Mübariz Əhmədoğlu: Erməni xalqının başına gələn faciələrə Qarabağ klanı ilə bərabər ABŞ da məsuliyyət daşıyır

“Bu gün erməni xalqı və dövlətçiliyi faciəvi dövrünü yaşayır. Verdiyimiz qiymət subyektiv ola bilər. Digər dəyərləndirmələr də ola bilər: Ermənistanda nümayişlərin zorla dağıdılması ABŞ-ın Ermənistandakı səfiri R.Mills tərəfindən demokratiyanın təntənəsi kimi qiymətləndirilər. Bu demokratiyanın təntənəsi Azərbaycana nümunə kimi göstərilə bilər. Amma bu vəziyyəti dəyişmir. Çünki, iqtisadiyyatın qanunlarının fəaliyyəti obyektiv faktorlarla şərtlənir. Həmin obyektiv faktorlardır ki, indi Ermənistanda belə vəziyyəti yaradıb”. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.



Politoloq bildirib ki, ABŞ, Aİ, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Ermənistanın iqtisadiyyatına siyasi, milli, dini yanaşması qətiyyən rol oynamadı: “Bir neçə ay bundan qabaq Beynəlxalq Valyuta Fondunun Ermənistandakı nümayəndəliyinin rəhbəri Daban Sançez Ermənistanın iqtisadi inkişaf perspektivlərini tərənnüm edən iclas keçirdi. Hətta yerli ekspertlər D.Sançezin hökumətin əməllərinə qulluq etməkdə ittiham edərək, iclası yarımçıq tərk etdilər. Əsas mübahisə Ermənistanın iqtisadi inkişaf perspektivləri və inkişaf tempi barədə fikirlərin müxtəlifliyi idi. İndi həmin D.Sançez etiraf edir ki, Ermənistan dövlət borcuna qulluğa görə qeyri-komfort zonadadır. Əgər beynəlxalq maliyyə qurumunun regional strukturunun rəhbəri iqtisadi prosesləri cəmi bir neçə aylıq dövr üzrə proqnozlaşdıra bilmirsə və ya proqnoz barədə düzgün məlumat vermək istəmirsə, bunun səbəbləri araşdırılmalıdır. Beynəlxalq maliyyə qurumları Rusiyanın iqtisadiyyatını baltalayırlar. Eləcə də Ermənistan iqtisadiyyatının tamamilə Rusiyadan asılı olduğunu etiraf edirlər. Amma paradoksal nəticə çıxarırlar: Rusiyanın iqtisadiyyatı geriləyəcək, Ermənistanın iqtisadiyyatı isə 4-6% artacaq. Beynəlxalq maliyyə qurumlarının Ermənistana yanşamasında iqtisadi amillərdən daha çox korrupsiya və siyasi amillər rol oynayır”.



M.Əhmədoğlu hesab edir ki, Ermənistanın indiki vəziyyətə düşməsinin əsas səbəbkarı ABŞ-dır: “Vaxtilə Bakı-Tbilisi-Ceyhan neft kəməri çəkilərkən bu kəmərin Tbilisidən deyil, Yerevandan keçməsi aktuallaşdı. Azərbaycan etiraz etmədi. Təki Dağlıq Qarabağ məsələsi həllini tapsın, Azərbaycan torpaqları işğaldan azad edilsin. Sonradan Bakı-Ərzurum qaz kəməri ilə də bağlı belə söhbətlər yayıldı. Nəticə bəllidir. Azərbaycan dəfələrlə Ermənistanı regional layihələrə qoşmaqla bağlı təkliflər verib, nəticəsi göz qabağındadır. ABŞ Dövlət katibi C.Kerri Azərbaycandan xahiş etdi ki, silahlanmağa ayırdığı pulu region xalqlarının, o cümlədən erməni xalqının rifahına ayırsın. Azərbaycan razılıq verdi və Azərbaycan torpaqlarının işğaldan azad olunması şərtini irəli sürdü. Ermənistan Kerrinin təklifini qəbul etmədi, sonradan Kerri də təklifini unutdu.



Ermənistanla Rusiya arasında qazın qiyməti ilə bağlı danışıqlar gedərkən, Azərbaycan tərəfi Ermənistana ucuz qiymətə qaz satmağa hazır olduğunu bildirdi. Ermənistan bunu da qəbul etmədi. İşin ən maraqlı cəhəti orasındadır ki, regional əməkdaşlıqdan və inteqrasiyadan danışan Qərb Azərbaycanın Ermənistanla əməkdaşlıq təkliflərinin heç birisinə dəstək vermədi. Nəticə bəllidir, Ermənistan dövlətçiliyi süquta gedir, erməni xalqı isə sosial iqtisadi problemlərin girdabındadır. Az keçmiş Ermənistan Qarabağ məsələsindən məcburən əl çəkəcəkdir. Eləcə də Qərb regiondakı maraqlarını tamamilə itirə bilər. Ona görə bu gün tam əsasla demək olar ki, erməni xalqının başına gələn faciələrə Qarabağ klanı ilə bərabər Qərb də məsuliyyət daşıyır”.



Politoloqun fikrincə, ABŞ-ın Ermənistanla bağlı makroplanı bəllidir: “Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmalıdır. Amma həmin ABŞ-ın Ermənistanla əlaqəli siyasətin icrasına məsuliyyət daşıyan məmurları isə tamamilə zidd siyasət aparırlar. Türkiyənin keçmiş Xarici işlər naziri Ə.Davudoğlu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının tədbirində iştirak məqsədilə Yerevanda olarkən onu Ermənistanın heç bir rəhbəri qəbul etmədi. ABŞ-ın Ermənistandakı o zamankı səfiri C.Heffern Ə.Davudoğlunun səfərinin Ermənistan Türkiyə münasibətlərinin normallaşmasına fayda verməsi istiqamətində çalışması əvəzinə, əks istiqamətdə fəaliyyət göstərdi. Bildirdi ki, Ə.Davudoğlunun Ermənistana səfəri əhəmiyyətsizdir. Az sonra ABŞ Dövlət katibi C.Kerri Ermənistana səfər edəcəkdi. İndi bəllidir ki, C.Kerri Ermənistana səfər etmədi. Belə səfər nəzərdə də tutulmamışdı. C.Heffern Ermənistan Respublikasına məxsus vertolyotun Azərbaycanın Ağdam rayonu ərazisinə qədər uçub gəldikdən sonra Azərbaycan hərbçiləri tərəfindən vurulması zamanı özünü müdafiə naziri S.Ohanyanın köməkçisi kimi apardı. Ermənistan hökumətinin rəsmi iclaslarında iştirak edən C.Heffern bir dəfə də olsun Azərbaycanla iqtisadi əməkdaşlığa dəstək vermədi. Beləliklə Qərb, xüsusilə ABŞ Ermənistan üzrə paradoksal siyasət aparır: Ritorikada özlərini Ermənistanın müstəqilliyinin, Rusiyadan ayrılmasının tərəfdarı kimi göstərir, reallıqda isə Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin yaxşılaşmasına heç bir dəstək vermir və bununla da Ermənistanı müstəqilliyini itirməyə və Rusiyanın forpostu olmağa itələyir.



Hər-halda Ermənistan regional iqtisadi layihələrə qoşulsaydı, Azərbaycandan neft qaz məhsulları ala bilsəydi, elektrik enerjisini Türkiyəyə sata bilsəydi, Ermənistanın dövlətçiliyi möhkəmlənərdi, əhalinin sosial iqtisadi vəziyyəti yaxşılaşardı. Bunun üçün Dağlıq Qarabağ probleminin həlli əsas şərtdir. Ermənistan Dağlıq Qarabağ problemini həll etmək niyyətində deyil. Bu məsələdə Qərb Ermənistanın yanındadır. Nəticə və hadisələrin inkişafı bəllidir. Ermənistan xalqının sosial iqtisadi vəziyyəti pisləşir, Ermənistan dövlətçiliyini itirir. Ermənistan Qarabağ problemi üzərində nəzarətini itirəcəkdir. Son iki prosesdən hansının əvvəl və ya sonra baş verməsi o qədər də maraqlı deyil. Qərbin məsuliyyətsiz siyasətçiləri isə yalnız müşahidəçi olaraq qalacaqlar”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO