Orxan Fikrətoğlu: “Dirçəlişdən sonrakı kinojurnal artıq hədəf vurmaqla məşğul deyil”
“Azərbaycanfilm” kinostudiyasının nəzdində yaradılmış “Mozalan” satirik kinojurnalı XX-ci əsrin çox maraqlı və uğurlu bir hadisəsi idi. Bu kinojurnal dövrün və cəmiyyətin döyünən ürəyinə və vuran əlinə çevrilmişdi. 1971-ci ildə təsis edilən “Mozalan” kinojurnalının indiyə qədər 180-dən çox nömrəsi istehsal edilərək tamaşaçı ixtiyarına buraxılıb. 3, yaxud 4 bədii, sənədli və hətta cizgi süjetin yer aldığı hər nömrədə cəmiyyətdəki neqativ hallara qarşı mübarizə aparmaq, satira diliylə hadisələri xalqa çatdırmaq və dərs vermək idi. Anidən müxtəlif istehsalat obyektlərində peyda olmaq, oradakı əyri-əskikləri lentə almaq, bütün ictimaiyyəti xəbərdar etmək “mozalan”çıların əsas iş üsullarından idi.
Vaxtında bir çoxunun qorxulu röyasına çevrilən “Mozalan” kinojurnalı uzun fasilədən sonra 2007-ci ildən fəaliyyətinə qaldığı yerdən davam edir. Kinojurnalın hazırkı baş redaktoru yazıçı-ssenarist Orxan Firkətoğludur.
Modern.az saytını maraqlandıran məsələlərdən biri kinojurnalın 2007-ci ildən üzü bu yana hansı işləri ortaya qoya bilməsidir. Yazıçı-ssenarist Orxan Fikrətoğlu kinojurnala təyin olandan bu yana çox sayda işlər gördüyünü qeyd etdi: “Mən “Mozalan” kinojurnalına baş redaktor təyin olunandan bu yana demək olar ki, dirçəliş prosesi başladı. İlk dəfə kinojurnalın televiziya versiyasını hazırladıq və bu günə qədər çəkilən bütün nömrələr də ora daxil edildi. Bunu etməkdə məqsədimiz unudulmaqda olan “Mozalan”a yenidən can vermək idi. Dirçəlişdən sonrakı birinci nömrə 2009-cu ildə İspaniyada keçirilən “Aktualita” qısametrajlı fiilmlər festivalının qalibi oldu. Hazırda kinojurnalda həm gənclər, həm də yaşlı nəsil çalışır. Ramiz Əzizbəyli, Ənvər Əbluc, Nicat Feyzullayev, Emin Mirabdullayev, Ələkbər Muradov, Fikrət Əliyev, Xəyyam Alıyev, Orxan Quliyev və başqalarının adını qeyd edə bilərəm”.
“Mozalan” kinojurnalının sonuncu nömrəsini rejissor Ənvər Əblucun işlədiyini söyləyən Orxan Fikrətoğlu digər məsələlərə də toxundu: “Rejissor Emin Mirabdullayev, fikrimcə, kinojurnalda çox maraqlı işlər görür. O, kinojurnalın tarixində ilk dəfə musiqili versiyasını hazırladı. Sifarişlə 5 yeni əsər aldı. Həm rok, həm də muğam janrında. “Dəyirman” qrupu da üç mahnı yazmişdı həmin nömrə üçün. Müasir dövrdə prokat və digər problemlərin olmasına baxmayaraq, bacardığımız qədər “Mozalan”ın mövqeyini, ictimai-siyasi proseslərə baxışını, Mirzə Cəlildən gələn yumor hissini qorumağa çalışırıq. Mənə elə gəlir ki, “Mozalan” kinojurnalı indi ayaqdadır“.
Sosial problemlərin kanallar tərəfindən geniş şəkildə işıqlandırıldığını söyləyən Orxan Fikrətoğlu daha çox kinojurnalın oyun üzərində işlər gördüyünü dedi. O, İşçilərin həm maaş, həm də ştat məsələsi barədə isə məlumat verə bilməyəcəyini qeyd etdi. Baş redaktor ssenariləri də Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi müsabiqədən sonra onlara göndərildiyini bildirdi. Hazırda isə rejissor Ənvər Əbluc və aktyor Ramiz Əzizbəylinin yeni nömrə üzərində işlədiyini vurğuladı.
Orxan Fikrətoğlu maliyyə məsələləri barədə də qısa informasiya verdi: “Biz Mədəniyyət və Turizm Nazirliyi tərəfindən maliyyələşirik, amma öz imkanlarımızla da bir şeylər etmək olar. Amma insanlar buna indi o qədər də yaxın durmur. Əvəllər insanlar siyasiləşmişdisə, indi daha çox şoulaşır. Hazırda məqsədimiz hədəf vurmaq deyil, daha çox cəmiyyətdə normal münasibətləri formalaşdırmaqdır. Çünki Azərbaycanda əsasən əxlaqi problemlər var“.