“Kəpəz Müstəqil Teleradio Şirkəti” MMC-yə Gəncə və ətraf ərazilərdə radio yayımı aparmağa lisenziya verildi
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
MTRŞ-dən 525.az-a verilən məlumata görə, iclasda regional radio yayım proqramının açılması üçün Gəncə və ətraf ərazilərdə radio üzrə 93.3 MHz işçi tezliyinə 18 oktyabr 2012-ci il tarixdə elan edilmiş müsabiqənin nəticələrinə, “Lider TV və Radio-Azərbaycan” MMC-nin televiziya və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılmasına dair müraciətinə baxılıb.
Müsabiqədə 3 iddiaçı – “Kəpəz Müstəqil Teleradio Şirkəti” MMC, “Türkel TV” MMC və “Yevlax TV” MMC iştirak edib. Milli Televiziya və Radio Şurasının qərarına əsasən “Televiziya və radio yayımı haqqında” qanunun 15.5-ci maddəsinə uyğun olaraq müsabiqədə iştirak edən digər iddiaçılarla müqayisədə daha münasib maddi-texniki bazaya, peşəkar kadr potensialına, maraqlı və bu gün üçün xüsusilə aktual olan yayım konsepsiyasına malik olduğuna görə “Kəpəz Müstəqil Teleradio Şirkəti” MMC regional radio yayım proqramının açılması üçün Gəncə və ətraf ərazilərdə radio üzrə 93.3 MHz işçi tezliyinə elan edilmiş müsabiqənin qalibi elan edilib və ona 6 il müddətinə Gəncə və ətraf ərazilərdə radio yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul olunub.
Həmçinin “Televiziya və radio yayımı haqqında” qanunun 22.3-cü maddəsinə əsasən “Lider TV və Radio-Azərbaycan” MMC-nin televiziya və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edilib.