Şair Musa Yaqub “Sabiqlərin mikrafonu” rubrikasının budəfəki qonağıdır
– Sizi hamı daha çox ədəbiyyat adamı kimi tanıyır. Necə oldu ki, Musa müəllim deputat olmaq fikrinə düşdü?
– Mən rayonda “Zəhmətkeş” qəzetinin təxminən 10 il redaktoru işləmişəm. Rayon qəzetinin redaktoru da həmişə ictimai həyatın içərisində qaynayan insanlardan biridir. Həm partiya, həm ictimai iş, həm də yazar bir rayon qəzetində təmsil olunurdu. Müstəqil dövlətimizin Milli Məclisinə ilk dəfə deputat seçkiləri keçirilməsi məsələsi gündəmə gələndə mənə də namizədliyimi irəli sürməklə bağlı təkliflər olundu. Bu təklifi irəli sürənlər bildirdilər ki, onlar rayonu mənim təmsil etməyimi istəyirlər. Belə olan halda mən də razılaşdım.
– Seçkilər necə keçirildi?
– Mənə elə gəlir ki, Milli Məclisə keçirilən ilk seçki prosesi sonrakılarla müqayisədə daha demokratik idi. Onu da deyim ki, deputat kimi bizim üçün o zaman daha ağır idi. Ona görə ki, sovet dönəmindən yenicə uzaqlaşmışdıq və deputat seçilənlərdən də insanlar çox şey gözləyirdilər. Seçicilərə elə gəlirdi ki, onların nə arzuları var onları deputatlar yerinə yetirməlidir. Amma insanlar bilmirdilər ki, Milli Məclis qanunvericilik strukturudur və onun funksiyası icraetmə deyil. Cəmiyyətimiz isə buna hazır deyildi. İnsanlar bütün sosial və hətta məişət problemlərinin qaydasına salınmasda deputatda yardım umurdular. Xalqın tələbi başadüşülən olsa da onlar hələ də bütün bunların deputatın səlahiyyətindən kənarda olduğunu bilmirdilər. Bəzi vaxtlarda insanların arzularının yerinə yetirilməsi üçün parlamentdə məsələ qaldıranda da icraçılarla deputatlar arasında toqquşma halları baş verirdi. Onlar bizə bu işlərin deputatın deyil, icraçıların səlahiyyətində olduğunu xatırladırdılar. Bu da bəzən cəmiyyətdə deputatlardan narazılıqların yaranmasına gətirib çıxarırdı. Seçicilər bizdən inciyirdilər ki, iş görmürük. Amma sonrakı dönəmlərdə müəyyən vədlər verən yeni deputatlar, həm də insanlar parlamentdə hansısa problemlərin həll olunuğunu deyil, cəmiyyətin idarə olunması üçün qanunların qəbul olunduğunu öyrəndilər.
– Sizcə, seçicilər niyə sosial problemlərinin həllini səs verdiyi deputatdan gözləyir?
– Çünki bu sovet təfəkkürü idi və ona görə də insanlar umduğu yerdən küsürdülər. Bu baxımdan da bizdən inciyirdilər ki, niyə onların problemlərinin aradan qaldırılmasına çalışmırıq. Bu bizim missiyamız olmasa da müəyyən məsələlərlə bağlı təkliflərimizi verə bilirdik. Sovet dönəmində isə deputatlar hansısa məsələ ilə bağlı icra hikimiyyətlərinə müraciət edirdilər və onların qaldırdığı məsələ də həllini tapırdı. Amma indiki halda icra strukturları insanların qaldırdığı məsələlərlə bağlı deputatın müraciətinə etinasız yanaşır. Ona görə də prosesdən xəbərsiz olan seçicilər səs verdiyi deputatdan narazı qalır. Şəxsən mən deputat seçilməzdən əvvəl bir redaktor kimi rayon üçün daha çox işlər görə bilirdim. Deputat seçiləndən sonra isə mən həmin işlərin heç birini yerinə yetirə bilmədim.
– Məncə, deputat həm də “xalqın elçisi” sayıldığından insanlar umacaqlarında haqlıdılar…
– Doğrudur, insanlar tarixdən belə görmüşdülər ki, deputat nə deyirsə, onu dərhal yerinə yetirirlər. Amma struktur dəyişdiyi, Milli Məclis yalnız qanun yaradıcılığı ilə məşğul olduğu üçün orada insanların sosial problemlərinin həllinə qarışmaq imkanı da məhdudlaşdı. Mən deputatlıq dövrümdə yalnız dostluq və şairliyim xatirinə bir çoxlarına müəyyən məsələlərlə bağlı müraciət etmişəm. Lahıc yolunun çəkilməsi, su probleminin aradan qaldırılması kimi müəyyən məqmlarda köməkliyim olub. Bunlar yalnız qarşılıqlı hörmət sayəsində baş tutubdu. İndiki deputatlar gedib seçicilərlə görüşlər keçirdiklərini deyirlər, amma həmin görüşlərdə qaldırılan problemlərin həllini tapması üçün olunan xahişlərin birini də yerinə yetirə bilmirlər.
– Seçicilərin səs verdiyi namizəddən gözlədikləri bir tərəfə, bəs parlamentə mandat almaq istəyən namizədin istəyi nədir? Məsələn konkret olaraq Musa müəllimin Milli Məclisə getməkdə məqsədi nə idi?
– Düzünü deyim ki, əvvəllər heç xəyalıma da gəlməzdi ki, mən Milli Məclisin üzvü olacam. Yəni belə bir həvəs məndə az idi. Amma mənə deputat olmaq təklifi gələndən sonra öz ərizəmlə həmin prosesə qoşuldum. Mən təkbaşına gəlib deputat ola bilməzdim, əgər seçicilərin səsi olmasaydı. Mənim deputat seçilməkdə arzuma gəlincə, düşünürdüm ki, deputat seçilsəm həm rayonumuzda həll olunası, həm də ürəyimdə qalan müəyən məsələlərin reallaşması mümkün olacaq.Düşünürdüm ki, hər iclasda həmin məsələləri qaldıra bilərəm. Əgər Milli Məclisin üzvüyəmsə deməli, dövlətin yüksək vəzifəli şəxsləri ilə təmas qurmaq, onlardan İsmayıllıdakı müəyyən problemlərin həllinə kömək etmələri üçün imkanım olacaq. Dövlətə, millətə indiyə kimi qələmlə kömək etməyə çalşırdımsa, inda paralel olaraq əməllə də onu həyata keçirmək istəyirdim. Bunlardan başqa bir istəyim olmayıb.
– Təbii ki, deputat mandatı almaq istəyən şəxs müstəqil dövlətin qurulmasında mühüm əhəmiyyət daşıyacaq qanunların qəbulunda iştirak etməlidi…
– Milli Məclisdə fərdiyyət yoxdur və bu belə də olmalıdır. Milli Məclis bütöv bir cismdir və hərənin öz sözü yoxdur, fərdiyyəti üzə çıxarmağı sevmir. Əvvəllər mən elə bilirdim ki, Milli Məclis dövlət quruculuğunda hər şey edə bilər. Amma mən deputat olanda gördüm ki, bu heç də belə deyil. Çünki parlamentdə bir çox qanunlar qəbul olunurdu. Amma həmin qanunlar lazımınca icra olunmur. Adam bir yerə daş atanda onun gedib hara düşəcəyini gözləyir. Amma Milli Məclisdə qəbul etdiyimiz qanunlar hara gedir, nəyə xidmət edir, onun arxasınca baxa bilmirdik. Parlament bir ucdan qanunları qəbul edir, amma həmin qanunların necə işləməsi, cəmiyyətin inkişafında hansı rolu oynaması üçün hansısa səlahiyyətə malik deyil. Bu mənada qəbul etdiyimiz qanunların sonrakı taleyi adamı əndişələndirirdi. Qanun qəbul olunursa, o olduğu kimi də işləməlidir. Digər bir tərəfdən də mənə elə gəlir ki, parlamentdə qəbul olunan qanunları Milli Məclisə mandat qazanmış deputatlar işləyib hazırlamalıdır. Düzdür, hansısa nazirlik və yaxud da dövlət əhəmiyyətli qurumlardan müəyyən məsələlərlə bağlı parlamentə təkliflər verilə bilər. Amma onlar hansısa qanunları hazırlayıb Milli Məclisə göndərə bilməz. Çünki, belə olan halda qəbul olunan qanunlarda hansısa qurumların mənafeləri müdafiə olunar. Həmin maraqların təmin olunduğu qanunlar parlamentin deyil, onu göndərən qurumların hesab olunur. Ona görə də qanunlarda subyektiv hallar çoxluq təşkil edirdi, necə ki, indi də elədir.
– Deputatlığınız dövründə qəbul olunan hansı qanunlar daha çox ürəyinizcə olub?
– Mən Milli Məclisin Ekologiya komissiyasının üzvüydüm. Həmin komissiyada müzakirə olunan qanunlar olduqca ürəyimdən idi. Məsələn “Yerin təki”, “Energetika” haqqında qanunlar 3-4 il müzakirələrdən keçib qəbul olunan qanunlardır. Bİzdən əvvəl “Təhsil haqqında” qanun qəbul olunmuşdu və birinci oxunuş da bizim dövrümüzə düşmüşdü. Amma buna baxmayaraq həmin qanunun müzakirəsi 5 il davam etsə də onu qəbul edə bilmədik. Sonrakı seçkilərdə formalaşan parlamentdə o qanun qəbul olunsa da yenə də ürəyimizcə olmadı. Biz istəyirdik ki, bu qanun tamamilə fərqli olsun. Ürəyimizcə olub-olmamasından asılı olmayaraq bir çox qanunlarda düzəlişlər olmalıdır. Çünki həyat daim inkişafdadır. Amma o vaxt bəzi qanunların qəbulu zamanı bizim irəli sürdüyümüz təkliflər nəzərə alınmırdi. Sonrakı gedişdə isə bizim vaxtı ilə irəli sürdüyümüz məqamlar yenidən düzəlişlərin olunmasına gətirib çıxarırdı. Mən deputat mandatı alıb parlamentə gedəndə heç bir təcrübəm yox idi və elə bilirdim ki, sərbəstlik olacaq, hərə öz sözünü deyəcək. Bunun nəticəsi idi ki, bəzən hədəfdən çıxırdıq və elə bilirdik dediklərimiz nəzərə alınacaq. Amma çox nadir hallarda təkliflərimiz qəbul olunurdu. Bəzən bir fərd olaraq millətin, dövlətin xeyrinə olan təklifi eşitmirdilər və ona görə də adam bir qədər əndişələnirdi.
– Parlamentdəki hansı hadisə yaddaşınızda daha dərin iz salıb?
– Demək olar ki, hər dəfə maraqlı hadisələrlə qarşılaşırdıq. Elə məsələlər vardı ki, onların müzakirəsi zamanı çıxış etmirdim. Amma ürəyimcə olan elə məsələlər müzakirə olunurdu ki, onda güc-bəla olsa da söz alıb fikrimi deyə bilirdim. Bəzən xora da qoşulurdum. Əslində elə o xor da mən idim, məclis də mən idim.
Ürək telim buz bağladı,
Dondurdu sırsıra məni.
Mən hara, bu yığnaq hara,
Kim gətirdi bura məni?
O, zorbala, mən ərköyün,
Açması yox, bu örtüyün.
Bir az susdum, bir az dedim,
Bu oyundan “xilas!”- dedim.
Ha üç badam, bir qoz dedim,
Qoşdular bu xora məni.
– Musa müəllim, yenidən deputat olmaq istərdinizmi?
– Desəm ki, əvvəlki deputatlığımdan razıyam, o zaman, nədən razıyam və yaxud da desəm ki, narazıyam, o zaman nədən narazıyam?! Bu özüm üçün də məchul bir işdir. Ona görə razı ola bilərəm ki, bir-iki sözümü demişəm, bir-iki təklifim keçib. Amma ürəyimdən keçənləri demişəm yazılıb qalıb. Yenidən deputat olmaq istəyinə gəlincə, qətiyyən bunu istəmirəm, heç mənə lazım da deyil. Onsuz da mən harda olsa öz sözümü şeirimlə, sənətimlə deyirəm. Cəmiyyət az-çox məni bir yazar, şair kimi tanıyır. Bu da mənə kifayət edir.