Azərbaycan Mətbuat Şurasında (AMŞ) jurnalist-hüquqşünas Fəxrəddin Ağamirzəyevin «Dönüşdən qurtuluşa» kitabının təqdimatı olub.
SalamNews-un verdiyi xəbərə görə, AMŞ-ın sədri Əflatun Amaşov bildirib ki, «Dönüşdən qurtuluşa» kitabının məğzini F.Ağmirzəyevin SSRİ-nin hələ dağılmadığı 1991-cı ildə ümummilli lider Heydər Əliyevdən Naxçıvanda götürdüyü və Saatlı rayonunun «Dönüş» qəzetində dərc etdirdiyi müsahibə təşkil edir. Həmin müsahibədə H.Əliyevin həyat və siyasi fəaliyyətinin ən çətin, oxucular üçün indiyədək məlum olmayan məqamları açıqlanıb. «Dönüşdən qurtuluşa» kitabının müəllifi F.Ağamirzəyev çıxış edərək müsahibənin hazırlandığı dövrün xarakterik xüsusiyyətləri barədə məlumat verib.
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında həmin vaxtlar ümummilli lider Heydər Əliyevlə görüşmək və ondan müsahibə götürərək qəzetdə verməyin böyük cəsarət tələb etdiyini vurğulayıb. Digər çıxışçılar da eyni fikri bölüşüblər və müəllifin əməyini yüksək qiymətləndiriblər. Bildirilib ki, bu kitab böyük insanın müasiri və müsahibi olan jurnalistin yaradıcılıq məhsulu kimi diqqətə layiqdir.
Xatırladaq ki, «Dönüşdən qurtuluşa» kitabı «Adiloğlu» nəşriyyatından çapdan çıxıb.