Müasir Azərbaycan jurnalsitikasında ixtisaslaşmanın zəif olması, bir çox hallarda isə olmaması ifadəsi həmkarlarımızın bəzən haqsız narazılığına səbəb olar. Bəri başdan qeyd edim ki, əslində narazılar haqlı deyillər. Əlbəttə, həyatımızın bir çox sahələrindən yazan və bu istiqamətdə artıq ixtisaslaşan jurnalist kontingentimiz formalaşmaqdadır. Amma bəzi sahələr də var ki, hər gün qəzetlərimizi “boyaması”na baxmayaraq, problemcəmiyyətə düzgün çatdırılmır. Həmkarlarımız bəzi tip mövzulara nə yazıq ki, səthi yanaşır, problemin mahiyyətini subyektiv mülahizələri ilə əsaslandırmağa çalışırlar. Bu mövzulardan da biri azlıq anlayışı və mədəni müxtəliflikdir.
Bildiymiz kimi etnik qrup – etnososial təhsil, xüsusi etnik, etnopsixoloji, etnomədəni, dil və dini əlamətlərlə malikdir. Onun başa düşülməsi siyasi hüquqi terminlərdə milli azlıq kimi traktovka edilir. Beynəlxalq-hüquqi aktlarda “milli azlıq” və “etnik azlıq” (qrup) çox zaman adekvat kimi işlənilir. Sovet hakimiyyəti illərində SSRİ-də iki istiqamətdə güclü iş aparılırdı. İlk baxışda bu istiqamətlər bir-birinə əks mövqe təsiri bağışlamasa da, əslində məzmun etibarilə bir-birinə daban-dabana zidd məna kəsb edirdi. Daha doğrusu, o vaxtlar SSRİ-də yaşayan bütün xalqların tədricən bir-biri ilə qaynayıb-qarışması nəticəsində zorla “sovet xalqı” adı altında yeni birliyin yaradılmasına ciddi-cəhd göstərilirdisə, digər tərəfdən, beynəlmiləlçilik bayrağını əsas tutaraq, “dostluq” və “bərabərlik” şüarlarını ucalda-ucalda ayrı-ayrı respublikalardakı (bu baxımdan Azərbaycan SSR xüsusi yer tuturdu) müxtəlif tayfaları etnik qrup, etnik xalq, hətta bəzən bu və ya başqa etnik azlığı və yaxud azsaylı xalqı isə az qala millət kimi qələmə vermək cəhdləri olurdu. Çoxmillətlilik və beynəlmiləlçilik özü də şişirdilmiş səviyyədə, sanki bu və ya başqa respublikanın iqtisadi potensialını göstərən əsas amil idi. Azərbaycanda kifayət qədər olmasa da, müəyyən mənada bu məsələyə maraq və onun izahı yeni problem deyil, müxtəlif vaxtlarlda az-çox öyrənilib, ayrı-ayrı müəlliflər tərəfindən araşdırılıb. Lakin son bir neçə ildə aparılan araşdırmalar göstərdi ki, cəmiyyətin müxtəlif təbəqələrinin də “millət”, “xalq”, “etnik azlıq”, “azsaylı xalq” və “milli azlıqlar” ifadələri haqqında təsəvvürlərində qaranlıq nöqtələr çoxdur.
Bəzən bu terminlər qarışıq salınır, bəzən düzgün izah olunur, bəzən isə onların arasında mövcud fərqlərə heç bir məhəl qoyulmur. Nəticədə milli münasibətlərlə, milli məsələlərlə bağlı problemlərə qeyri-obyektiv mövqedən yanaşılır, bir sıra reallıqlar və tarixi gerçəkliklər təhrif olunur. Belə hallara bir çox KİV-lərdə tez-tez rast gəlmək olur. Hətta bəzən terminin daşıdığı tarixi, bioloji, siyasi çalarlardan ehtiyat edən həmkarlamız onu dırnaq arasına alaraq göstərirlər. Bu azmış kimi bəzən bu təbəqənin insanlarını adı və soyadı ilə deyil, etnik kimlikləri ilə çağırırlar. Əslində isə vətəndaşlıq hüququ olan hər bir şəxsin, mənəviyyatca ona daha yaxın olan hər hansı milli və ya etnik qrupun üzvü olmağa sübyektiv hüququ var. Azlıq, qrup hüququnun subyektidir. Belə bir təyinetmə üçün nə şəxsin mənşəyini bilmək, nə də başqa bir vasitə lazım deyil.
Əlbəttə, “millət”, “xalq”, “azsaylı xalq”, “milli azlıq”, “etnik azlıq” məfhumları təzə yaranan terminlər deyil. Öz məna çalarlığı baxımından nə dünənin, nə də bu günün reallığı ilə izah edilə bilər. Bu terminlər müxtəlif dövrlərdə ayrı-ayrı tayfaların xalq, ayrı-ayrı xalqların tədricən millət kimi formalaşması prosesi nəticəsində meydana gəlib. Bütün dünya ictimaiyyətinin bu terminlər haqqında aydın və dəqiq təsəvvürləri var. Azlıq anlayışından danışarkən mədəni müxtəlifliyə də toxunmaq lazımdır. Çünki bütün ölkələrdə bu kateqoriyadan olan insanlara ictimai-siyasi hüquqlardan daha çox, mədəniyyətlə bağlı məsələlərdə də geniş səlahiyyətlər verilir. Mədəniyyətin isə ən mühüm şərtlərindən biri – mədəni müxtəliflik və plüralizmdir. Bu problem etnik, milli və ümumbəşəri miqyaslarda mədəni ünsiyyət və inteqrasiyanın təhlili üzərində qurulur. Mədəniyyətin təsiri və funksiyaları müxtəlif sivilizasiya tiplərində müxtəlif cür özünü göstərir. Bu da mədəniyyətin daxili məzmun və strukturunda mövcud olan dəyər oriyentasiyaların fərqliliyindən irəli gəlir.
Milli-mədəni müxtəlifliyin təməl elmi prinsip, fakt və yanaşma metodu kimi əsaslandırılması dahi alman mütəfəkkiri İ.Herderin adı ilə başlayır. O, özünün “Bəşəriyyətin tarix fəlsəfəsinə dair ideyalar” əsərində bəşər cəmiyyətinin formalaşmasında mədəniyyəti ən mühüm faktor kimi vurğulamışdır. İ.Herderin fikrincə, məhz dində, dildə, sənətdə, elmdə təcəssümünü tapan mədəniyyət hər bir cəmiyyətin bənzərsizliyini, identikliyini şərtləndirir. Mədəniyyəti yalnız öyrənmək deyil, həm də qəbul etmək başqa mədəniyyətin mövcud olması kimi təbii tarixi fakt kimi qəbul etmək lazımdır. Etnologiyada yayılmış fikrə görə, “mədəni birlik” dedikdə müəyyən etnosu təşkil edən müəyyən toplum başa düşülür və burada mədəniyyət sosial həyatın bütün tərəflərini (siyasət, iqtisadiyyat və s. sahələrə ayrılmadan) əhatə edir.
Soyuq müharibədən sonra dünyada insanlar arasındakı ən mühüm fərqlər, nə siyasi, nə iqtisadi, nə də ideoloji fərqlərdir. Bunlar mədəni fərqlər və müxtəlifliklərdir.