Vüqar Bayramov: “Hər bir şirkət mənfəət vergisinin 2 faizini sərbəst şəkildə hər hansı mətbu orqana ödəyə bilər”
Mətbuatın maliyyə problemləri bu sektorun inkişafında maneə yaradan başlıca amillərdən biridir. Bu gün qonşu ölkələrdən fərqli olaraq yerli kütləvi informasiya vasitələrinin (KİV) sərbəst maliyyə imkanlarına çıxış imkanları zəifdir.
Yəni telekanallarda və yazılı mətbuatda gedən reklamların miqdarı və keyfiyyəti özəl sektorun KİV-lə işləməkdə maraqlı olmadığını göstərir. Məsələn, reklamın bir dəqiqəsinin qiyməti orta hesabla Türkiyədə 30-50, Rusiyada 60, Gürcüstanda isə minimum 3 min dollar təşkil edir. Azərbaycanda isə bu göstərici 1500 dollardır. Azərbaycan televiziyalarının reklamdan gələn illik gəlirləri hətta Türkiyə qəzetlərinin əldə etdikləri vəsaitdən də aşağıdır. Məhz bunun nəticəsidir ki, Rusiya və Türkiyənin reklam bazarı 40 milyard, Gürcüstanda isə 1 milyon dollardır. Azərbaycanda reklam bazarının həcmi cəmi 352 mln dollardır. Sözügedən məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov dedi ki, Azərbaycanda KİV-ə Dəstək Fondunun yaradılması müsbət addım kimi mətbuatın maliyyə imkanlarını müəyyən qədər genişləndirsə də, bu, mətbuatın maliyyə problemlərinin tam həllinə gətirib çıxara bilməz:
“Mətbuatın maliyyə imkanlarının genişləndirilməsi yalnız dövlət ayırmaları ilə reallaşmamalıdır. Dünyanın heç bir ölkəsində dövlət mətbuata tam maliyyə dəstəyi vermir. KİV- lər öz maliyyə imkanlarını genişləndirmək üçün müxtəlif gəlir mənbələrindən istifadə edirlər. Son illər Azərbaycan mətbuatının maliyyə potensialı genişlənsə də, xüsusilə yazılı mətbuatın maliyyə imkanları məhdud olaraq qalmaqdadır. Mətbuatın maliyyə mənbələrinin tədqiqi göstərir ki, yazılı mətbuatın maliyyə imkanlarının genişləndirilməsi üçün bir sıra real və kompleks addımlar atılmalıdır”.
KİV-lərin reklam bazarında iştirakı mütləq təmin edilməlidir
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) bu sahədə konkret təkliflərlə çıxış etdiyini deyən həmsöhbətimiz Mərkəzi Şərqi Avropa ölkələrində olduğu kimi mətbuat vergisinin tətbiqini irəli sürür: “Mətbuat vergisinin tətbiqi şirkətlərə ödədikləri verginin bir hissəsini istədiyi mətbu orqana yönəltməyə imkan verəcək. Nəzərə alsaq ki, belə bir tədbir ilk dəfə Polşada tətbiq edilib. Polşa qanunvericiliyinə görə, hər bir şirkət dövlət büdcəsinə ödəyəcəyi mənfəət vergisinin 2 faizini sərbəst şəkildə hər hansı mətbu orqana ödəyə bilər. Bu zaman şirkət mətbu orqanı seçməkdə müstəqildir. Həmin vergini birbaşa mətbu orqanın bank hesabına köçürə bilər. Belə sistemin Azərbaycanda da tətbiqi daha məqsədəyuğun olar”.
Azərbaycanda mənfəət vergisinin 20 faiz olduğunu xatırladan mütəxəssisin sözlərinə görə, mətbuat vergisinin tətbiqi mətbuatın inkişafını sürətləndirən amillərdən biri ola bilər: “Şirkətlərin reklam xərcləri ilə bağlı limitləri aradan qaldırmasına ehtiyac var. Yaxud da həmin limit iki dəfə artırıla bilər. Hazırda limitlərin müəyyən edilməsi şirkətləri mətbuata reklam verməkdə maraqlı etmir. Şirkətlər reklam xərclərini tam olaraq öz ümumi xərclərinə daxil edə bilmirlər. Nəticədə onların ödənişlərində məcburi ödənişlərin məbləği azalmır”.
Onun firkincə, şirkətlər reklam xərclərini tam olaraq ümumi xərclərə daxil edərlərsə, bu halda onlar da reklam verməkdə maraqlı olarlar: “Bu onlara daha az məcburi ödənişlər etməyə imkan verəcək. Digər tərəfdən, dövlət layihələri çərçivəsində keçirilən tenderlərdə həm yazılı, həm də elektron mətbuatın iştirakına şərait yaradılmalıdır. Çünki mətbuatın qiymətləndirmə və monitorinq aparmaq imkanları daha genişdir. Əksər Avropa ölkələrində aparıcı mətbu orqanlar dövlət layihələrində qiymətləndirmə və monitorinq üzrə tenderlərin qalibi olurlar. Azərbaycanda həm iqtisadiyyat, həm də digər sektorlar üzrə qiymətləndirmə layihələri var. Həmin layihələr dövlət büdcəsi və ya beynəlxalq təşkilatlardan alınan vəsaitlər hesabına həyata keçirilir. Bütün hallarda həmin tenderlərdə mətbuatın iştirakını təmin etmək üçün qanunvericilik aktlarına dəyişiklik edilməlidir. Həmçinin ölkədə “Sosial sifarişlər” haqqında qanun qəbul edilməlidir. Bu qanunda mətbuatın sosial sifarişlərdə iştirakına icazə verilməsi təmin edilməlidir”.
Satış və yayımla bağlı problemlər çözülməlidir
V.Bayramov informasiya texnologiyalarının inkişafının yazılı mətbuatın maliyyə imkanlarına neqativ təsir etdiyini söyləyir: “Qəzetlərin satışı müəyyən qədər azalıb. Bir sıra aparıcı qəzetlər artıq öz elektron versiyalarına məqalələri tam olaraq yerləşdirmirlər. Bu da oxucuların qəzetləri köşklərdən almasına hədəflənib. Lakin elə oxucular var ki, ölkədən kənarda yaşayırlar. Təklif edirik ki, aparıcı qəzetlər yazılı abunə ilə yanaşı, elektron abunədən istifadə etsinlər. Elektron abunə üçün ödənişlər bank vasitəsiylə qəzetin hesabına köçürülə bilər. Yaxud ödəniş plastik kartlar vasitəsilə edilə bilər. Belə elektron müqavilələr 3, 6 aylıq və yaxud 1 illik ola bilər. Bu zaman internet ünvanındakı əsas yazılara giriş məhdudlaşdırılır və yalnız ad və şifrədən istifadə etməklə oxucu həmin materiallar ilə tanış ola bilir. İnternet ünvanının elektronlaşdırılması eyni ad və şifrədən bir neçə şəxsin istifadə etməsinin qarşısını alır. Əgər sistem eyni ad və şifrədən istifadə edilməklə eyni vaxtda saytda daxilolma qeydə alırsa, o zaman həmin ad və şifrə sistem tərəfindən “yandırılır” və bu zaman elektron abunə üzrə ödənişlər geri qaytarılmır. Bu isə abunəçilərin öz ad və şifrələrinin digərlərinə təqdim etməsinin qarşısını alır. Ona görə də xarici ölkələrin təcrübəsini öyrənən İSİM ekspertləri mətbuatın inkişafına ünvanlanan təklifləri satış kanallarının genişləndirilməsi, yayım şəbəkələrinin yaradılması və s. məsələləri də əhatə edir”.