Yazıçılar Birliyinin təşkil etdiyi ədəbi müsabiqə ətrafında qovğalar hələ də bitmir. Müsabiqənin sabiq rəhbəri, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullanın son açıqlamasında ideyanın bütünlüklə AYB-yə məxsus olduğunu, təklifin də konkret olaraq AYB sədri Anardan gəldiyini söyləyib. K. Abdulla qeyd edib ki, yalnız qaliblərin İlaxır çərşənbəsində elan olunması fikri ona məxsusdur.
Əks tərəfin – Birliyin sözçüsü Ədalət Əsgəroğlu isə ədəbi müsabiqənin Bakı Slavyan Universitetinin təşəbsü olduğunu dilə gətirib. AYB-nin mükafatlandırma komissiyasının sədr Mövlud Süleymanlı isə mətbuat katibini təkzib edib.
“Ədəbi müsabiqə tam olaraq AYB-yə məxsus tədbirdir. Müsabiqənin Slavyan Universiteti ilə heç bir əlaqəsi yoxdur. Kamal Abdulla işlərinin çoxluğu ilə əlaqədar sədrlikdən istefa verib. Yeni sədr kimi bu işi mən aparıram”, – deyə Mövlud Süleymanlı Modern.az-a açıqlamasında qeyd edib.
Xalq yazıçısı ədəbi müsabiqənin nəticələrinin elan olunacağı zamanı da açıqlayıb. “Hazırda müsabiqədə sonuncu mərhələsidir və bu gün saat 3-də onun müzakirəsi keçiriləcək. Bir-iki günə isə cavablar tam olaraq açıqlanacaq”.