə heç bir aidiyyatı yoxdur: “Biz belə işlərlə məşğul olmuruq. Müdafiə Nazirliyi erməni saytlarına heç bir haker hücumu təşkil etmir. Biz düşməni silahımızla cəzalandırırıq. Əksinə, ermənilər bizim saytlara qarşı intensiv haker hücumları təşkil edirlər və bunu etiraf da edirlər. Yeri gəlmişkən, ermənilər bir neçə gün bundan əvvəl xəbər yaymışdılar ki, Azərbaycan tərəfi guya haker hücumunun həyata keçirməyi planlaşdırır. Amma özləri bu günlərdə Azərbaycan və Türkiyənin 300-ə yaxın saytına haker hücumu təşkil ediblər”.
Polkovnik V.Dərgahlı qeyd edib ki, ermənilər KİV-lərdə Ermənistan ordusundakı neqativ hallar, cəbhədəki vəziyyət, eləcə də ordudakı itkilərlə bağlı məlumatları özləri yerləşdirirlər. Amma sonra ya qəsdən, ya da hərbi-siyasi rejimin müxtəlif yollarla təzyiqi altında bu məlumatları saytlardan çıxarırlar. Onlar vəziyyəti yalanla ört-basdır edərək situasiyanı başqa cür təqdim etməyə çalışırlar: “Nəhayət, ermənilər özləri boyunlarına aldılar ki, həqiqətən bir neçə gün əvvəl partlayan avtomobil onlarındır. Əvvəl deyirdilər ki, vurulan helikopter də Ermənistana məxsus deyil, 6 nəfərin minaya düşüb ölməsini də boyunlarına almırdılar, snayperimizin iki nəfər erməni hərbçisini vurmasına dair video kadrların da həqiqiliyini qəbul etmirdilər. Amma sonra hamısı təsdiqləndi. Müdafiə naziri Seyran Ohanyanın Azərbaycana könüllü əsir düşən əsgərin ailəsinə problemlər yaratdığını gizlətməyə çalışırdılar, amma axırda yerli əhali özü ayağa qalxdı. Bundan əlavə, deyirdilər ki, azərbaycanlılar özləri öz kəndlərini atəşə tuturlar. Ona görə də ermənilərin bu yalanlarına uymaq lazım deyil. Biz artıq onların belə dezinformasiyalarına öyrəncəliyik və bu kimi hallara qarşı lazım olan bütün önləyici tədbirlərimizi də görmüşük. Ermənilərin həm cəbhədə, həm də informasiya məkanındakı bütün təxribatlarının qarşısını alacağıq”.