Atatürk Mərkəzində MİRAS İctimai Birliyi tərəfindən hazırlanan və bir sıra xeyirxah insanların dəstəyi ilə çap edilən mərhum jurnalist Ceyhun Nağıya həsr olunmuş “39-cu pillədə qırılan ömür” kitabının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində mərhumun dostları, ailə üzvləri, tanınmış jurnalistlər iştirak ediblər.
MİRAS İctimai Birliyinin sədr müavini, kitabın redaktoru Arzu Soltan təqdimat mərasimini açaraq kitabın ərsəyə gəlməsində əməyi olanlara, o cümlədən kitabın tərtibatçısı, gənc jurnalist Cəfər Mənsimiyə minnətdarlıq edib. Bildirilib ki, kitabda mərhum jurnalistin yazıları və onun barəsində yazılan məqalələr toplanıb. MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli Ceyhun Nağının MİRAS İctimai Birliyinin dostu olduğunu, Azərbaycanın mədəni irsinin təbliği sahəsində fərqləndiyini, Ağsudakı arxeoloji qazıntılar haqqında ilk geniş məqaləni yazdığını diqqətə çatdırıb. “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, sabiq millət vəkili Nazim Məmmədov, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) sədri Əkbər Qoşalı, tarixçi Elmira Abbasova, jurnalistlər Rüfət Əhmədzadə, Seymur Qasımbəyli, Ceyhun Musaoğlu Ceyhun Nağı, onun həyatı və jurnalistlik fəaliyyəti haqqında maraqlı xatirələrini bölüşüblər.
Xanımı Təhminə Qəmbərova ailə üzvləri adından Ceyhun Nağını tarixdə yaşadacaq belə bir kitabı hazırlayanlara minnətdarlıq edib.
Ceyhun Nağı 2011-ci il avqustun 10-da 39 yaşında ürək tutmasından vəfat edib. Mərhum doğma kəndində – Tovuz rayonunun Düz Cırdaxan kəndində torpağa tapşırılıb.
C.Nağı “Yeni Müsavat”, “Gündəlik Azərbaycan”, “Həftə içi” qəzetlərində çalışıb. Dünyasını dəyişməzdən öncə “Həftə içi”ndə redaktor işləyirdi.