Ermənistanın “Tert.am” agentliyi Moldovanın Müdafiə Nazirliyindən alınaraq Ermənistana satılan silahlarla bağlı müqavilənin “Jam” qəzetinin əlinə keçdiyi haqda xəbər yayıb.
“Media forum” saytı bildirir ki, xəbərdə müqavilənin Moldovanın Müdafiə Nazirliyi ilə Latviyanın “Latspeceksports” şirkəti arasında bağlandığı qeyd olunub. Xəbərə görə, “Latspeceksports” şirkəti Moldovanın Müdafiə Nazirliyindən aldığı silahları Ermənistana satıb.
Xəbərdə “Latspeceksports” şirkətinin Ermənistana silah-sursat göndərmək üçün Latviyanın Xarici İşlər Nazirliyindən rəsmi icazəsi olmadığı, şirkətin ona belə bir icazə verilməsi üçün müraciət etsə də, nazirlikdən rədd cavabı aldığını vurğulanır.
“Tert.am”ın yaydığı xəbərə görə, Ermənistana satılan silahlar içərisində “Kobra” raketləri üçün nəzərdə tutulmuş 9В862, 9В863 nəzarət-yoxlama kompleksləri, “Konkurs-M” tank əleyhinə raket kompleksləri üçün nəzərdə tutulmuş 9В871-3 də var və onların hər birinin qiyməti 60 min ABŞ dollarından çoxdur. Satılan silahlar arasında “Faqot”, “Konkurs”, “Şturm-C”, “Metis” tipli min ədəd raketin də olduğu xəbər verilir.
Ermənistana Moldova silahlarının satıldığı mediaya bu yaxınlarda bəlli olub. Ermənistana 60 ton silah-sursatın satıldığı haqda xəbərlər dərc edilib.
Moldovanın müdafiə naziri Vitali Marinusa ölkə parlamentində dinləmələr zamanı silah alveri faktını təsdiqləyib.
Moldova prezidentinin səlahiyyətlərini icra edən Marian Lupu bu silah alverinə görə Silahlı Qüvvələrin baş qərargah rəisi general Yuri Dominici tutduğu vəzifədən azad edib.
Sentyabrın sonlarında Varşavada keçirilən “Şərt Tərəfdaşlığı” sammiti zamanı Moldovanın baş naziri Vlad Filat ölkəsindən Ermənistana satılan silahlara görə Azərbaycan prezidenti İlham Əliyevə öz üzrxahlığını çatdırıb.
“Media forum”