“Qubadlının ermənilərə döyüş şücaəti göstərilmədən verildiyinə dair AzTV-də gedən verilişə baxarkən bir sual ortaya çıxır. Əgər Qubadlı gerçəkdən döyüş getmədən verilibsə, o zaman bu verilişə görə ermənilər deyə bilər ki, bizi niyə separatçı adlandırırsınız?”.
“Qafqazinfo”nun məlumatına görə, bunu müstəqil politoloq Pərviz Səmədbəyli AzTV-də Qubadlının işğalı günü ilə bağlı hazırlanmış süjetlə bağlı deyib. O bildirib ki, belə verilişlərin hazırlanması milli maraqlarımıza uyğun deyil: “Mən soruşuram. Qubadlıda, eləcə də Qarabağ uğrunda döyüşlərdə göstərdikləri qəhrəmanlığa görə 1992-ci ildə əbədiyyətə qovuşmuş 9 nəfərə Azərbaycan Respublikasının prezidenti mərhum Heydər Əliyev 15 yanvar 1995-ci il 262 nömrəli fərmanı ilə 1992-ci ildə göstərdikləri qəhrəmanlığa görə necə Milli Qəhrəman adı verib?! Həmin fərmanda deyilir: Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında Vətənimizin torpaqlarını erməni işğalçılardan müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdikləri şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borclarını şərəflə yerinə yetirilməsindəki misilsiz xidmətlərinə görə ,aşağıdakılara Azərbaycan Milli Qəhrəmanı adı verilsin. Bunlar faktdır. Azərbaycan Respublikasının Prezidentinin fərmanı da faktdır. Əbülfəz Elçibəy hakimiyyəti zamanında torpaqlar ermənilərə peşkəş edildisə deməli mərhum prezident Heydər Əliyev həmin dövrdə fədakarlıqlarına görə bunlara döyüşmədən necə Milli Qəhrəman verər?! Telekanal nəyinsə naminə yalan danışır və hətta mərhum Əbülfəz Elçibəyi də, mərhum Heydər Əliyevi də şantaj edir. Sizin verilişdən sonra mənim oğlum soruşur ki , ata, bəs deyirdin ermənilər torpaqlarımızı işğal edib?!”.