“Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama müvafiq olaraq, ölkəmizin Belarusdakı səfirliyi tərəfindən Minskdəki “Dostluq evi”ndə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bədii-musiqili tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Belarus Mədəniyyət Nazirliyinin Beynəlxalq Əlaqələr və İnformasiya Təminatı idarəsinin rəisi Viktoriya Ratabılskaya, XİN-in MDB ölkələri ilə ikitərəfli əməkdaşlıq idarəsinin rəisi Viktor Denisenko, Beynəlxalq Miqrasiya Təşkilatının Belarus üzrə rəhbəri Zeynal Hacıyev, Belarusda akkreditə olunmuş Tacikistan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Rumıniya, Liviya, Fələstin və Moldova səfirliklərinin nümayəndələri, Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin və Belarus Dövlət Universitetinin müəllim və tələbələri iştirak ediblər.
Tədbirdə çıxış edən Viktoriya Ratabılskaya Azərbaycanın Belarusdakı səfirliyi və Belarus Mədəniyyət Nazirliyinin mədəni əlaqələrin inkişaf etdirilməsi məqsədilə Minsk şəhərində İmadəddin Nəsiminin 650 illik yubiley tədbirinin keçirilməsinə dair razılığa gəldiklərini qeyd edib. Keçirilən yubiley tədbirinin iki ölkə arasında mövcud olan mədəni və tarixi əlaqələrin daha da güclənməsinə və hər iki xalqın daha da yaxınlaşmasına xidmət etdiyini söyləyib. İki ölkə arasında mədəni münasibətlərin bütün istiqamətlər üzrə inkişaf etməsi üçün hər iki ölkədə çoxlu sayda mədəni tədbirlərin keçirildiyini vurğulayıb.
V.Ratabılskaya İ.Nəsiminin yaradıcılığının bu gün də insanların mənəvi-əxlaqi cəhətdən kamilləşməsinə xidmət etdiyini bildirib. Əsrlərlə İ.Nəsiminin adı əyilməz iradə və öz inanclarına sadiqlik simvolu kimi yüksəldiyini qeyd edib.
Öz növbəsində səfir Lətif Qəndilov tədbir iştirakçılarını xüsusən də Belarus Mədəniyyət Nazirliyinin nümayəndələrini salamlayıb və tədbirdə iştirak etdiklərinə görə təşəkkürünü bildirib. O qeyd edib ki, keçən il Belarusda Hüseyn Cavidin 135 illiyinin bu il isə Nəsiminin 650 illik yubileyinin keçirilməsi iki ölkə arasında bütün sahələrdə olduğu kimi mədəni əlaqələrin də geniş əhatəli surətdə inkişaf etdiyinin və xalqlarımızın bir-birinin mədəniyyətinə böyük maraq göstərməsinin əyani sübutudur. L.Qəndilov İ.Nəsiminin yubiley tədbirinin keçirilməsinin əsas səbəbinin onun fəlsəfi fikirlərinin ümumbəşəri dəyərlərə söykənməsi ilə bağlı olduğunu önə çəkib. Allahın yaratdığı ən mükəmməl varlıq olan insanın bəşəriyyətin inkişafında yeri, rolu və mahiyyətinin öyrənilməsi elmi-fəlsəfi dairələr tərəfindən vacib hesab olub. İmadəddin Nəsimi də öz yaradıcılığını bu məsələlərin öyrənilməsinə həsr etdiyini söyləyib. Mütəfəkkir şairin yaradıcılığında insanın öz nəfsinin qulu olmamasını və həqiqəti tapmaq üçün nəfsi tərk etmənin vacibliyini, zahirdən uzaqlaşaraq batini tapmağın mümkünlüyünü tərənnüm etdiyini vurğulayıb. Səfir, həmçinin bildirib ki, Hürufilər əziyyətləri gizlədərək, comərdlik, zəriflik və təmizlik nümayiş etdirməyə çağırıblar. Hürufilərin Allahın sözünü tədqiq edərək, ona öz şərhlərini verdiklərini bildirib. Hürufilər söz, insan, göy, yer, ulduzlar və Kəbə arasında əlaqə axtardıqlarını qeyd edib.
Hürufilərin bütün dinlərə hörmətlə yanaşdığını və bu dinlərdən yararlanaraq bu prinsiplərə öz şərhlərini verdiklərini söyləyib. Hürufilər inanırdılar ki, yəhudilik, xristianlıq və İslam dinləri bir-birinin məntiqi davamıdır.
L.Qəndilov sonda müasir dünyada İ.Nəsiminin bir çox ideyalarının aktual olduğunu bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, Nəsimi səmavi kitabların, o cümlədən Quranın öyrənilməsi ilə Allaha qovuşmağın və yaradana layiq olmağın mümkün olacağını söyləyib.
Tədbirdə Belarus Milli Elmlər Akademiyasının Ədəbiyyatşünaslıq İnstitutunun kiçik elmi işçisi Tatyana Borisyuk və Belarus Dövlət Universitetinin Ölkəşünaslıq kafedrasının müəllimi Valeriya Leşenko İ.Nəsiminin həyat və yaradıcılığına dair məruzə ilə çıxış ediblər.
Tədbirin davamında Nəsimi filmindən fraqmentlər göstərilib. Tələbələr tərəfindən Nəsiminin lirik şeirlərindən yüksək ifaçılıq tərzi ilə parçalar oxunub və xüsusilə də “Sığmazam” qəzəli böyük maraq doğurub. Azərbaycan rəqsləri ifa olunub, “Sarı gəlin”, “Getmə getmə gəl” mahnıları səsləndirilib və alqışlarla qarşılanıb.
L.Qəndilov sonda bir daha səfirliyin dəvətini qəbul edərək tədbirə gəldiklərinə görə hər kəsə təşəkkürünü bildirib. Şərqin bəşəriyyətə çox böyük mütəfəkkirlər verdiyini və bu şəxslərin ölümü qəbul etmək bahasına olsa belə öz əqidələrindən geri dönmədiklərini söyləyib. Tarixdə bir çox mütəfəkkirlərin edam olunduğunu, lakin ən dəhşətli edama İmadəddin Nəsiminin məruz qaldığını vurğulayıb. Dəhşətli işgəncələrə məruz qalmasına baxmayaraq, Nəsimi öz ideyalarından geri çəkilməyib, ona görə də mərdlik və dönməzlik rəmzi olaraq daim xatırlandığını söyləyib.
Tədbir Belarusun sb.by, belta.by internet səhifələrində və “Belarus Sevodnya” qəzetində geniş işıqlandırılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk