Azərbaycanın media ictimaiyyətinə ağır itki üz verib. Məşhur jurnalist, Rusiyanın İTAR-TASS İnformasiya Agentliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Viktor Şulman uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.
V.Şulman 1947-ci ildə Bakıda anadan olub. Hələ tələbəlik illərindən dövrü mətbuatda müxtəlif janrlı məqalələri dərc edilən Viktor ixtisasca tarixçi olsa da, taleyini jurnalistikaya bağlayıb.
Bir müddət Şirvan şəhərində (keçmiş Əli Bayramlı) rus dilində çıxan “Mayak” qəzetində işləyib. Sonra Azərbaycan Dövlət Teleqraf Agentliyinə (keçmiş “Azərinform”) dəvət olunub. 1993-cü ilə kimi orada çalışıb. V.Şulmanın energetiklər şəhərindən və eləcə də Muğan, Mil bölgələrindən hazırladığı informasiyalar ölkə ictimaiyyətinin yerli həyat barədə məlumat dairəsinin genişlənməsində əhəmiyyətli rol oynayıb. Bir sıra yaradıcılıq müsabiqələrində layiq görüldüyü diplomlar və mükafatlar onun jurnalist kimi səmərəli fəaliyyətinə verilən qiymətin təzahürləri olub.
V.Şulman 1993-cü ildə İTAR-TASS İnformasiya Agentliyinə dəvət edilib. Əvvəl müxbir işləyib, sonra yüksək peşəkarlığı nəzərə alınaraq bu agentliyin Azərbaycan nümayəndəliyinin rəhbəri təyin olunub.
Jurnalisti səciyyələndirən başlıca keyfiyyətlər sırasında istedadı ilə bərabər vətənpərvərliyi, Azərbaycan sevgisi olub. Həyatını çox vaxt təhlükəyə ataraq odlu-alovlu bölgələrə üz tutması, Qarabağ hadisələrini, döyüş əməliyyatlarını yerində işıqlandırması onun bu keyfiyyətlərindən irəli gəlib. V.Şulman o zaman belə belə iş metoduna önəm verən azsaylı Azərbaycan jurnalistlərindən biri idi. Onun operativliyi, obyektivliyi, peşəkarlığı prosesləri baş verdiyi məkanlarda izləməkdə, olayları real qiymətləndirməkdə özünü biruzə verirdi.
Həyatda nümunəvi ailə başçısı, qayğıkeş ata, baba olması da V.Şulmanı ətrafdakılara sevdirmişdi.
Azərbaycanın əməkdar jurnalisti fəxri adına layiq görülmüş həmkarımız gənc media təmsilçilərinə bilik, bacarıq və təcrübəsini həvəslə təlqin edirdi. Buna görə də o, jurnalistlərin dərin rəğbətini qazanmışdı.
Azərbaycan Mətbuat Şurası dəyərli media xadimlərimizdən olan Viktor Şulmanın vəfatını ağır itki sayır, onu tanıyanlara və doğmalarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.