Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib. Modern.az xəbər verir ki, MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiya 3 məsələni araşdıraraq müvafiq rəylər çıxarıb.
İclasda öncə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun iki mətbu nəşr-“Xural” və “Millətim”lə bağlı müraciətlərinə baxılıb.
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı şikayət doğuran yazılarla bağlı artıq qarşı tərəflə məhkəmə müstəvisində anlaşma əldə edildiyini bildirib. Amma onun nəzərinə çatdırılıb ki, müzakirədən məqsəd mətbu nəşrdə R. Arifoğlu barəsində gedən materiallarda “Azərbaycan Jurnalistlərinin Peşə-Davranış Qaydaları”nın tələblərinin nə dərəcədə gözlənilməsinin müəyyənləşdirilməsidir. Komissiya üzvləri həmin yazılarda şərəf və ləyaqətin təhqirinə yönələn fikirlərə, alçaldıcı ifadələrə geniş yer verildiyini Ə. Zeynallının nəzərinə çatdırıblar.
İclasda “Xural”da oxşar səpkili yazılara mütəmadi yer verilməsi praktikası etik prinsiplərə ciddi sayğısızlıq kimi dəyərləndirilib. Baş redaktora nəşrin gələcək fəaliyyətində belə halların təkrarlanmamasını tövsiyə edən komissiya tərəfindən “Xural” qəzetinə xəbərdarlıq olunub.
R.Arifoğlunun “Millətim” qəzeti ilə bağlı şikayətini müzakirə edən komissiya üzvləri “Millətim” qəzetində qarşı tərəflə bağlı gedən yazılarda çoxsaylı açıq söyüş və təhqirlərin yer aldığını müəyyənləşdiriblər. Komissiya qəzetin səhifələrində mütəmadi şəkildə etik prinsiplərə uyğun gəlməyən materialların yer tutduğunu əsas götürərək “Millətim” qəzetinin adının MŞ-nin “qara siyahı”sına salınması üçün rəy verib.
İclasda Bakı 1 saylı Dəri-Zöhrəvi Dispanserinin “Azad Azərbaycan” qəzetinə qarşı şikayəti də müzakirə edilib. Komissiya qəzet əməkdaşının peşə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərini və həmin mətbu nəşrdə gedən müvafiq materialı “reket jurnalistika”nın təzahürləri kimi dəyərləndirib. Belə rəyə gəlinib ki, məsələnin daha geniş araşdırılması MŞ-nin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına həvalə edilsin.
Modern.az