Mətbuat Şurası jurnalist Çingiz Ələkbərovun 85 illiyi ilə bağlı mərasim keçirib

Mətbuat Şurasında qocaman jurnalist Çingiz Ələkbərovun 85 illik yubileyi ilə bağlı mərasim keçirilib. Şuranın Ahıl Jurnalistlər Məclisi tərəfindən düzənlənəən tədbiri açan MŞ sədri Əflatun Amaşov yubilyarı təbrik edərək onun həyat və yaradıcılığının müasir Azərbaycan jurnalistikası üçün örnək olduğunu vurğulayıb. Şura sədri bildirib ki, Böyük Vətən Müharibəsinin iştirakçısı olmuş Ç.Ələkbərov ensiklopedik biliyə malik zəka sahiblərindəndir. Yubilyarın indinin özündə də aktiv fəaliyyətdə olduğunu deyən Ə.Amaşov onun Mərkəzi Seçki Komissiyasının Katibliyinin müdiri kimi məsul vəzifənin öhdəsindən layiqincə gəldiyini vurğulayıb. Şura sədri Ç.Ələkbərova Mətbuat Şurasının təbrik plaketini və gül dəstəsini təqdim edib. «Çingiz müəllimin milli mətbuatımızın inkişafındakı, eləcə də dövlət qurumları ilə media arasında əlaqələrin tənzimlənməsi sahəsində xidməətləri çox böyükdür», – deyə o vurğulayıb.

MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri, əməkdar jurnalist Yusif Kərimov yubilyarın «Bakı»-«Bakı» qəzetindəki fəaliyyətindən söhbət açıb. «Çingiz müəllimin jurnalistika ilə bağlılığının maraqlı tarixçəsi var. O, Bakı Şəhər Partiya Komitəsində katib işləyərkən öz ərizəsi ilə işdən çıxdı və «Bakı»-«Baku» qəzetinə üz tutdu. Bu, jurnalistikaya hədsiz məhəbbətin, peşəyə olan vurğunluğun əyani nümunəsi idi», – deyən Y.Kərimov yubilyarın Böyük Vətən Müharibəsindəki rəşadətli cəhbə həyatına dair maraqlı faktlar da açıqlayıb.

MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu, nəşrin əməkdaşı Qüdrət Piriyev, qocaman jurnalistlərdən Arif Hüseynov, Şəddad Cəfərov, Ələsgər Cabbarov və başqaları Ç.Ələkbərovun həyat və yaradıcılığından, onunla bağlı xatirələrdən söhbət açaraq yubilyara uzun ömür və cansağlığı arzulayıblar. Sonda çıxış edən Ç.Ələkbərov əməyinə verilən qiymətə, 85 yaşının qədirbilənliklə yada salınmasına görə tədbir iştirakçılarına təşəkkürünü bildirib. Ömrünün ötən illərini yada salan yubilyar taleyini jurnalistika ilə bağlamasından qürur hissi keçirdiyini deyib. Ç.Ələkbərov Mərkəzi Seçki Komissiyası ilə KİV arasındakı əlaqələrin səciyyəvi xüsusiyyətlərindən də bəhs edib. O bildirib ki, jurnalistlər üçün seçki prosesini əhəmiyyətini daha önəmli edən cəhət onların prosesdə eyni vaxtda üç missiya daşımalarıdır. «Jurnalistlər, həm seçici, həm yazar, həm də müşahidəçidirlər. Elə incə və həssas fəaliyyət göstərməlidirlər ki, bu üç missiyadan heç birinə xələl gəlməsin», – deyən yubilyar KİV təmsilçilərinin seçki ilə bağlı suallarını da cavablandırıb.

Qeyd edək ki, Çingiz Hacıbaba olğu Ələkbərov 1925-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakultəsini bitirib. 1943-1945-ci illərdə Böyük Vətən Müharibəsinin iştirakçısı olub. Müharibədən sonra müxtəlif yüksək vəzifələr tutan jurnalist 1958-ci ildə «Bakı» qəzetində fəaliyyətə başlayıb. 1966-1992-ci illərdə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Dövlət quruculuğu şöbəsinin müdir müavini işləyib, sonra Milli Məclis Aparatının nəşr və tərcümə şöbəsinə rəhbərlik edib. 1992-ci ildən Mərkəzi Seçki Komissiyasının aparatında çalışır. 1995-ci ildən MSK Katibliyinin müdiridir.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO