Qarabağın giriş qapısı sayılan Ağdam Azərbaycana saysız-hesabsız şəxsiyyətlər bəxş edib. Bu şəxsiyyətlər içərisində din xadimlərinin də öz yeri və çəkisi vardır. Qeyd edək ki, onlar din xadimi kimi yetişsələr də, bir neçə dilə sahiblənmiş mükəmməl biliyə malik olmuşlar. Təəssüf ki, bu şəxsiyyətlərin böyük bir qismi haqqında bu gün hər hansı bilgimiz yoxdur. Olan məlumatlar isə çox səhih və bəzən yazılanlar faktlara söykənmir…
Belə şəxsiyyətlərdən biri də Mirzə Saleh Axundovdur. Bir məqamı qeyd edək ki, Quzanlı kəndindən Molla Mehdi Həsənov, Molla Məmmədalı və Mirzə Saleh Axundov kimi hərtərəfli biliyə malik şəxsiyyətlər çıxmışdır. Onlar bir-biriylə qohum olmaqla yanaşı, savad və intellektual səviyyə baxımından çox fərqli insanlar olmuşlar.
Quzanlı rəiyyət (sərbəst kəndli) kəndi olduğundan kənd sakinlərinin Təbriz kimi siyasi, dini və iqtisadi mərkəzdə təhsil almaları heç də asan başa gəlməmişdır. Həmin illərdə formalaşan fikrə əsasən kəndin ətrafında məskunlaşan bəylərin də ayırdığı maliyyə vəsaitiylə təhsil alan hər üç şəxs öz vətəninin layiqli övladı kimi yetişmişlər.
Mirzə Saleh Axundov 1871-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olmuşdur. İlk təhsilini atası molla Məmmədalından alan Saleh, sonradan ailənin yaxın dostu hesab edilən Hindarxlı Molla Hüseynin məktəbində təhsilini davam etdirmişdir. Qeyd edək ki, atası molla Məmmədalı dövrünün savadlı din xadimi kimi ətraf yaşayış məntələqlərində də geniş nüfuza malik idi. Yaxın dostu Molla Mehdi ilə birlikdə təhsilini Təbriz Ali Dini məktəbdə almışdır. Molla Mehdi Şuşa Seminariyasına müəllim təyin edildikdən sonra məhz onun zamənətiylə bacısının əri Molla Məmmədalı Quzanlı və ətraf kəndlərin axundu vəzifəsinə təyin edilir. Təbriz Ali Dini məktəbdə təhsil alan Mirzə Saleh haqqında müəyyən bigiləri onun yazdığı “Yeni türk dili sözlüyü” kitabından almaq olar. Əlyazma şəklində olan kitab hazırda Əlyazmalar İnstitutunda mühafizə olunur. Yeddi cilddlik, hər biri 300 səhifəlik olmaqla, çox səliqəli şəkildə bu günümüzə qədər gəlib çatan kitabın girişində müəllif həmin tədqiqat üzərində beş il çalışdığnı, 1924-cü ildə başladığını və 1929-cu ildə bitirdiyini qeyd etmişdir. Yeddi cildlik əlyazmada on səkkiz min sözün açılışı verilmişdir. Hər bir sözün hansı məna daşıdığı və hansı dildən keçdiyi əsaslandırılmışdır. Maraqlı faktda bir də ondadır ki, bu təqdiqata yüzlərcə şəkil daxil edilmişdir. Müəllifin özünündə qeyd etdiyi kimi, şəkillərin verilməsi sözlərin açılışının oxucu tərəfindən tez qavranması üçün edilmişdir. Müəllif şəkilləri çox sadə, həmdə sözün məna çalarına uyğun çəkmişdir. Bu gün həmin sözlərin bir çoxu unudulmaqdadır. Diqqətlə əsəri təhlil etsək, onun bu gün nə qədər böyük əhəmiyyət daşıdığını görmək olar. Latın qrafikasında yazılan tədqiqat dilçilik sahəsndə ilk izahlı lüğət hesab olunur.
Çox boyük intellekt sahibi olan Mirzə Saleh dilçi olmaqla yanaşı, həm də həkim idi. Maraqlıdır ki, ətraf kəndlərdə bu gün onu daha çox həkim kimi xatırlayırlar. Və hətta məzar daşının üzərində də “Bu məzar həkim Mirzə Saleh Molla Məmmədalı oğlu Axundova məxsusdur” yazılıb. Onun atası Molla Məmmədalının Quzanlının mərkəzində, “Kommunist” tirəsi deyilən əraziyə yaxın olan adsız təpədə inşa etdirdiyi ikimərtəbəli evdə kənddə ilk tibb məntəqəsi açması da fakt olaraq qalır. Birinci mərtəbədəki otaqların birində tibb məntəqəsi uzun müddət fəaliyyət göstərmiş və onlarca şəxsə yenidən həyat vermişdir. Bu gün Mirzə Salehin həmkəndlilərinə göstərdiyi xidmətlər haqqında çox saylı rəvayətlər danışılır.
Həmin binaya bitişik kiçik bir otaqda qardaşı Süleyman kənddə ilk əczaxana açmışdır. Mirzə Salehin reseptlərinə uyğun olaraq dərmanlar, müxtəlif məhləmlər hazırlanır, xəstələrə çox cüzi qiymətə satılarmış. Bu gün ücün təəcüblü olan birdə odur ki, Mirzə Saleh xəstələrin sağaldıqdan sonra ona gətirdiyi pay-pürüşü kasıb-kusuba paylayırmış…
Araşdırmalar göstərir ki, Mirzə Saleh tibbə marağı Təbrizdə dini təhsil alarkən yaranır. Və bu maraq onu Tehrana gətirir. Tehranda fransızların açdığı tibb məktəbinə daxil olan Mirzə Saleh dörd il təhsil aldıqdan, bir xeyli təcrübə qazandıqdan sonra vətəninə qayıdır. Burada bir məqama diqqət yetirək. Belə ki, onun tibb təhsilinin bəzi mənbələr Təbriz də, bəziləri isə Tehranda aldığı qeyd olunur. Bizim bu istiqamətdə apardığımız araşdırmalar göstərir ki, bu şəhərin Tehran olması daha çox həqiqətə uyğun gəlir. Belə ki, Mirzə Salehin birinci nigahlı xanımının fars olması bu fikri təsdiqləyir. Söylənilənlərə görə, İrandan gələndə Mirzə Saleh özüylə bir fars dilli xanımla gəlmişdir.
Bir faktı da əlavə edək ki, ikimərtəbəli dörd gözdən ibarət olan mülkü atası Molla Məmmədalı tərəfindən inşa edilmişdir. Qayınatası İsgəndər kişinin ona pay verdiyi torpaqda qızıl pula aldığı kərpiclə inşa etdirilən binanın bir otağında sovet hokuməti illərində “Kommunist” kolxozunun idarə heyəti çalışmışdır. Mirzə Salehin anası Xədicənin daha iki bacısı Fatma və Ümbülbanuda onlara qonşu idilər. İsgəndər kişinin atasının adı Həsən olduğu deyilir. Və o nəslin soyadınında Həsənov olması məhz ulu babasının adı bağlıdır. Əlavə edək ki, Mirzə Salehin üçüncü evliliyindən Yəhya adlı oğlu dünyaya gəlmişdi…
Mirzə Saleh 1952-ci ilin yanvar ayının beşində dünyasını dəyişmişdir.
Bir neçə dil bilən Mirzə Salehin şeir yazması haqqında məlumatlar olsa da şeir nümunələrindən bu günə kimi gəlib çatmamışdır.
Sonda bir maraqlı məqama da diqqət yetirək. Müəllif izahlı lügətin məhz türk dili adlandırması da təsadüfi deyildir. Bundan əlavə represiya illərində bu kitabın gizlədilərək üzə çıxarılmaması müəllifi yüz faizlik ölümdən qurtamış oldu. Nəticə etibariylə təxminən doxsan il əvvəl yazılmış lügət bu gündə əhəmiyyətini itirməmişdir. Odur ki, “Yeni türk dili sözlüyü” kitabının nəşrinin dövlət səviyyəsində həyata keçirilməsinə ehtiyac vardır. İnanırıq dilçi alimlərin rəyləri ilə samballı tədqiqat yaxın illərdə oxucuların ixtiyarına veriləcəkdir…
Beləliklə, fəaliyyətimizin əsas məqsədi gölgədə qalmış şəxsiyyətlər haqqında məlumatları toplamaqla, onların həyat və yaradıcılığı haqqında bilgiləri təhlil etməklə, oxucularımızın müzakirəsinə verməkdir. Keçmişimizi təhlil edib, onu lazımi səviyyədə gənc nəslə təblig etmək isə hər birimizin vəzifə borcu olmalıdır…