Bu gün Azərbaycanda məmurların media nümayəndələrinə olan münasibəti hər kəsə məlumdur. Qəzet redaktorları bunu necə dəyərləndirirlər və bu aşağılayıcı münasibətləri düzəltmək üçün nələri düşünürlər?
Məmurların mətbuata baxışını düzəltmək üçün…
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: “Mənim məmurlarla fərdi münasibətim yoxdur. Onların mətbuata olan gerçək münasibətini də təhlil etmək imkanım olmayıb. Ümumi deyə bilərərm ki, mətbuatla məmurlar və ya dövlət qulluqçuları arasında olan baryer hələ tam aradan qalxmayıb. Bu istiqamətdə Mətbuat Şurası kifayət qədər addım atıb. Xüsusilə mətbuat xidmətləri ilə media qurumları arasında əlaqələrin qurulması üçün müvafiq addımlar atılır, seminarlar keçirilir. Düşünürəm ki, bu münasibətlərin formalaşması üçün kifayət qədər zaman lazımdır. Çünki qarşılıqlı, etimadlı münasibətlər formalaşmalıdır. Həm məmurların mətbuata olan münasibəti, həm də mətbuatın dövlət qulluqçusuna olan münasibəti dəyişməlidir. Məmurların mətbuata baxışını düzəltmək üçün, məncə daha şəffaf qarşılıqlı münasibətlərin qurulmasına, mütəmadi olaraq media və dövlət strukturları arasında görüşlərin keçirilməsinə, ayrı-ayrı məsələlərlə bağlı açıq diskussiyaların aparılmasına, dövlət strukturlarında mətbuat xidmətlərinin işinin təkmilləşdirilməsinə, daha operativ olmasına ehtiyac var. Təbii ki, bu istiqamətdə işlər görülür, ancaq bu tədbirlər yetərincə deyil. Bu tədbirlər daha dinamik olmalıdır. Hər hansı bir mətbuat orqanı bəzən adi bir informasiyanın alınması üçün bəzən günlərlə vaxt sərf etmək məcburiyyətində qalır. Ancaq medianın işi gündəlik xəbər yaymaqdır, xəbərçiliyin mahiyyətində operativlik dayanır. Əgər operativ formada xəbərin ictimayyətə çatdırılmasını təmin edə bilmirsənsə, təbii ki, gündəmdən geri qalırsan. Dövlət strukturlarının müvafiq qurumları, mətbuat xidmətləri bu reallığı dərk etməlidir. Bütun bunlara baxmayaraq mən hamıya eyni müstəvidə yanaşmaq istəmirəm. Təbii ki, operativ şəkildə media ilə əlaqə quran dövlət strukturları, məmurlar da var. Mütəmadi olaraq ayrı-ayrı nazirliklərin mətbuat konfransları, brifinq keçirmələrini, bu və ya digər məsələlərə açıq şəkildə münasibət bildirmələrini istəyirəm. Düşunurəm ki, bütün dünyada qəbul olunmuş və gerçəkləşdirilən bu əlaqələr media-məmur, media-dövlət strukturu münasibətlərinin inkşafına yardım göstərə bilər”.
“Nazirliklərin nəzdində olan qəzetlər bağlanmalıdır”
“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli: “Məmurların mətbuata açıqlığı, informasiya verməsi məsələsi heç də yaxşı səviyyədə deyil. Bunu biz gündəlik işimizdə də hiss edirik. Bunu hərə bir aspektdən izah edir. Məmurlar öz işlərinə belə bir haqq qazandırırlar ki, dünyanın heç bir yerində dövlət rəsmiləri mətbuatda daha çox adın hallanmasına maraq göstərmirlər. Bizim jurnalistlərdə belə bir xasiyyət yaranıb ki, bəzən məmurdan informasiya almaq əvəzinə, informasiya ilə yanaşı, başqa məsələlər barədə sual verirlər və bu məmurları o qədər bezdirir ki, onların mətbuata işləmək vərdişləri öləziyir, mətbuatla işləməyə maraqlı olmurlar. Ancaq istənilən halda məmurların bu kimi məsələlərini tənzimləyən mətbuat xidmətləri intensiv işləməlidir və mətbuat xidmətləri maraqlı olmalıdırlar ki, onların gördüyü işlər mətbuatda işıqlandırılsın. Hansı mətbuat xidmətində jurnalistikadan getmiş, jurnalist işində işləyən, bu sahəyə bələd adam varsa, o mətbuat xidməti digərlərinə nisbətən yaxşı işləyir. Ancaq mətbuat xidmətinin rəhbəri məmur və şöbə nazirliyin bir stukrturu kimi olursa, o zaman onlardan informasiya götürmək çox çətindir. Mən belə hesab edirəm ki, onlardan informasiya almaq ona görə çətin olur ki, onların qəzetlərlə, jurnalistlərə işləmək vərdişi yoxdur. İstənilən məmur “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinə cavab verməlidir. Yəni ona göndərilən sorğuya, suala cavab verməlidir. İctimai əhmiyyət kəsb edən işlərə mütləq cavab verilməlidir. Qəzet yazını verəndən sonra, daha altına yazmamalıdı “qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq”. Həmin balans yazının özündə qorunmalıdır”.
Baş redaktor onu da bildirib ki, məmurla mətbuat arasında olan munasibəti düzəltmək üçün böyük bir sistemli iş getməlidi: “Həm məmurlar jurnalistlərlə əlaqə saxlamqda maraqlı olmalıdırlar, həm də jurnalistlər maraqlı olmalıdırlar ki, həqiqi mənada informasiya əldə etsinlər. Yəni bu qarışılıqlı bir məsələdir. Mən təklif edərdim ki, birinci növbədə ayrı-ayrı dövlət orqanlarının nəzdində fəaliyyət göstərən sahə qəzetləri yığışdırılmalıdır. Dövlət məmurlarına deyilir ki, siz informasiya ilə işləməlisiniz, jurnalistlərlə informasiya mübadiləsi aparmalısınız. Bunlar isə elə bilirlər ki, hərəsi bir qəzet buraxır və o sahədə çalışan adamlar o qəzetdə öz fikirlərini verirlər. Bu informasiyanı işləmək deyil, bu özünə sərf edən informasiyanı ötürməkdi müəyyən bir dairədə. Bundan əlavə, mətbuat xidmətləri ilə treninqlər keçirilməlidir. Bu yaxınlarda Mətbuat Şurası belə bir treninqi Qubada keçirdi. Mətbuat xidməti ictimayətlə əlaqələr işi deməkdi. Yəni o sahədə çalışan adamlar ictimayyətlə əlaqələr sahəsində mütəxəssis olmalıdılar, ictimayyətlə işləməyi bacarmalıdırlar. Mütəmadi olaraq məmurların mətbuat üçün açıqlamaları olmalıdır və sırf mətbuat üçün konfranslar keçirilməlidir. İndinin özündə məmurlar dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqadar tədbirlər keçirirlər və jurnalistləri də ora dəvət edirlər, axı bu, jurnalistlər üçün nəzərdə tutulan tədbir deyil. Məmurlar yalnız jurnlaistlər üçün nəzərdə tutulan tədbirlər keçirməlidir ki, jurnalist oradan informasiya götürsun. Nazirliklərin özü mətbuata açıq olmalıdır və bizim qəzetlər də bir az tənqidi möqeylərində dayanmalıdır, nöqsanları açıb göstərməlidirlər ki, danışmayanların danışmağa marağı olsun. İctimai qınaq yüksək səviyyədə olmalıdır ki, bunlar da mətbuatla işləsinlər”.
“Məmurlar yerində deyil, onların təfəkkürü dəyişməlidir”
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı: “Elə məmurlar var ki, onlar mətbuata açıq hesab oluna bilər. Yəni mətbuatla münasibətləri normal qurmağa meyilli nazirlər də var. Bu məmurlar müəyyən dərəcədə hökümətin kəsimini əhatə edir. Həmin nazirlərin adlarını çəkəsi olsam, onlardan Hüseynqulu Bağırov, Nazim İbrahimov, Misir Mərdanov və Əli Abbasovu qeyd edə bilərəm…
Bunlar nisbətən mətbuata açıq məmurlardırlar. Elə məmurlar da var ki, onlar mətbuatın imkanlarını düzgün dəyərləndirə bilmirlər, həmişə mətbuatla müəyyən mənada məsafə saxlamağa çalışırlar və gördükləri hansısa bir müsbət iş olsa belə, onu mətbuata çıxarmaqda maraqlı deyillər. Onlar jurnalist görəndə elə bilirlər ki, bu jurnalist bunun fəaliyyətinə kölgə sala biləcək bir simadı, əslində isə bu, belə deyil. Jurnalistin işi cəmiyyətə və cəmiyyətin strukturlarına ictimai nəzarətdi. Ona görə bunu birmənalı qiymətləndirmək olmaz və mən düşünürəm ki, media və məmur munasibətləri o qədərdə pozitiv istiqamətli deyil.
Məmurların mətbuata olan münasibətinin yaxşılaşdırması üçün birinci növbədə məmurların dəyişməsini təklif edərdim. Məmurlar kifayət qədər intelektual olmalıdırlar, öz səlahiyyətlərini və mətbuatın yerini dəqiq bilməlidirlər, jurnalistlərə açıq olmalıdırlar. Yəni keyfiyyətli kadır formalaşmalıdır. Bu gün məmurların çoxu öz yerində deyil. Bəzən məmurlar deyirlər “jurnalist bizim fikirlərimizi təhrif edir”. Mən hesab edirəm ki, bu fikirlərin o qədər də ciddi əsasları yoxdur. Son zamanlar Azərbaycan jurnalistikasında keyfiyyyət dəyişikliyi var və jurnalistlərin peşəkarlaşma imkanları getdikcə artır. Təbii ki, jurnalistin məmura verdiyi sualların içində kəskini də ola bilər. Məmur dövlətdən maaş alır, dövlətdə vəzifə tutur ki, gördüyü işlə bağlı cəmiyyətə hesabat versin. Ancaq çox təssüf ki, məmurların çoxu jurnalistlərdən gen gəzir. Əgər jurnalist hansısa bir məsələ ilə bağlı kəskin bir sual verirsə, həmin jurnalistin timsalında Azərbaycan jurnalistlərinə düşmən münasibət göstərilir. Bu da düzgun yanaşma deyil. Məmurların təfəkkürü dəyişməlidir. Məmurlar dəyişməlidir, jurnalistikada keyfiyyət dəyişikliyi var və yerindədir”.
Bizim münasibətlərimiz normaldır…
“Olaylar” qəzetinin baş redaktoru Yunis Oğuz: ““Olaylar” qəzeti və “Olaylar” agentliyi ilə məmurların işləməsini normal qiymətləndirirəm. Əməkdaşlarımız istənilən halda nazirliklərə, komitələrə çıxır və istənilən informasiyanı ala bilirlər və yaxud görüşlərdə istənilən sualı verə bilirlər. Bir sözlə, bizim problemimiz yoxdur. Təbii ki, bu münasibəti bütün məmurlara şamil etmək düzgün olmaz, elə məmur var ki, yalnız öz mətbuat xidmətinin vasitəsilə hansısa lazım olan informasiyanı yayır və yaxud jurnalistlərlə görüşür. Ancaq elə məmurlar, nazirlər, komitə rəhbərləri var ki, mətbuat üçün çox açıqdırlar və istənilən vaxt istənilən suala cavab verirlər. Ola bilər hansısa məmurun hansısa mətbuat orqanı ilə problemi olsun və qapılarını onun üzunə bağlasın və yaxud heç bir açıqlama verməsin. Amma mən öz prizmamdan deyirəm, bizim münasibətlərimiz məmurlarla normaldı”.
“Məmurlara göstəriş verilməlidir”
“Azadlıq” qəzetinin redaktoru Sucəddin Şərifov: “Ümumi götürəndə məmurlarla mətbuatın münasibətini qənaətbəxş saymıram. Məmurlar deyəndə biz konkret olaraq mətbuat xidmətləri ilə işləyirik. Mətbuat xidmətlərinin qəzetlərlə işləməsi həmin məmurların qəzetlərlə, Kütləvi İnformasiya Vasitələrilə münasibəti aydın görünür. Aydın məsələdir ki, hər bir mətbuat xidməti hansısa komitə sədrinə, nazirə yaxud da prokurora tabedir. Hansı mətbuat xidmətinin ki, işi qənaətbəxş deyil, deməli onların nazirlərinin mətbuata olan münasibəti budur. Hər hansı bir nazir yaxud da komitə rəhbəri görəndə ki, onun mətbuat xidmətinə təyin elədiyi adam mətbuatla işləmir, mətbuatla kobud davranır, əlaqələri kəsir, onun işi nazirin, yaxud komitə rəhbərinin ürəyincə olmasa, ya həmin o adamı düzgün iştiqamətləndirər, ya da başqası ilə əvəz edər. Əgər bunu eləmirlərsə, deməli həmin nazirin, yaxud komitə rəhbərinin mətbuata olan öz münasibətləri elədir. Məmurların mətbuat xidmətlərinin mətbuata olan münasibəti qəzetlərin fəaliyyətində aydın görünür”.
“Məmurların mətbuata olan münasibətlərinin yaxşılaşması üçün hansı təklifi edərdiniz?” sualına redaktor belə cavab verib:
“Bununla bağlı ölkə rəhbərliyi səviyyəsində məmurlara tapşırıqlar verilməlidir ki, mətbuata diqqətli, anlayışlı yanaşsınlar və açıq olsunlar. Bu olmayınca, komitə sədrlərinin, nazirlərinin münasibətlərinin dəyişəcəyinə inanmıram. Qəzetlər, informasiya agentlikləri, saytlarla məmurların məhkəmə çəkişməsinə əksər hallarda həmin nazirin, yaxud komitə rəhbərinin mətbuatla işləməyə təyin etdiyi adam bizim üçün açıq olmur. Bu da qeyri- dəqiq informasiyaların yaranmasına, yayılmasına səbəb olur. İş- işdən keçəndən sonra ümid məhkəməyə, yaxud da Mətbuat Şurasına müraciətə qalır. Məmurlar qeyri dəqiq informasiyaların yayılmasını istəmirlərsə, özlərinin mətbuatla işləyən adamlarının mətbuat işçilərinə açıqlığını təmin etməlidirlər. Hesab edirəm ki, məmurlar buna əməl etsələr, məhkəmə çəkişmələri və yaxud digər narazılıqlar, qeyri-dəqiq informasiyaların yayılması əhəmiyyətli dərəcədə azalacaq. Əgər onlar bunları istəmirlərsə, həqiqi yazıların, xəbərlərin yayılmasını istəyirlərsə, mətbuata açıq olmalıdırlar.”
Redaktor özünün üzləşdiyi bir faktı misal gətirərək bildirib ki, Dövlət Gömrük Komitəsi ilə bağlı redaksiyalarına hansısa bir xəbər daxil olub: “Mən hesab edirəm ki, bu xəbər getməlidir. 20 ilə yaxın jurnalistika sahəsində iş təcrübəsi olan bir şəxs kimi mən indiyə qədər Dövlət Gömrük Komitəsinin mətbuat xidmətilə danışmağa nail ola bilməmişəm. Amma buna baxmayaraq mətbuata açıq olan məmurlar da var. Bu adamları mətbuatda işləyən hər bir şəxs tanıyır”.