Moskvada Azərbaycanın və Ermənistanın KİV rəhbərlərinin ikinci görüşü başa çatıb

Moskvada Azərbaycanın və Ermənistanın bəzi KİV rəhbərlərinin sayca ikinci görüşü başa çatıb.

SalamNews-un Moskva müxbirinin məlumatına görə, “Baku Post” qəzetinin baş redaktoru Tofiq Abbasov bu cür görüşlərin əsas məqamlarının perspektivlərlə əlaqəli olduğunu, görüşlər zamanı müzakirə ediləsi çox məsələnin mövcudluğunu deyib: “Bu baxımdan tərəflər arasında fikir ayrılıqları mövcuddur. Lakin bu münaqişə gec-tez həllini tapmalıdır”.

T.Abbasov son zamanlar müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin baş tutduğunu xatırladaraq, bunun gərginliyi azaltmağa yönəldiyini vurğulayıb: “Biz mətbuat olaraq, prosesə töhfə vermək niyyətindəyik. Hesab edirəm ki, erməni tərəfi də bu görüşlərin keçirilməsinə meyllidir”.

Onun sözlərinə görə, əsas problem formatla əlaqədardır. Erməni tərəfi görüşlərdə Qarabağ tərəfinin də iştirak etməsini istəyir. Azərbaycan təfəfi isə, bunu yalnız görüşün Qarabağda keçiriləcəyi və Qarabağ jurnalistlərinin də görüşdə iştirak edəcəyi halda mümkün olacağını bildirir.

T.Abbasov hələ də fikirlərin üst-üstə düşmədiyi məqamların olduğunu deyib: “Əsas məsələlər görüşlərin formatı, ardıcıllığı və tez-tez keçirilməsi ilə bağlıdır. Gələcəkdə, digər məsələlər də müzakirə olunacaq”.

Rusiya nümayəndəsi Mixail Şvıdkoy deyib: “Bu cür görüşlər dərhal konkret nəticələr gətirə bilməz. Azərbaycan və Ermənistan KİV nümayəndələri öz aralarında danışmağa başlayıblar. Onlar böyük problemlərə malik və bir-birinə qarşı münasibətləri bəlli olan ölkələrdə yaşayırlar. Siyasətçilər arasında danışıqların aparıldığı bir məqamda bizim görüşlərin əsas məqsədi Azərbaycan və Ermənistanın daxilində və ölkələr arasında hadisələrin işıqlandırılmasının ümumi prinsiplərinin jurnaslist etikası çərçivəsində olmasıdır. Vəzifəmiz mətbuatın Azərbaycan və Ermənistandakı hadisələri radikallaşdırmamasına nail olmaqdır. Təbii ki, danışıqlar zamanı mövqelərin möxtəlifliyi ortaya çıxır, lakin burada daha vacib əlaqələrin qurulmasıdır”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO