Mətbuat Şurası və Azərbaycan Tələbələr Birliyinin (ATB) birgə təşəbbüsü əsasında gerçəkləşəcək təlim məşğələlərinə start verilib.
İlk məşğələ “Mətbuat xidməti işinin təşkili və ictimaiyyətlə əlaqələr” mövzusunu əhatə edib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov iştirakçıları salamlayaraq, gənclərin bu mövzu ilə maraqlanmasını, təşəbbüslər göstərməsini yüksək qiymətləndirib: “Gənclərin mətbuatla, ümumilikdə media ilə maraqlanması, yeni ideyalarla çıxış etməsi bizi çox sevindirir. Mətbuat Şurası mövcud istiqamətdə gəncləri dəstəkləməyə hazırdır”.
Ə.Amaşov çıxışında PR və İctimaiyyətlə əlaqələrin tarixindən söhbət açıb: “Təqribən 10 il öncə Azərbaycanda PR və İctimaiyyətlə əlaqələrin sistemləşdirilərək, universitetlərdə tədris kursu kimi keçilməsi təşəbbüsü ilə çıxış etdik. Sevindirici haldır ki, artıq bir neçə universitetdə bu sahə ayrıca fənn kimi tədris edilir. Hazırda internetin həyatımıza sürətli nüfuzu, ənənəvi mediada olduğu kimi, yeni mediada da PR və İctimaiyyətlə əlaqələr işinin düzgün qurulması, inkişaf perspektivlərinin müəyyənləşdirilməsini tələb edir. Facebook, twitter və. s kimi sosial şəbəkələr bu sahənin xeyli inkişaf etməsinə zəmin yaradır”. Ə.Amaşov informasiyanın ötürülmə üsulları, mətbuat konfranslarının, brifinqlərin təşkili, press- relizlərin yazılması və yayılması haqda nəzəri məlumatları da iştirakçılarla bölüşüb.
Tədbirdə ekspert qismində çıxış edən “Azərsun Holdinq”in mətbuat xidmətinin rəhbəri Afiq Səfərov, daha çox, PR və ictimaiyyətlə əlaqələrlə bağlı praktik məqamlara diqqəti yönəldib. “Azərsun Holdinq”in yaranma tarixindən söhbət açan A.Səfərov PR və ictimaiyyətlə əlaqələrin onların fəaliyyətində xeyli önəm kəsb etdiyini dilə gətirib: “İstehsal varsa, istehlak da olmalıdır. Lakin istehlakın istənilən səviyyədə olması üçün düzgün strategiya, ictimaiyyətlə işləmə mexanizmi və məlumatlandırma texnologiyası qurulmalıdır. Bu baxımdan mövzu çox əhəmiyyətlidir”. 25 tələbənin qatıldığı təlim məşğələ PR nədir, PR və İctimaiyyətlə əlaqələrin qurulması, PR-dan məqsədyönlü istifadənin yolları, bu işin aparılması kimi mövzularla davam etdirilib. Sonda Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov Azərbaycan Mətbuat Şurası ilə birgə əməkdaşlıqdan məmnunluq duyduğunu, bunun tələbə-gənclərin ictimai əhəmiyyət daşıyan mövzulardakı aktivliyinin artmasına müsbət təsir göstərəcəyinə əminliyini bildirib.