Dünən Azərbaycan Mətbuat Şurasının və Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin birgə təşəbbüsü ilə 3 may Ümumdünya Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş «dəyirmi masa» keçirilib. MŞ-də baş tutan tədbiri giriş sözü ilə Şura sədrinin müavini, BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu açıb.
U.Rəhimoğlu bildirib ki, hər il dünyada qeyd edilən Ümumdünya Söz və Mətbuat Azadlığı Gününün özünəməxsus tarixi var. «Soyuq müharibə»nin başa çatması ilə dünyanın siyasi düzənində dəyişikliklərin baş verdiyinə diqqət çəkən komitə rəhbəri medianın da mövcud situasiyaya adekvat reaksiyasının vacibliyindəhn bəhs edib. Lakin onun bir sahə kimi mütəhərrikləşməsi müəyyən qüvvələr üçün heç də arzulanan vəziyyət vəd etməyib. Belə bir məqamda mətbuat azadlığının qorunması, müstəqil və plüralist informasiya vasitələrinin inkişafı zərurəti meydana çıxıb. 1991-cı ildə Afrikada yerləşən Namibiyanın paytaxtı Vindhukda seminar keçirilib. Tədbir iştirakçıları Vindhuk Bəyannaməsini qəbul ediblər. Mövcud sənəd sonrakı proseslərə də öz təsirini göstərib. YUNESKO-nun Baş Konfransı özünün 26-cı sessiyasında «3 may 1991-ci ildə qəbul edilmiş Bəyannamənin ildönümünü keçirməyi və may ayının 3-nü hər il «Ümumdünya Mətbuat Azadlığı günü» kimi qeyd etməyi» BMT-nin Baş Məclisindən xahiş edib. İki il sonra BMT-nin Baş Məclisi YUNESKO-nun Baş Konfransının təklifini nəzərə alaraq may ayının 3-nü «Ümumdünya Mətbuat Azadlığı günü» kimi rəsmiləşdirib. «2012-ci ilin geridə qalan 4 ayında dünyada 35 jurnalist peşə fəaliyyətini yerinə yetirərkən həlak olub. Ötən il bu rəqəm 105 olub. Elə bir, peşə sahəsi yoxdur ki, orada məhz mövcud istiqamətdə statistika aparılsın. Bu, söz və mətbuat azadlığı məsələlərini aktuallaşdıran kifayət qədər dolğun göstəricidir», – deyən U.Rəhimoğlu həmçinin əlamətdar tarixin Azərbaycan mediası üçün də mühüm əhəmiyyət daşıdığını önə çəkib. O, həmçinin çıxışında iştirakçıları BMT-nin baş katibi Pan Gi Munun və YUNESCO-nun baş direktoru İrina Bokovanın 3 may tarixi ilə bağlı birgə müraciəti ilə də tanış edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Səfərli çıxışında ölkəmizdə mediaya göstərilən qayğı nümunələrindən söhbət açıb. O bildirib ki, dövlətin sahəyə diqqəti özünü bir çox cəhətdən göstərib. Senzuranın ləğvindən tutmuş rəhbərlik etdiyi qurumun formalaşdırılmasına qədərki müddətin icmalını verən V.Səfərli KİVDF-nin hazırkı fəaliyyət istiqamətlərindən ətraflı danışıb. İcraçı direktor reallaşdırılan tədbirlərin jurnalistikanın inkişafı baxımından vacibliyini göstərərək onların qayəsində söz və mətbuat azadlığına dəyər verilməsinin dayandığını deyib.
MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib ki, 3 may tarixi BMT-yə daxil olan bütün ölkələrdə qeyd edilir. Amma qurumdakı dövlətlərin heç də hamısı söz və mətbuat azadlıqlarına lazımınca dəyər vermirlər. Bu mənada 3 may tarixi onların bəziləri üçün yalnız təqvim hadisəsidir. Azərbaycanda isə bu, bir bayram günüdür.
Qeyd edilən tarixin bir neçə mərhələdən keçdiyini vurğulayan M.Ələsgərli mövcud istiqamətdəki rəsmiləşmənin tam olaraq 1997-ci ildə başa çatdığını bildirib. Həmin il Bolqarıstanın paytaxtı Sofiyada media üçün vacib tezislər qəbul olunub. Bu tezislərdən biri medianın dövlət qurumları üzərində ictimai nəzarət funksiyasını öz üzərinə götürməsi, digəri onun cəmiyyətə informasiya vermək funksiyasının qətiləşdirilməsi idi. Üçüncü bir məqam sahə üzrə qanunvericiliyin nə dərəcədə işləkliyidir. Azərbaycanda mövcud istiqamətlərdə kifayət qədər işlərin görüldüyünü xatırladan sədr müavini problemlərin qaldığını da vurğulayıb. Onların aradan qaldırılması istiqamətində əzm və iradənin mövcudluğunu mühüm amil kimi dəyərləndirib. «Son 15 ildə dünyada 1300 jurnalist qətlə yetirilib. İkinci mühüm məsələ bu qətllərin üstünün açılmamasıdır. Mövcud tendensiyanın hökm sürməsi jurnalistikada cəzasızlıq günü kimi ayrıca tarixin meydana çıxarılması ilə nəticələnib. Ümumən bu hallar peşənin kifayət qədər risqli sahə olduğunu söyləmək üçün əsaslar verir», – deyən M.Ələsgərli müxtəlif beynəlxalq media təşkilatlarının reytinqində Azərbaycanın adının söz və mətbuat azadlığı baxımından geridə qalan ölkə kimi göstərilməsinə də münasibət açıqlayıb. O, konkret olaraq Sərhədsiz Reportyorlar təşkilatı ilə «Fredom House» təşkilatının ölkəmizdə bu indeks üzrə dəyərləndirmələrinə diqqəti yönəldərək yanaşma tərzlərindəki ziddiyyətli mövqelərini ilk növbədə qurumların göstərdikləri rəqəmlər arasındakı kəskin fərqlərlə əsaslandırıb. Azərbaycan mediasında çoxsaylı problemlərə toxunan Ələsgərli hər iki təşkilatın sənədində yalnız mənfi meyllərin qabardılmasından söhbət açıb və bildirib ki, pozitivliklərin göstərilməməsi hadisə və proseslərə obyektiv yanaşmanın mövcudsuzluğundan, məsələlərə müəyyən siyasi prizmadan baxıldığından xəbər verir.
«Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli 3 mayın Ümumdünya Söz və Mətbuat Azadlığı Günü ilə yanaşı həm də bir türkçülük günü olduğunu yada salaraq Azərbaycan mətbuatının hər zaman türkçülüyə üstünlük verdiyini vurğulayıb. Baş redaktor ölkəmiz müstəqilliyini əldə etdiyi dövrdən bəri peşə fəaliyyətini yerinə yetirərkən həyatını itirmiş jurnalistlərin olduğunu bildirərək deyib ki, onların yaradıcılığına qiymət verilməsi, dövlət mükafatları ilə təltifi vacibdir.
E.Mirzəbəyli söz azazdlığının dərin məhfum olduğunu deyərək ondan faydalanmanın ümumən insan hüquq və azadlıqlarına xələl gətirməməsinin vacibliyinə toxunub. O, son zamanlar yeni media ilə bağlı çağırışların artdığını vurğulayaraq məsələnin xüsusən aktual səciyyə daşıdığını bildirib. İctimai tənzimlənmənin təkcə ənənəvi KİV-lərə deyil, internet mediaya da şamil edilməsinin zərurəliyini əsaslandırıb.
MŞ İdarə Heyətinin üzvü, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev Azərbaycan jurnalistlərinin 3 may tarixini qeyd etməklə əslində dünya media məkanının üzvü olduğunu təsdiqlədiklərinə diqqət çəkib. Baş redaktor da beynəlxalq qurumların hesabatlarında ölkəmizin adının çəkilməsi məsələsinə toxunub. O, mediamızdakı neqativ məqamlarla birgə pozitiv cəhətlərin də həmin sənədlərdə əksini tapmasının zəruriliyindən söhbət açıb.
Azərbaycan mətbuatında çoxsaylı problemlərin olduğunu deyən Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli onların aradan qaldırılmasında iqtisadiyyatın liberallaşmasının vacibliyini önə çəkib. Çunki hazırda beynəlxalq miqyasda media daha çox iqtisadi faktor rolunda çıxış etməkdədir. Bu mənada ötən illər ərzində bir sıra irəliləyişlərin əldə olunduğunu deyən Y.Məmmədli mövcud məkandakı bir çox məsələlərin jurnalistlərin öz təşəbbüsləri ilə həll oluna biləcəyinə də nəzər salıb.
«Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlunun, «Həftə içi» qəzetinin baş redaktoru Sevinc Seyidovanın, «Zaman Azərbaycan» qəzetinin baş redaktoru Süleyman Ünalın, «Millətçilik» qəzetinin baş redaktoru Pərviz Elayın və digərlərinin çıxışlarında istər beynəlxalq, istərsə də yerli miqyasda söz və mətbuat azadlığı sahəsindəki müxtəlif spesifik xüsusiyyətlərdən geniş bəhs edilib.
Modern.az