Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. İH üzvlərinin müzakirələrindən sonra gündəliyə 5 məsələnin daxil edilməsi qərarlaşdırılıb.

Görkəmli jurnalist Nəsrulla İmanquliyevin yubileyi MŞ-də qeyd ediləcək

Öncə Azərbaycanın tanınmış ictimai-siyasi xadimi və publisisti, respublikanın əməkdar jurnalisti Nəsrulla Əsəd oğlu İmanquliyevin anadan olmasının 100 illik yubileyinin qeyd edilməsi ətrafında müzakirələr aparılıb. MŞ sədri Əflatun Amaşov milli jurnalistikamızın təşəkkülündə yeri olan, mətbuatımızın inkişafında əvəzsiz xidmətlər göstərən bu insanın yubileyinin yüksək səviyyə keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sərəncam imzalandığını nəzərə çatdırıb. O qeyd edib ki, bu məqsədlə qəbul edilən sərəncamda Təhsil Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin Mətbuat Şurasının da təkliflərini nəzərə almaqla tədbirlər planı hazırlayıb həyata keçirməsinin göstərilməsi mənsub olduğumuz qurum üçün böyük etimaddır.

İdarə Heyətinin üzvlərindən MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas çıxışlarında göstəriblər ki, N.İmanquliyev Azərbaycan jurnalistlərinin böyük bir nəslini yetişdirən, sanballı yazıları ilə mətbuat tariximizə misilsiz töhfələr verən şəxsiyyət idi. Onun redaktoru olduğu “Bakı” və “Baku” qəzetləri isə günümüzə də örnək sayıla biləcək məktəbdir. İH üzvləri bütün bunları nəzərə alaraq Mətbuat Şurasının “Nəsrulla İmanquliyev irsi və müasir jurnalistikamız” adlı konfransın keçirilməsini qərara alıblar.

Dekabrın sonunda Mətbuat Şurası illik hesabat verəcək

Şura sədri Ə.Amaşov ikinci məsələ ilə əlaqədar deyib ki, il başa çatmaqdadır. Şura daha bir maraqlı yaşantılar, gərgin axtarışlar, zəngin tədbirlərlə dolu ili yola salmaqdadır. Ənənəyə uyğun olaraq bu müdətdə görülən işləri özündə əks etdirən hesabat hazırlanmalı, media təmsilçilərinin və ictimaiyyət nümayəndələrinin müzakirəsinə təqdim olunmalıdır. İH üzvləri hesabatın hazırlanmasının Şura sədrinə həvalə edilməsini məntiqi sayıblar. Təklif olunub ki, orada əldə edilmiş uğurlarla yanaşı həllini gözləyən məsələlərə də ətraflı yer verilsin.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO